Şriftin ölçüsü / 1727

Partiyalar arasında birliklər adətən ideoloji və təməl prinsiplər üzərində qurulmalıdır

10 Aprel 2019 [14:53]
Hakimiyyət və demokratiya uğrunda mübarizə bu savaşın kölgəsində qalıb

Azərbaycanda illərdir ki, dəfələrlə müxalifət partiyalarının birlikləri çətinliklə də olsa müəyyən formatlarda alınıb. Lakin o da məlumdur ki, bu birliklər uzun sürməyib və müsbət nəticələr vermədən dağılıb. Bir sözlə, ya birləşmək daim bir problem olaraq qalıb, ya da reallaşan birliklər dava-dalaşla dağılıb. Bu tendensiya son günlər daha sərt formada müşahidə edilir.

Ötən ilin sonları, bu ilin ilk üç ayında müxalifət düşərgəsində müşahidə olunan birləşmə meylləri çox keçmədi ki, qarşıdurmalarla, ayrılmalarla əvəzlənib. 20-dən yuxarı müxalifət partiyasının və bir qrup şəxsin yaratdığı Azərbaycan Xalq Hərəkatı daxilində bir həftədən artıqdır qarşıdurma gedir və faktiki olaraq AXH iki hissəyə bölünüb. Müxalifət cəbhəsində daha bir "müharibə ocağı” Milli Şura, AXCP-İlqar Məmmədovun sədrlik etdiyi Real Partiyası arasında başlanan qarşıdurmadır. Hər kəs özünü əsas, aparıcı müxalifət hesab edir. Müxalifət təşkilatları arasında müxalifətçilik uğrunda savaş demokratiya və hakimiyyətə gəlmək uğrunda mübarizəni sanki arxa plana keçirib.

Belə bir mənzərənin yaranmasının səbəbləri barədə danışan AĞ Partiyanın sədri, AXH-nin hazırkı dönəm sədri Tural Abbaslı bildirdi ki, Azərbaycan siyasi səhnəsində bu günə kimi müxtəlif tərkibdə və müxtəlif formatda müxalifət birlikləri və bloklarının yaranması faktdır. O da həqiqətdir ki, bu birlik və bloklar ya səssiz şəkildə, ya da qarşılıqlı ittiham və tənqidlərlə, hətta təhqirlərlə işinə xitam verib.

Prinsip etibarilə əslində burada qeyri-adi bir şey yoxdur. Dünyada da bu belədir ki, bloklar yaranır və dağılır. Sadəcə olaraq, bizim cəmiyyətdə "siyasi birlik” anlayışı məişətdəki "dostluq, qardaşlıq” anlayışı ilə qarışdırılır: "Həyatdakı ”dostluq və qardaşlıq" səmimiyyət, fədakarlıq, qarşılıqlı güvən və bu kimi başqa ülvi hisslər üzərində qurulduğu halda siyasətdəki "birliklər” maraqlar, hədəflər, ambisiyalar, qrup maraqları və sair kimi rasional yanaşmalar ətrafında baş tutur. Təbiidir ki, birliklər məsələsinə bu iki fərqli anlayışları qarışdıraraq yanaşdıqda heç də xoş olmayan təsvir meydana çıxır. Ancaq bunun çox sadə izahı var. Müxtəlif ideya və liderlər ətrafında toplaşmış siyasi partiyalar öz maraqları çərçivəsində bir-biriləri ilə birləşir, sonra isə başqa maraqlarının təsiri ilə də ayrılırlar. O da doğrudur ki, bu birliklər dağılanda köhnə müttəfiqlər maksimum diqqətli və korrekt olmağa çalışmalı, bir-birilərini ittiham etməməli, tənqiddə bəzi qırmızı xətləri keçməməli və sabah mümkün olası birliklər üçün belə demək mümkünsə, "ayaq yeri” qoymalıdırlar".

Müsahibimiz hesab edir ki, blok və birliklərin dağılma səbəbləri içərisində şəxsi ambisiyaları, ümumi dil tapılmamasını, qarşılıqlı dialoq və konsensus çatışmazlığını, hətta hakimiyyətin bu parçalanmada maraqlı olmasını da göstərmək olar: "Əslində bu belə də olmalıdır. Yəni bu proseslər təbiidir. Burada dünyaca məşhur ingilis siyasətçisi Çörçilin ”Britaniyanın daimi dostları yoxdur, daimi maraqları var" deyimi tam yerinə düşür. Nə qədər insan var, nə qədər müxtəlif ambisiya, müxtəlif maraqlar və hədəflər varsa, bu belə də olacaq. Siyasi partiyaların əsas işi nə olursa olsun insanları özünə inandırmaq və hədəflərə varmaq naminə cəmiyyətlə birlikdə hərəkət etməyə nail olmaqdır. Əslində bütün niyyət seçiciləri və vətəndaşları öz ideya və partiyanın ətrafında təşkilatlandıraraq uğura nail olmaq olmalıdır. Zatən bütün növ siyasi gedişlər və addımlar da buna hesablanır".

AMİP Siyasi Şura üzvü Əli Orucov da hesab edir ki, müxalifət partiyalarının zaman-zaman birləşmələri, müxtəlif kombinasiyalı birliklər və bloklar yaratmaları siyasi uyğunluqdur. Siyasətdə də əbədi heç nə olmur. Atılan addımlar da bəlli zamanlarda və uyğun maraqlara hesablanır. Lakin burada müəyyən səhvlərin olması da etiraf edilməlidir: "Çünki bu səhvlər təhlil edilib aradan qaldırılmayanda təkrarlanır və ümumi fəaliyyətə zərər vurur. O səhvlər ondan ibarətdir ki, partiyalar arasında birliklər adətən ideoloji və təməl prinsiplər üzərində qurulmalıdır. Lakin Azərbaycanda bu tələbə əhəmiyyət verilmir, təsnifatlar nəzərə alınmır-sağdır, soldur, mərkəzçidir və sair nəzərə alınmır. Birləşmələr baş verərkən partiyaların yerli təşkilatlarının fikirləri nəzərə alınmır və məsələ daxili süzgəcdən yarımçıq keçirilir. Əsasən liderlərim mövqeyi həlledici olur. İnteqrasiya prosesi ləng gedir, bəzən blok və birliklər çox qısa zamanda yaranır və uzaq hədəflərə hesablanmır. Bu halı seçkilər öncəsi dəfələrlə müşahidə etmişik. Qarşılıqlı inam və etibar o qədər zəif olur ki, hər hansı bir şübhə ciddi fəsadlara yol açır. Bunlar müxalifət partiyalarının yanlışlıqları üzündən olanlardır”.

Ə.Orucov qeyd etdi ki, müxalifətçilərin birliklərinin uzun sürməməsində iqtidarın da təsirli rolu var.