Şriftin ölçüsü / 520

Müxalifət düşərgəsinin özündə də ciddi islahatlara zərurət var

25 Aprel 2019 [15:25]
Azərbaycan müxalifəti son 26 ildə bir araya gəlib, tez dalaşıb, gec barışması ilə yaddaşlarda qalır. Bunu yaradılan birliklər və blokların taleyinə nəzər saldıqda görmək mümkündür. Bir qurum ətrafında birləşən müxalif qüvvələr çox qısa zamandan sonra içərilərindən xain, satqın axtarışına çıxırlar, bir-birilərini xəyanətdə suçlayırlar.

Nəticədə yaradılan birliklərin ömrü bir neçə ay, ən yaxşı halda 1 il çəkir. Sonradan sadəcə adları kağız üzərində qalır. İndiyə qədər bu taleyi yaşayan bir neçə birliyin adını çəkə bilərik, SİDSUH, Demokratik Konqres, MKM, "Bizim Azərbaycan”, "Azadlıq”, "ATA” və "YES” blokları, Milli Şura və s.

Doğrudur, hazırda Milli Şura AXCP-nin forpostu kimi qalır, amma faktiki olaraq bu qurumda birləşən təşkilatın əksəri oradan çıxıb gedib.
Son olaraq yaranan Azərbaycan Xalq Hərəkatı da artıq parçalanıb. Hərəkat faktiki birlik formasında cəmi 5 ay yaşadı. Yaxın 1-2 ayda AXH adının ya tarix olacağı, ya adlar üzərində qalacağı, ya da tamamən zəifləyəci aydın görünür.

Demokratik düşərgənin birlikdən, barışıqdan daha çox savaşa meylli olması, bir-birinə damğalar vurması haqlı suallar yaratmaqla yanaşı, həm də təəssüf doğurur.

AMİP Siyasi Şurasının üzvü Əli Orucov müxalifət daxilindəki bu cür halların nədən baş verməsinin səbəblərini sadaladı: "Müxalifət deyəndə bu düşərgəyə də fərqli və spesifik yanaşma tələb edir. Çünki bu cəbhədə dava-dalaşa, intriqalara meylli qüvvələrlə, siyasi mübarizəsi və hədəfi bəlli olan qüvvələri ayırd etmək lazım gəlir. Bəziləri elə düşünür ki, eyni düşərgədə olan rəqibini, düşərgə mənsubunu zəiflədib sıradan çıxarmaqla öz gücünə güc qatacaq. Təəssüflər olsun ki, hətta eyni ideyanı, eyni siyasi liderlərin baxışlarını daşıdığını elan elən edən siyasi qüvvələr də bir-birlərinə qarşı münasibəti etik çərçivələri də aşır. Zaman-zaman qarşılıqlı ittihamlar, ağılagəlməz suçlamalar təbii ki, cəmiyyət tərəfindən də xoş qarşılanmayıb və ümumilikdə bu hallar bütün müxalif düşərgənin nüfuzunu imicini zədələyib. Konkret olaraq AMİP həmişə müxalifət daxili proseslərə və münasibətlərə həssas və ölçülü-biçili yanaşıb. Həm də ona görə ki, biz hər cür intriqalardan, çəkişmələrdən uzaq durmağa çalışırıq. Doğrudur, bəzən bizə qarşı da təxribat və təhrikçilik edilir. AXH adlı qurum yarananda da AMİP bu hərəkata qatılmadı. Elə ilk gündən müstəqil siyasi kursumuza sadiqliyimiz qoruduq. Fikrimcə birlik və bloklar yarananda bir növ kortəbiiliyə, tələskənliyə yol verilir. İttifaqda olunacaq siyasilər yaxud da siyasi qüvvələr, götürək şəxslər olsun təhlil edilmir. Fəaliyyət qabiliyyətləri, siyasi hazırlıqları və baxışları, görə biləcəkləri iş, verə biləcəkləri fayda və s. nəzərə alınmır. Ona görə də görürsən ki, təsadüfi adamlar, yaxud aidiyyatı olmayan siyasi qüvvələr araya girir və dağıdıcılıqla məşğul olur. Birliklər və bloklaşmalar da kövrək olduğundan tez də dağılır. Bu isə iqtidarın əks-təbliğatına, müxalifətin gözdən-könüldən salınmasına, cəmiyyətdəki mübarizə ruhunun sıradan çıxarılmasına göydən düşmə fürsət verir. Siyasətçi bir peşədir. Təəssüflər olsun ki, bu peşə ilə professional məşğul olan siyasətçilərimiz azdır. Azərbaycanda siyasətçi adına elə insanlar iddia edir, özünü cəmiyyətə göstərməyə çalışırlar ki, bütün bunlar siyasətə və siyasətçiyə cəmiyyətdə rişxənd, yaxud qeyri-ciddi münasibət formalaşdırır. AXH-nin daxilində baş verənləri şərh etməyi etik cəhətdən düzgün saymasam da, bu qurumun təməlinin qoyulmasında ciddi yanlışlıqlara və tələskənliyə yol verildiyi qənaətindəyəm. Həm də açığı orda bəzi simaların müsbət mənada nəsə görə biləcəyinə əsaslı şübhələrim vardı. Fikrimcə, müxalifət köhnə səhvlərini dərindən təhlil edib bunları düzətməlidir. Əks halda heç nə dəyişməyəcək. Səbəblər çoxdur”.

AMİP SŞ üzvü qeyd etdi ki, ilk növbədə, müxalifət düşərgəsi ölkədəki siyasi təsisatların və vətəndaş cəmiyyətinin mövcud ağır durumunu fərq edərək partiyaların və çoxpartiyalı siyasi sistemin güclənməsinə birgə çalışmalıdır: "Seçki institutlarına və seçkili qurumlara inamın artırılmasına və bunların bərpasına çalışmalıdır. Çünki bunlardan kənar nə siyasi partiyaların, o cümlədən, müxalifətin, ən başlıcası isə dövlətin gələcəyi görünmür. Resursların və mühitin məhdud olduğu indiki halda müxalifət düşərgəsi bu halı ilə ölkədə ciddi dəyişiklərə, nəyəsə nail ola biləcəyinə gücünün çatıb-çatmayacağını bir daha dərindən düşünməlidir. Bütün bunlara baxmayaraq pessimist də deyiləm. İnanıram ki, müxalifət daxili münasibətlər də sağlam rəqabətə, əməkdaşlığa, qarşılıqlı hörmətə, inama və maraqların təmininə əsaslanaraq normal məcraya yönələcək. Qısacası müxalifət düşərgəsinin özündə də ciddi islahatlara zərurət var”."Yeni Müsavat”