Şriftin ölçüsü / 267

Vasitəçilər sülh əldə olunmasında səmimi deyillər.

08 May 2019 [14:56]
Ermənistanın Baş naziri Nikol Paşinyanın işğal altında olan Dağlıq Qarabağa qanunsuz səfər edəcəyi gözlənir. Belə ki, sözügedən qanunsuz səfərdə 3 məqsəd var.

Mayın 9-da hazırkı Baş nazir Şuşanın "azad edilməsi”nin 27-ci ildönümü ilə bağlı tədbirlərə qatılacaq. Həmçinin, Böyük Vətən Müharibəsinin başa çatması ilə bağlı keçirilən tədbirlərdə iştirak edəcək. Ən nəhayət, Paşinyan "Artsax ordusu”nun yaradılması ilə bağlı tədbirdə iştirak edəcək.

Bütün bunlar açıq-aşkar dövlətin suverenliyinin, sərhədinin başqa bir dövlət başçısı tərəfindən pozulacağı deməkdir. Hansı ki, Paşinyan və ondan əvvəl Ermənistana rəhbərlik edənlər dəfələrlə buna yol veriblər. Həyasızlığın dərəcəsinə bax ki, indidən Ermənistan tərəfi bunu bəyan edir. Bildirirlər ki, sözügedən qanunsuz səfərdə 3 mühüm tədbir qeyd olunacaq. Ən qəribəsi odur ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyan beynəlxalq birlik buna seyrçi mövqedən yanaşır. Xüsusən də ATƏT-in Minsk Qrupu. ATƏT-in Minsk Qrupu, digər beynəlxalq qurumlar buna reaksiya vermirlər. Hansı ki, vasitəçilik missiyasını yerinə yetirən bu təşkilat buna reaksiya verməli idi. Ən azından, Ermənistana xatırlatmalı idi ki, belə səfərlər sülh danışıqlarına zərər vuracaq. Ancaq bunların heç biri yoxdur. Ekspertlər beynəlxalq qurumların Paşinyanın gözlənilən qanunsuz səfərinə biganə münasibət sərgiləmələrini necə dəyərləndirirlər?

Əli Orucov: "Xüsusən də ATƏT-in Minsk Qrupunun bunu görməzdən gəlməsi heç bir məntiqə sığmır”

Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucovun sözlərinə görə, bu onu göstərir ki, beynəlxalq qurumlar münaqişənin həllində maraqlı deyil: "Xüsusən də ATƏT-in Minsk Qrupunun bunu görməzdən gəlməsi heç bir məntiqə sığmır. Baxmayaraq ki, onlar bu məsələyə reaksiya verməyə borclu idilər. Ancaq təəssüf ki, bu baş vermədi. Məlum olan odur ki, ATƏT-in Minsk Qrupu münaqişənin həllində maraqlı deyil. Onların məqsədi ancaq ondan ibarətdir ki, Dağlıq Qarabağda müharibə yenidən alovlanmasın. Vasitəçilər sülh əldə olunmasında səmimi deyillər. Bu səbəbdən indiyə qədər heç bir həmsədr dövlət Paşinyana demir ki, bu nə hoqqadır. Beynəlxalq birliyin biganəliyi üzündən 30 ilə yaxındır problem həllini tapmır”./Bakı xəbər/


Millət