Şriftin ölçüsü / 911

Çin türkdilli ölkələrlə əlaqələrin inkişafında daha çox maraqlıdır

17 May 2019 [18:09]
Məlum olduğu kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan Çində ikigünlük işgüzar səfərdə olub. Ermənistanın Baş naziri Çinə etdiyi səfər çərçivəsində həmin ölkənin Prezidenti ilə görüşüb. Görüşdə Ermənistan-Çin münasibətlərinin gələcək inkişaf perspektivləri müzakirə edilib.

Paşinyan öz "Facebook” səhifəsində yazıb ki, Çin rəsmiləri onu olduqca böyük qonaqpərvərliklə qarşılayıblar və hətta o bundan şoka düşüb.

Erməni mətbuatı yazır ki, guya iki ölkə başçısının görüşündə Çin Prezidenti qondarma "erməni soyqırımı” məsələsinə toxunub. Ancaq, əslində, Çin dövlət başçısı bununla bağlı açıqlamasında soyqırım ifadəsini işlətməyib: "Ermənistanın tarixində əhəmiyyətli hadisələri bilirik. Biz erməni xalqının həyatında baş vermiş faciəli hadisələrin gələcəkdə təkrarlanmamasına əminik”.

Bundan bərk sevinən erməni tərəfi sözügedən açıqlamanı guya Çinin qondarma "soyqırımı” tanımağa hazırlaşması kimi təqdim etməyə çalışıb. Erməni tərəfi bunu həm də onunla əsaslandırmağa çalışıb ki, guya Ermənistan bölgədə Çin üçün xüsusi strateji əhəmiyyət kəsb edir.

O da məlumdur ki, uyğur türkləri ilə bağlı Çinlə Türkiyə arasında müəyyən fikir ayrılıqları var. Bu baxımdan, Çin dövlət başçısının məlum açıqlaması daha çox Türkiyəyə sətiraltı mesaj verməsinə bənzəyir. Yəni bu o demək deyil ki, Çin qondarma "soyqırımı” tanımaq istəyindədir.

Bütün hallarda, rəsmi Pekin qondarma "erməni soyqırımı”nı tanıya bilərmi?

Əli Orucov: "Ermənilərin bu yöndə gözləntiləri bir nəticə verməz”

Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucov Çinin belə bir addım atacağını istisna etdi: "Düzdür, ermənilər hər fürsətdən istifadə edirlər ki, özlərinin məkrli planlarına dəstək qazansınlar və bunu həyata keçirsinlər. Ona görə də səfər etdikləri ölkələrdə öz ambisiyalarını qabardırlar. Bunu özləri üçün bir fürsət hesab edirlər. Paşinyandan qabaq Prezident İlham Əliyevin Çində böyük bir tədbirdə iştirakı oldu. Çin-Azərbaycan əlaqələrinin inkişafı ilə bağlı bir sıra sazişlər imzalandı. Təbii ki, dünyada böyük dövlət olan Çinlə Azərbaycanın əməkdaşlığının belə genişlənməsi Ermənistanı təşvişə salır. Ona görə də Ermənistan Baş naziri tələm-tələsik Çinə səfər etdi. Bütün hallarda, düşünmürəm ki, Çin qondarma "erməni soqırımı”nın tanınması ilə bağlı hər hansı bir addım atsın. Çinki Çin bu mənada bir qədər fərqli mövqedədir. Nəzərə almaq lazımdır ki, Çin bır qədər qapalı ölkə olduğuna görə belə məsələlərə o qədər də qarışmır. Çin Türk dünyası ilə fərqli münasibətlərə malik olsa da, bu kimi həssas məsələlərdə ermənilərin xoşuna gəlmək üçün addımlar atmaz. Ona görə də ermənilərin bu yöndə gözləntiləri bir nəticə verməz. Paşinyan səfər zamanı başladı şikayət etməyə ki, bəs bu ölkəni Türkiyə ilə Azərbaycan blokadaya alıb. Bu səbəbdən Ermənistan beynəlxalq kommunikasiya xətlərindən kənarda qalıb. Ancaq onun bu şikayətinə Çin tərəfi heç bir reaksiya vermədi. Bu baxımdan da düşünürəm ki, Çin türkdilli ölkələrlə əlaqələrin inkişafında daha çox maraqlıdır. Həyata keçirilən bir sıra meqalayihələr də bunu deməyə əsas verir. Ona görə də ermənilərin qondarma "soyqırım”la bağlı Çindən gözləntiləri əbəsdir”.


Millət