Şriftin ölçüsü / 522

AXC hakimiyyəti daxilində hansı söhbətlər oldu, nə etdilər, nəyə razılaşdılar, bilmirəm

20 Iyun 2019 [14:34]
26 il öncə bu günlərdə xalq arasında müzakirə olunan əsas məsələ Azərbaycanın ikinci Prezidenti Əbülfəz Elçibəyin iyunun 17-ə keçən gecə gözlənilmədən Naxçıvana- doğma kəndi Kələkiyə getməsi idi. Necə oldu ki, 1988-ci ildən bəri xalqın xeyli hissəsi arasında böyük nüfuz qazanmış, tam demokratik yolla Prezident seçildiyi deyilən bir lider cəmi bir il hakimiyyət başında olduqdan sonra vətəndaşlara heç bir müraciət etmədən postunu tərk edib kəndinə yollandı? O gündən bu günə həmin olayın müəmmasına tam, rəsmi aydınlıq gətirilməyib. Necə deyərlər, hərənin ağzı bir avaz çalır...

Bu sətirlərin müəllifi 1994-cü ilin avqustunda Kələkidə mərhum eks-prezidentlə jurnalist kimi geniş söhbəti zamanı bir il öncə Prezident postunu qəflətən tərk edib doğma kəndinə getməsinin səbəbini soruşanda Əbülfəz bəy "Əgər mən Prezident kimi Bakıda qalsaydım, ölkədə vətəndaş müharibəsi baş verəcəkdi” cavabını vermişdi...

1988-ci ildən bəri hərəkat və AXC lideri kimi Elçibəyin ilk silahdaşlarından olan keçmiş AMİP sədri Etibar Məmmədov sabiq prezidentin Kələkiyə getməyəcəyi təqdirdə vətəndaş müharibəsi olacağı fikri ilə bağlı Moderator.az-a açıqlamasında bunları söyləyib:

"Mən bu fikrə ciddi yanaşmıram. Nə vətəndaş müharibəsi?.. Prezidentsiniz, xalq sizi seçib və öz taleyini, dövləti sizə əmanət edib. Sizin borcunuzdur ki, oturub yerinizdə vəzifənizi icra edəsiniz. Sizin təhlükəsizliyinizi xalq təmin etməli deyil. Əksinə, sizin borcunuzdur ki, xalqın təhlükəsizliyini təmin edəsiniz və siz buna and içmisiniz. Və o zaman vətəndaş müharibəsi ehtimalı yox idi. Sadəcə, o dövrdə AXC hakimiyyəti daxilində hansı söhbətlər oldu, nə etdilər, nəyə razılaşdılar, bilmirəm... Və belə məlumat da yayılıb ki, guya o vaxt Elçibəyə sui-qəsd ehtimalı olub. Bunu neçə ildi eks-prezidentin köməkçiləri də deyir. Guya onu öldürə bilərdilər... Nə olsun, yeri gəlsə, Prezidenti öldürərlər də. Dövlətin, ölkənin başında duran başçı, prezident dövlətçilik yolunda ölməyə hazır olmalıdır. Ancaq postunu tərk etməməlidir...”

Keçmiş hərəkatçı Elçibəyin Kələkiyə gedişindən sonra dəfələrlə onunla telefonla danışıb geri- Prezident postuna qayıtması barədə təkid etdiyini də bildirib:

"Əbülfəz bəy Kələkiyə gedəndən sonra dəfələrlə onunla telefonla danışıb təkid etmişəm ki, qayıtsın, gəlsin postunun başına, vəzifələrinin icrasıyla məşğul olsun. O, təhlükəsizlik məsələsini irəli sürəndə dedim ki, mən də iştirak edərəm sizin təhlükəsizliyinizin təmin olunmasında. Ancaq Prezident kimi gəlib yerinizdə oturmalısınız. Amma Elçibəy gəlmədi... Və dövləti başlı-başına buraxmaq olmaz... Ona görə də səlahiyyətlər kiməsə verilməli idi. Həmin təşəbbüslə də mən çıxış etmişəm. Və fərqi yox idi, kim idi o zaman Ali Sovetin sədri... Kim olursa-olsun, səlahiyyətlər müvəqqəti də olsa, qanuni şəkildə icra olunmalıdır...”