Şriftin ölçüsü / 561

Qanla alınan torpaq heç vaxt dinc yolla geri qayıtmır

25 Iyun 2019 [09:49]
Modern.az saytında "Qarabağ söhbəti” layihəsini davam edir. Budəfəki həmsöhbətimiz Azərbaycan Milli İstiqlal Partiyasının qurucusu və lideri Etibar Məmmədovdur. Onunla müsahibəni təqdim edirik:


- Etibar müəllim, öncə Qarabağ münaqişəsinin tarixinə nəzər salaq. Ermənilər tarix boyu Azərbaycana qarşı torpaq iddialarında olub, soyqırımıları törədiblər - bunlar öz yerində. 1988-ci ildə isə separatçı hərəkatın yeni mərhələsi başlandı. İlk sualımız belə olacaq: O zamankı Azərbaycan hakimiyyətinin Qarabağ münaqişəsinin yaranmasında hər hansı təqsiri var idimi?


- Hər kəsə məlumdur ki, Qarabağ münaqişəsi yenicə başlamayıb, uzun illərdir davam edən münaqişədir. Qarabağ məsələsi Rusiyanın Qafqazı işğal etdikdən sonra müsəlman türkləri əlində saxlamaq üçün yaratdığı təhlükə ocağıdır.

XIX əsrin əvvəlində Rusiya ilə İran və Osmanlı arasındakı müharibələrdən sonra Qafqaza ermənilərin köçürülməsi başlayıb. Minlərlə erməni ailəsi İrəvan, Naxçıvan və Qarabağ ərazilərinə yerləşdirildi. Elə münaqişə ocaqları da həmin vaxtdan qəsdən formalaşdırıldı.

Sonralar həmin münaqişə mənbələrini Rusiya vaxtaşırı öz xeyrinə istifadə etməyə başladı. Əsrin əvvəlində də Naxçıvan, Bakı, Zəngəzur və s. ərazilərimizdə erməni-müsəlman davası adlandırılan toqquşmalar olub.

Birinci Dünya Müharibəsindən sonra müstəqil dövlətlərin yaranması fonunda Qafqazda dinc müsəlman əhaliyə, Qafqaz türklərinə, hətta türk olmayan əhaliyə qarşı belə, ermənilər tərəfindən kütləvi qırğınlar həyata keçirildi.

1920-ci illərdə qurulan Sovet hakimiyyətinin fəaliyyəti dövründə də münaqişə ocaqlarının yaranması özünü göstərirdi. SSRİ dağılandan sonra Rusiya müstəqil dövlətlərin ərazisində özünə xidmət edən münaqişə ocaqlarını saxlayıb. Əsrlər boyu Azərbaycanın ərazisini qonşu ölkələrə parçalayaraq, daraldıblar. Hətta daralmış ərazinin içərisində də təhlükə obyekti kimi Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdı.


- Sualımız isə bu idi ki, hadisələrin 1988-ci ildə yenidən başlamasında Azərbaycan hakimiyyətinin rolu var idimi?


- Mən də fikrimi buna gətirirəm. Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılandan sonra bir neçə dəfə bütün Qarabağı Ermənistana birləşdirməyə cəhd etdilər. Anastas Mikoyan və başqa tanınmış ermənilər Azərbaycana qarşı həmişə bu mövqedə olublar. Bir dəfə Mircəfər Bağırovun dövründə cəhd olub, baş tutmayıb. Heydər Əliyevin dövründə yenidən narazılıq qaldırdılar, yenə baş tutmadı. 1980-ci illərin ortalarında Mixail Qorbaçovun yumşalma siyasəti, "yenidənqurma” tətbiq etməsi fərqli məqamları ortaya çıxardı. İmkan verildi ki, öz fikirlərini desinlər. Ermənilər də buna tam hazırlıqlı idilər. Fürsətdən istifadə edib, Dağlıq Qarabağ məsələsini "demokratiya”, "insan hüquqları”, "millətlərin müqəddəratını təyin etməsi”, "hüquq məsələsi” kimi ortalığa atdılar. Onların yanaşmalarını Moskva da müdafiə edirdi, bunu təşkil edə bilmişdilər. Həmin dövrlərdə Azərbaycan rəhbərliyindəki şəxslər isə qorxaqlıq göstərir, müdafiə mövqeyi seçirdilər. Amma bu, bir qədər fərqli müdafiə idi. Rəhbərlik Azərbaycanı qorumaq üçün addım atmırdı, Moskvanın onları müdafiə edəcəyini düşünürdü. Halbuki, mərkəzdə ermənilərin mövqeyi azərbaycanlılardan qat-qat güclü idi. Nəticədə ermənilər özlərini bu prosesdə məzlum xalq kimi qələmə verməyi bacardılar.

Bütün SSRİ-də belə fikir yarandı ki, ermənilər Dağlıq Qarabağda təqib olunublar, hüquqları tapdanıb, Dağlıq Qarabağı Azərbaycandan alıb, Ermənistana vermək lazımdır. Azərbaycan rəhbərliyindəki şəxslər isə təsirin qarşısında tab gətirə bilmədilər. Azərbaycanın mövqeyini heç ictimaiyyətə çatdırmağa belə, gücləri çatmadı.


- O dövrdə ermənilərin "ziyalıları” – Silva Kaputikyan, Zori Balayan və digərləri bu məsələlərdə güclü mövqe nümayiş etdirirdi. Həmin dövrdəki Azərbaycan ziyalıları ilə ermənilərinkini necə müqayisə edərdiniz?


- Bizim ziyalıların əksəriyyətinin çıxışları, fikirləri Azərbaycandan kənara çıxmırdı. Yazıçılarımızın, şairlərimizin, ziyalılarımızın tanınma nisbəti ermənilərlə müqayisədə geridə idi. Düzdür, talantlı şair və yazıçılarımız, mütəfəkkirlərimiz Qarabağ haqqında fikirlərini səsləndirirdilər. Ancaq SSRİ və dünya miqyasında onları az tanıyırdılar deyə, sözlərinin kəsəri daha zəif idi. Bundan əlavə, hər ziyalının arxasında öz hökuməti durmalıdır. Necə ki, ermənilərin fikirlərini öz hökumətləri də müdafiə edirdi, Moskva da onların dayağı idi. Azərbaycan ziyalılarının isə arxasında hökumət durmadı. Ona görə, ziyalılarımızın mövqeyini əmin, güclü hesab etmirdilər. Sadəcə, həqiqətin tərəfdarı olduqları üçün güclü idilər.

Bütün bu proseslərin nəticəsində, çatışmazlıqlarımız ortaya çıxdı, təbliğat sahəsində ermənilərdən çox geri qaldıq. Onlar tək SSRİ miqyasında deyil, dünya miqyasında da özlərini haqlı kimi göstərə bilmişdilər. Təsadüfi deyil ki, Dağlıq Qarabağ məsələsi SSRİ-nin özündə deyil, akademik Abel Aqanbekyanın Parisdəki çıxışından başladı. Bu məsələ Fransada qaldırıldıqdan sonra Ermənistanın özündə və Moskvada məsələnin aktivləşməsi prosesi getdi.



- Bu sualı bir çox keçmiş diplomat və siyasətçilərə ünvanlamışıq. İstərdik ki, sizin də fikirlərinizi eşidək. 1988-ci ildə münaqişə başlayanda Etibar Məmmədov düşünürmüdü ki, torpaq itkisi ilə üzləşəcəyik?


- Proseslərin müharibəyə qədər gedib çıxacağını düşünmürdük. Ancaq təhlükəni hiss edirdik. Mən tarixçiyəm, əvvəlki dövrlərdə Azərbaycanın xəritəsinin nə cür daralmasının şahidi olmuşam. Çox ərazilərimiz Ermənistana, Gürcüstana, Rusiyaya verilib. Azərbaycan hökumətinin buna müqavimət göstərə bilmədiyi də məlum idi. Biz bilirdik ki, Dağlıq Qarabağda müqavimət olmasa, Moskvanın təkidi ilə Azərbaycan hökuməti bunu təsdiq etsə, Qarabağ Ermənistanın tabeliyinə verilə bilər. Ona görə müqavimət hərəkatı başladı ki, bu baş tutmasın. Azərbaycan hakimiyyətinin mövqeyi milli mənafe baxımından çox ziyanlı idi. Hamıya deyirdilər ki, susun, sizin əvəzinizə düşünürlər, hərəkət edirlər, məsələni sizin əvəzinizə həll edirlər, siz qarışmayın, işə qarışsanız mane olacaqsınız, hər şeyi korlayacaqsınız. Sonradan məlum oldu ki, işləri özləri korlayırlar. İndiyə qədər ona oxşar proseslər hələ də davam edir.


- Azərbaycan Xalq Cəbhəsi yarananda onun idarə heyətinin ilk üzvlərindən biri də siz idiniz. AXC-nin ilk proqramına Azərbaycanın müstəqilliyi haqqında müddəa daxil edilməmişdi. Sonradan müstəqillik məsələləsi gündəmə gəldi. Bu, Qarabağ problemimin ikinci plana keçməsinə səbəb olmadı ki?


- Siz dediyiniz kimi, AXC yarananda onun proqram və məqsədlərinin içərisində Azərbaycanın müstəqilliyi məsələsi yox idi. Bu baxımdan təsis konfransında mən də çıxış etmişəm və tələb etmişəm ki, Azərbaycanın müstəqilliyinin əldə edilməsi hədəf kimi AXC proqramına daxil edilsin. Təəssüf ki, mənim təklifim qəbul edilməyib. AXC rəhbərliyinin mövqeyi belə idi ki, müstəqillik məsələsinin proqrama daxil edilməsi hələ tezdir, buna sonra baxıla bilər. Bu məsələ birinci və ikinci proqramlarda olmayıb, Müstəqillik aktı qəbul olunana qədər də yer almadı. Amma proqramda yenidənqurmalar çərçivəsində dövlətin, iqtisadiyyatın inkişafı və s. məsələlər yer almışdı.

Siz deyirsiniz ki, sonradan müstəqillik uğrunda mübarizənin başlaması Qarabağ məsələsini ikinci plana keçirdi. Heç bir halda müstəqillik uğrunda mübarizə Qarabağ məsələsini ikinci plana keçirə bilməz. Müstəqillik ona görə tələb olunurdu ki, Azərbaycan müstəqil dövlət olmadıqca, öz ərazi və iqtisadi məsələlərini, digər problemlərini sərbəst həll edə bilməz. Tərkibinə daxil olduğumuz dövlətin mərkəzindən bu idarə olunur. Nəticədə Dağlıq Qarabağda xüsusi idarə komitələri yaratmışdılar. Arkadi Volskinin rəhbərliyi ilə Xüsusi Komitə yaradıldı, orada rus qoşunları yerləşdirildi. Onlar isə bir gün ermənilərin, bir gün də bizimkilərin tərəfini saxlayırdılar. Azərbaycan ya müstəqil dövlət olub, özü öz məsələlərini həll etməli idi, ya da bütün bunların həllini mərkəzin ixtiyarına buraxmalı idi. Amma təəssüf ki, sonradan hərəkatın içərisində müstəqillik məsələsi ortalığa çıxanda mərkəz Azərbaycanı cəzalandırmaq qərarına gəldi. 1990-cı il 20 Yanvarda Bakıda kütləvi qırğın törədildi. Bu isə azərbaycanlıları müstəqillik ideyalarından geri çəkindirmək əvəzinə mövqeyində daha da möhkəmləndirdi. Artıq SSRİ-nin dağılması labüd hesab olunurdu və bu baş verdi. SSRİ dağıldı, Azərbaycan isə müstəqilliyini bərpa etdi.


- AXC Qarabağla bağlı hədəfinə niyə tam çata bilmədi?


- Milli Azadlıq Hərəkatı başlayanda əsas məqsədlərdən biri bizim haqlı olduğumuzu dünya ictiamiyyətinə çatdırmaq, ən azı SSRİ miqyasında ictimailəşdirmək idi. Bu baxımdan bizim – Xalq Cəbhəsinin fəaliyyəti hökumətdən daha effektiv idi. Çünki hökumət rəsmi mətbuat orqanlarından çıxış edirdi, buna çox diqqət edən olmurdu. Xalq Cəbhəsi üzvləri isə qeyri-rəsmi mətbuat orqanlarından çıxışlar edirdilər, diqqət çəkə bilirdilər. Ona görə, heç bir maneçilik yox idi.


- Dediniz ki, tarixdə dəfələrlə ermənilər azərbaycanlılara hücum etmiş, soyqırımıları törətmişdilər. 1989-cu ildə hadisələrin yenidən başlaması, ermənilərin qarşısında çətinlik çəkməyimiz milli hakimiyyətin olmaması ilə əlaqədar idi?


- Əsas məsələ milli hakimiyyətin olmaması idi. Xalq yadından çıxarmasa da, beynindən silməyə çalışırdılar ki, böyük münaqişə olmayıb. Ancaq bu baş vermişdi. Mənim yaşlı valideynlərim 1918-ci il mart soyqırımılarını həmişə danışırdılar, ermənilərin vəhşiliklərini yaxşı bilirdilər. Halbuki, hadisələrin insanların yaddaşından silinməsi üçün yaxşı təbliğat gedirdi.

O dövrdə çıxan kitablara nəzər salsanız, ancaq erməni-Azərbaycan "qardaşlığı”ndan, xalqların dostluğundan və s. danışılırdı, təbliğat qurulurdu.

Azərbaycanın rəhbərliyində olan kadrlara da baxsanız görərsiniz ki, təxminən 90 faizinin ailəsi qarışıq idi. Erməni, rus, yəhudi qarışığı olan ailələrin övladlarını irəli çəkirdilər. İnternasional ailələr üçün avantajlar var idi, vəzifə, mənzillə təmin edilirdilər, şəraitlərini yaxşılaşdırmağa çalışırdılar. Bu cür addımların məqsədi keçmişi yaddaşlardan silmək idi. İndiki Şəhidlər Xiyabanı olan yerdə erməni qırğını nəticəsində həyatını itirmiş şəxslərin dəfn olunduğu Çəmbərəkənd qəbiristanlığı var idi. Orada Dağüstü parkı düzəltdilər, Kirovun heykəlini qoydular. Əyləncə mərkəzləri yaratmışdılar ki, qəbiristanlıq yaddaşlardan çıxsın. Amma tarix öz sözünü dedi, Çəmbərəkənd qəbiristanlığı park kimi qalmadı, yenidən Şəhidlər Xiyabanına çevrildi. Biz bu proseslərə daha az hazır idik. Ermənilərdə isə uzun müddət bizə qarşı nifrət yığılmışdı. Onlar azərbaycanlı adı çəkmirdilər, "türklər ermənilərə qarşı soyqırımı törədiblər” deyirdilər. Bizim müqavimətimizin aşağı olması hakimiyyətdəki milli olmayan qüvvələrin təbliğatınının nəticəsi idi. Həm də tək ermənilər deyil. Azərbaycan işğal olunandan sonra SSRİ qeyri-slavyan, qeyri-xristian xalqlara qarşı amansız siyasət yürüdürdü. Çar dövründə isə ermənilər də gürcülər də, Rusiya ordusuna çağırılırdılar.

Azərbaycanlıları isə hərbi xidmətə aparmırdılar. Hərbi mükəlləfiyyət tətbiq olunurdu, əsgərliyə getmək əvəzinə vergi verirdilər. İnsanlar sevinirdilər ki, bu daha yaxşıdır, pul verdim, övladım əsgər getmədi. Ona görə, Birinci Dünya Müharibəsi başlayanda ermənilərdən ibarət böyük hərbi dəstələr yaradıldı. Böyük hərbi qüvvəsi olan ermənilər 1918-ci ildə müharibədən peşəkar döyüşçü kimi qayıtdılar. Azərbaycanlıların isə nə silahı, nə də orduya rəhbərlik edə biləcək hərbi komandanları var idi. Nəticədə ermənilər bizə qarşı yenə soyqırımı törətdilər.

1970-ci illərdə Azərbaycan SSR-də hərbi məktəblər yaradılmağa başladı. Əvvəl - İkinci Dünya Müharibəsi zamanı milli diviziyalar yaradılmışdı. Nikita Xruşşovun dövründə onu da ləğv etdilər, azərbaycanlıları ancaq tikinti batalyonlarına aparırdılar ki, silah görməsinlər. Nəticədə Qarabağ müharibəsi başlayanda biz açıq şəkildə kadr çatışmazlığı ilə rastlaşdıq. Ermənilərlə müqayisədə ixtisaslaşmış hərbi kadrlarımız yox dərəcəsində idi. Düşmənin kütləvi zabit kadrları, generaliteti formalaşmışdı. Bizdə isə barmaqla sayılacaq qədər general olardı. Zabit kadrları da yeni ordunun qurulması üçün kifayət etmirdi.

- O zamanlar hərəkat iştirakçılarının tələb və təkidi ilə müdafiə naziri Valeh Bərşadlı vəzifədən uzaqlaşdırıldı. Səbəblərdən biri də bu idi ki, o, rusdillidir. Sizə elə gəlmir ki, cəmiyyətin də peşəkar kadrlara münasibətində qərəz olub?

- Valeh Bərşadlı Azərbaycanda yetişmiş ən görkəmli hərbi xadimlərdən biri olub. Ondan başqa da bizim generallarımız var idi, SSRİ miqyasında tanınırdılar. Ayaz Mütəllibovun dövründə yeni ordu quruculuğu başlayanda tək onları cəlb etməklə məsələ həll olunmadı. Sistem uyğunsuzluğu ortaya çıxdı. İstər Valeh Bərşadlı, istər Tofiq Ağahüseynov və başqaları olsun. Generallar SSRİ miqyasında olan hərbi sistemin nümayəndələri idilər. Onlar həmin hərbi sistemin içərisində hazır korpuslara idarəçilik etmişdilər. Azərbaycan ordusu yaradılanda isə ortada heç nə yox idi. Hər şey sıfırdan formalaşdırılırdı. Üstəlik vaxt çatmırdı, tez ordunu hazırlamağa çalışırdılar. Mənafe, fikir toqquşmaları baş verirdi. Bu isə rəhbərlikdə olanların təyin etdiyi kadrlarla cəmiyyət arasında uyum yaratmaq bacarığından asılı idi. Onlar həmin uyumu yarada bilmirdilər. Nəticədə müxtəlif hadisələrdə gah hansısa generalı, gah da hansısa polkovniki günahkar hesab edirdilər. Bu proses isə cəmiyyətdə yaxşı nəticələr vermirdi. Çox çətin dövr idi.

- Bəzən fikirlər səslənir ki, Ayaz Mütəllibov hakimiyyətdə qalsaydı, guya hər şey yaxşı olacaqdı. Düzdür, onun hakimiyyəti dövründə Xocalı, Qarakənd faciələri yaşandı. Bəs belə vəziyyətdə 1992-ci ilin 15 may hadisəsinin olması labüd idimi? Siz yeni gələn hakimiyyətin də bacarıqsızlıq nümayiş etdirəcəyini düşünmüşdünüzmü?

- Həmişə düşünürdüm ki, professionalları cəlb etməliyik, ümumi ideya istiqamətində toqquşmalar ola bilər, ancaq vahid fikrə gəlməyi bacarmalıyıq. Müharibə yenicə qızışan vaxtı 1991-ci ilin oktyabrından sonra Ayaz Mütəllibovun rəhbərlik etdiyi, Milli Məclisin qərarı ilə qurulmuş Müdafiə Şurasının üzvü oldum. Komitənin sədri isə Ayaz Mütəllibov idi. Həmin Şuranın fəaliyyəti yaxşı nəticələr verməyə başlamışdı. Təəssüf ki, bunu başqa cür qəbul edənlər tərəfindən aparılan təbliğat, Ayaz Mütəllibovun yanındakıların onu qorxutmaq üçün təbliğatı 1992-ci ilin yanvarında Müdafiə Komitəsinin ləğvi ilə nəticələndi. Nəticədə yeni yaradılmaqda olan strukturlar donaraq qaldı. Hər şeyi yenidən yaratmağa məcbur oldular. Halbuki, komitə bir-biri ilə ziddiyyətdə olan qüvvələrin birlikdə işləmək eksperimenti idi. Orada həm hakimiyyətdə, həm də hərəkatda olan nümayəndələr təmsil olunurdu. Məlum oldu ki, birlikdə işləmək mümkün imiş. Qısa dövrdə silah istehsalı ilə bağlı layihələr hazırlandı. Yeni yaradılan ordunun silah təchizatı ilə bağlı irəliləyişlər, şəxsi heyətin texnika, geyim, ərzaq təchizatı istiqamətində işlər görülməyə başlandı. Mən həmin silah təchizatının başında duran adamlardan biri idim. Ancaq sonradan eşitdim ki, deyirlər, guya Etibar özü üçün silahlı dəstələr yaradır.

- Biz də bu sualı verəcəkdik. Həqiqətən hər hansı silahlı dəstəniz olubmu?

- Onlar mənim silahlı dəstələrim deyildi. Mən silahın ölkəmizə gətirilməsini təşkil edirdim. Bircə silahı belə buradan götürüb, ora qoymamışdım. Hamısı hökumətin, rəsmi strukturların qərarı ilə hərbi hissələr arasında bölüşdürülürdü. Halbuki, ümumi fikir formalaşdırmağa çalışırdılar - silahı filankəs gətiribsə, deməli, hərbi hissə də onun nəzarətinə keçməyə başlayıb.

- Bəs Cəbhə hakimiyyəti zamanında sizi dəstəkləyən silahlı dəstələr vardımı?

- Mənə hörmət edən, mənim fikrimlə maraqlananlar olardı. Amma mən birbaşa hansısa silahlı dəstəni idarə etmək fikrinə düşməmişdim, bunun əleyhinə olmuşam. Ümumiyyətlə, siyasiləşdirilmiş hərbi strukturların yaradılmasını qəbul etmirəm. Ayaz Mütəllibovun hakimiyyəti dövründə rayonlarda batalyonlar yaradılırdı. Çünki hökumət xalqın müdafiəsini təşkil etmirdi. Xalq isə məcbur olub, özünü müdafiə etməyə çalışırdı. Nəticədə yerli müdafiə batalyonları yaradılırdı, onların əksəriyyəti Xalq Cəbhəsi və hərəkat iştirakçılarından ibarət idi. Ona görə, hakimiyyət üçün təhlükə yaradırdılar.

Mən düşünürdüm ki, bu batalyonların yerinə çevik, qanuni hərbi strukturlar yaradılmalıdır. Yəni hansısa rayon avtoritetinə tabe olan, əmrini yerinə yetirən yox, hərbi nizamnamə əsasında fəaliyyət göstərən, hərbi öhdəliyi olan strukturlar yaradılarsa, daha yaxşı olardı. Təəssüf ki, hökumət də müdafiəni təşkil etmirdi, batalyonların yaradılmasının da qarşısını almaq mümkün deyildi. Nəticədə həmin hərbi qüvvələrdən siyasətdə istifadə olunmağa başlandı. Təhdid vasitəsi kimi, hakimiyyətə gəlmək niyyətilə batalyonların gücündən istifadə edirdilər. Təəcüblüsü və qorxulusu o idi ki, hakimiyyətdə olanlar – hətta Ayaz Mütəllibovun tərəfdarları da qeyri-rəsmi şəkildə hərbi strukturları özlərinin müdafiəsi üçün istifadə edirdilər. Belə çıxdı ki, hər iki tərəfdə qanunsuz hərbi struktur var. Bu isə Azərbaycana heç bir fayda verə bilməzdi.

- Sosial şəbəkədə belə bir fikir paylaşılmışdı ki, guya Etibar Məmmədov 1992-ci ildə İsa Qəmbərə "elə eləməyin ki, Laçının necə verilməsi haqqında sirləri açıb, töküm” deyib. Belə hadisə olubmu?

- Xeyr. Bu, yalandır. Laçın məsələsi də, Şuşa məsələsi də hələ tam açılmamış olaraq qalır. Təəssüf ki, bizdə hərbi tarixşünaslıq inkişaf etməyib. Hərb tariximizi yazan tarixçilərimiz yoxdur. Hərbi əməliyyatlarımızın təhlili tam, obyektiv həyata keçirilmir. Halbuki, istənilən hökumətdə hər hansı hərbi uğur da, uğursuzluq da tam təhlil olunur. Bunların bəziləri hərbi məktəblərdə dərsliklərə salınır, öyrədilir. Bəziləri isə saxlanır ki, harada, hansı əməliyyatda nələr baş verib, aydın olsun. Ancaq həmin məsələlər sistemə salınmalıdır. Müharibə aparılıb, rayonlar, şəhərlər işğal olunub, amma bu hərbi hadisələrin tarixi yoxdur. Yaxşı olardı ki, hökumət hərb tarixini, hərbi əməliyyatları öyrənən ayrıca struktur yaratsın. Bu qapalı da ola bilər, tam açıq olmaya da bilər. İstənilən halda belə məsələlər öyrənilməlidir. Təəssüf ki, bizdə hələ də bu məqamlar diqqətə alınmayıb. Ona görə, Laçının, Şuşanın işğalı ilə əlaqədar detallar hələ də aydın deyil. Burada həm hərbi, həm siyasi səriştəsizlik, siyasi xəyanət , hərbi xəyanət məsələsi var. Hamı isə bir-birini boş sözlərlə ittiham etməklə məşğuldur.

- Dediyiniz hərbi və siyasi xəyanətlər nədir?

- Mən özüm rast gəldiyim bir şeyi deyim ki, həmin dövrdə müharibə bölgəsinə gedəndə qarşıma əsgərlər çıxmışdı. Şuşadan çıxmış əsgərlər idilər və biz Laçının girişində qarşılaşdıq. Onlardan təxminən 30-nun əlində arayış var idi, məzuniyyətə buraxılmışdılar. Komendantın imzası, möhürü, təsdiqi ilə mayın əvvəlinə hazırlanmış sənəd almışdılar. 30-dan çoxunu mən gətirib, prokurorluğa təhvil verdim. Bu açıq-aydın, xəyanət də olmasa, qaranlıq qalan məsələ idi. Həmin sənədlər təkcə mənim əlimə keçənlər idi. Görün, nə qədər başqa sənədlər də gizlədilib. O sənədlərdə kimin möhürü, imzası var idi, niyə əsgərləri hücuma 5-6 gün qalmış məzuniyyətə buraxmışdılar - bunlar sual altındadır.

Laçınla bağlı məqamlardan biri də maşın karvanlarının göndərilməsi idi. Məlum oldu ki, Laçını köçürmək üçün Nazirlər Kabinetinin hansısa qərarı ilə əhalini köçürmək üçün maşın karvanları göndərilib. Yenə qaranlıq qaldı, Nazirlər Kabineti niyə belə qərar verib, əhalini niyə köçürüb? Təbii ki, əhali arasında panika yaranması əsgərlərin də əhval-ruhiyyəsinə təsir edir. Mən şahidi olduğum bir neçə epizodu sizin diqqətinizə çatdırdım. Amma belə məqamlar çox idi. Bütün bunlar öyrənilməlidir. Siyasi konyuktura aydınlaşdırılmalıdır. Siyasi konyuktura belədir - bir hakimiyyət dəyişir, o birini ittiham etmək üçün ortaya iddialar atırlar. Əvvəlki hakimiyyət də özünü müdafiə üçün məqam axtarır, yeni hakimiyyətin üzərinə yıxmağa çalışır. Tarix siyasi konyukturadan kənar, professional şəxslər tərəfindən öyrənilməlidir. Bizim hərbçilər də nəticə çıxarmalıdırlar, xalqa cavab verilməlidir ki, nə baş verib. Yoxsa, boş sözlərlə hamı bir-birini xəyanətdə ittiham edəcək, hamı bir-birinə qarşı "sən filan yeri vermisən”, "o filan yeri verib” deyə fikirlər səsləndirəcək. İstənilən halda torpaqlarımızın nə vaxt qayıdacağı sualı açıq qalır. Torpaqlarımız özbaşına getməyib, onu işğal ediblər. Bizim vəzifəmiz isə rayonları işğaldan azad etməkdir. Necə işğal olunubsa, elə də geri qaytarılmalıdır. Torpaqlarımızın durduq yerə qayıtmasını gözləmək gülməlidir. Qanla alınan torpaq heç vaxt dinc yolla geri qayıtmır.

- Arxivlərdə araşdırılmış, amma ictimaiyyətə açıqlanmayan məsələlər, konkret sənədlər varmı? Bir də, arxivlərin açılması ilə təklifiniz nədir?

- Açıqlanmayan məsələlər çoxdur. Təəssüf ki, Azərbaycanda tarix elmi o qədər də yaxşı vəziyyətdə deyil. Konkret olaraq, bizim, Azərbaycanın Kommunist Partiyası Mərkəzi Komitəsində keçirilən bütün iclasların protokolları açıqlanmalıdır. Kim hansı təkliflə çıxış edib, hansı mövqedə olub, hansı qərarlar qəbul olunub – ictimaiyyət bilməlidir. 20 Yanvar hadisələri ilə bağlı açıqlanmağı gözləyən qaranlıq məqamlar kifayət qədərdir. Qoşun yeridiləndən sonra hansı iclas olub, qoşun yeridilməmişdən öncə hansı mövqedə olublar - bütün bunlar qapalıdır. Tarixçilərimiz də belə məsələləri araşdırmaqla məşğul olmalıdırlar. Onlar araşdırmadıqca, tarixi sənədlər gizlədildikcə, hamı bir-birinə böhtan atmaqla, şübhə yaratmaqla məşğul olur. Bütün bunlar xalqı ruh düşkünlüyünə gətirib çıxarır. Fikir formalaşır ki, onsuz da hamı satqındır, hamı xəyanətkardır, qorxaqdır, deməli, vuruşa bilmərik, nəticə əldə edə bilmərik, gərək arxamızda kimsə dayansın.

- "KQB” arxivlərinin açılması da lazımdırmı?

- Bunu hələ 1990-cı illərdə tələb etmişəm. Xalq Cəbhəsi hakimiyyətə gələndən sonra da məsələni Milli Məclisdə qaldırdım. Onların mövqeyi belə oldu ki, arxivlər açılsa, ölkədə vətəndaş müharibəsi olar. Amma mən düşünürəm, heç bir vətəndaş müharibəsi baş verməyəcəkdi. Arxivlər açılsa idi, hamı öz yerini bilərdi.

- Bu yaxınlarda keçmiş "qiyamçı polkovnik” Surət Hüseynovun səs yazısı yayıldı. O deyirdi ki, ikinci korpusa rəhbərlik edirdi, birinci korpus isə guya ermənilərlə hər hansı atəşkəs sazişi imzalamaq üçün danışıqlara cəlb olunmuşdu. Siz o dövrdə ana müxalifətdə idiniz. Belə bir məsələ var idi?

- Bu barədə məlumatım yoxdur. Amma səsyazısına mən də qulaq asmışam. Sadəcə, ona qarşı aparılan kampaniyadan narazılığını bildirir ki, müharibə aparılan dövrdə cəbhənin yerli hissəsində danışıqlar aparılıb ki, atəşkəslə bağlı razılıq əldə olunsun. Ancaq mən bilmirəm.

Ümumiyyətlə, Gəncə hadisələri ilə bağlı da qaranlıq məsələlər çoxdur. 25 ildən sonra etiraf etməyə başladılar ki, doğrudan da əməliyyat hazırlanıb, cəhd edilsə də, uğursuz olub. Bu müddət ərzində hamı yaxasını kənara çəkirdi, heç bir əməliyyat olmadığını iddia edirdilər. Mən Əli Kərimlinin də müsahibəsini dinlədim. O, konkret deyirdi ki, əməliyyat uğursuz olub, məni dəvət etməyiblər, bu iş başqalarına tapşırılıb. Hətta protokollar elan olundu, Təhlükəsizlik Şurasında da müzakirə olunub, kiminsə aradan götürülməsi haqqında göstəriş də verilib. Hər şeyin vaxtında etiraf olunması ağır nəticələrin qarşısını alardı.

4 iyun hadisələri haqqında da fikrimi bildirmişəm. Əvvəldən məlum idi ki, belə bir şey olacaq. Mən iyunun 2-də xəbərdarlıq etmişdim. İyunun 3-də isə Pənah Hüseynovla görüşmüşdüm, ona yenidən bildirdim ki, bunu etməyin. Təəssüf ki, məni dinləyən olmadı, addım atdılar. Əməliyyat keçiriləndən sonra çıxış yolu cəmiyyətə məlumat verilməsi idi. Bildirilməli idi ki, hərbi hissə tabeçilikdən çıxıb, Ali Baş Komandanın əmrlərini yerinə yetirməyib. Əhaliyə məlumat verəndə hər şeyi idarə eləmək olur. Məsələ qaranlıq qalanda isə tərəflər hərəsi bir şayiə yayır, bilinmir kim kimə güllə atır, gühankar kimdir. Nəticədə isə olan dövlətə olur, avtoritetini itirir.


- Pərdəarxası məqamlardan danışmağınızı istərdik. Əslində nə baş verdi ki, Surət Hüseynov Qarabağ cəbhəsindən qoşunları geri çəkib, Bakıya istiqamətləndi?

- Məsələnin bu şəkildə olduğunu mən deyə bilmərəm. Sadəcə, fevral ayında Xalq Cəbhəsinin İcraiyyə Komitəsi bəyanatla çıxış etdi ki, Surət Hüseynov vətən xainliyi edib. Hakimiyyətdə olan siyasi strukturun rəhbər orqanı belə bəyanatla çıxış edib. Ondan sonra hakimiyyətin daxilində böhran başladı. Burada söhbət Surət Hüseynovun rəhbərlik etdiyi hərbi hissələrin texnikasını geri çəkməyindən gedirdi. O deyirdi ki, geri çəkmişəm ki, burada təşkil edib, yenidən cəbhəyə göndərim. Başqaları Surət Hüseynovun xainlik nəticəsində belə addım atdığını düşünürdü. Hadisələr nəticəsində, onun bütün vəzifələri əlindən alındı. Yenə də Surət Hüseynova qarşı təbliğat aparılırdı. Məndən mövqeyim soruşulanda demişdim ki, kiminsə günahı varsa, çağırmalısınız, ittiham irəli sürməlisiniz. O vaxtkı qanunlara görə, məsələ Milli Məclisə çıxarılmalı idi. Cinayət işi qaldırmaq lazımdırsa, cinayət işi qaldırılıb, əsaslandırılmalı idi. Yoxdursa, onu bu şəkildə təqib etmək ağır nəticələrə gətirib çıxara bilər. Onlar ikinci varianta əl atdılar, nəticədə Surət Hüseynovun tərəfdarları yığışıb, hökumətə tabe olmadıqlarını bəyan etdilər.

- Sizin o zaman ana müxalifətdə çıxış etməyiniz indi də belə fikirlərə səbəb olur ki, guya, Surət Hüseynovu dəstəkləmisiniz. Amma müsahibələrinizin birində belə fikir söyləmisiniz: "4 iyunda baş verən qiyam idi, amma hökumətin də orada əməliyyat etməsi qanunsuz idi”...

- Mənim haqqımda belə təəssüratı yaratmağa çalışdılar. Halbuki, sadəcə mövqeyimi bildirmişəm. Yenə də mövqeyimdə qalıram. Hər hansı hərbi hissə tabe olmursa, onu neytrallaşdırmağın qanuni yolları var. Hətta bu qanuni yollar nəticə verməyəndə silah işlətmək də qanunla olmalıdır. O zamankı qanunlara görə, ordudan daxili məsələlərin həlli üçün istifadə qadağan idi. Buna zərurət yaransa, parlamentin icazəsi labüd idi. Məsələni parlamentə göndərib, hərbi əməliyyat keçirilməsi üçün razılıq ala bilərdilər. Yaxud ən yaxşı halda problemi dinc yolla həll etməli idilər. Bütün hadisələr əksinə baş verəndən sonra mövqeyimi bildirdim ki, baş verənlər xalqdan niyə gizlədilir? Gəncədə baş verənlər haqqında əhaliyə çatdırılmalı, Ali Baş Komandan gəlib, Milli Məclisə bildirməli idi. Çünki qan tökülmüşdü. Kim tərəfindən törədilib, məlum olmamışdı. Hakimiyyət deyirdi, heç bir şey baş verməyib, heç kim ölməyib, heç yaralı da yoxdur. İki gün keçəndən sonra məcbur oldular məsələni müzakirəyə çıxarsınlar. Bu zaman hesabat tələb etdim. Əməliyyata kim rəhbərlik edibsə, əmri kim veribsə, bəlli olsun. Hamı yaxasını geri çəkdi ki, xəbərim yoxdur. 25 ildən sonra hər şeyi etiraf edirlər. Məlum olub ki, hamısının xəbəri var imiş.

- Səhv etmiriksə, Pənah Hüseyn də stenoqram yaymışdı...

- O vaxt Daxili İşlər Nazirliyində oturub, oradan əməliyyatı idarə edirdilər. Çünki indiki kimi rabitə sistemi yox idi. Bütün ölkəni əhatə edən rabitə sistemi ancaq DİN-də qurulmuşdu. Polis vasitəsilə birbaşa əlaqə saxlanılırdı.

25 ildir deyirlər ki, Etibar Surəti müdafiə edir. Kimsə mənim onu müdafiə edən bir cümləmi belə tapıb, ortaya qoya bilmir. Belə bir açıqlamamı görmüsünüzmü indiyə kimi? Sadəcə düşünürlər, hakimiyyəti müdafiə etməmişəmsə, deməli, Surət Hüseynovun tərəfindəyəm. Yenə deyirəm, hər iki tərəf qanunsuz hərəkətlər edib. Ancaq hökumət qanunsuz hərəkət etməməlidir. Qanunsuzluğa qarşı qanunsuz yolla fəaliyyət göstərmək olmaz. Surət Hüseynovun qiyamı, ona qarşı əməliyyatın keçirilməsi nəticəsində Azərbaycana çox böyük ziyan dəydi, ordu, cəmiyyət parçalandı, ruh düşkünlüyü yarandı. Müdafiə sistemində boşluq oldu və ermənilər bundan istifadə edib, torpaqlarımzı ələ keçirdilər.

- Rəsul Quliyevlə münasibətləriniz necə idi?

- O zamanlar Rəsul Quliyev mənim yanımda idi, bir yerdə idik.

- Soruşmağımızın səbəbi odur ki, Surət Hüseynov məsələsində üçünüzün də adı hallanır...

- Rəsul Quliyev nə etmişdi ki? O, ümumiyyətlə, həmin vaxtlar Milli Məclisdə danışmırdı. Çıxışını eşitmisinizmi? Olmayıb. Rəsul Quliyevin mövqeyinə gəlincə, Pənah Hüseynov baş nazir idi, o da baş nazirin müavini. Hər ikisini Əbülfəz bəy təyin etmişdi. Rəsul Quliyev onların komandasına daxil idi. Milli Məclisdə yanımda otursa da, hökumətin üzvü idi. Heydər Əliyevi çağıranda Rəsul Quliyevi göndərmişdilər.


- Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə danışdıq. Son proseslərə də toxunaq. Ermənistanda hakimiyyət dəyişikliyi baş verdi. Bəzən deyirlər, guya, düşmən ölkədə demokratik hakimiyyət formalaşdı, Qarabağ münaqişəsində yumşalma baş verə bilər. Amma görünür ki, Serj Sarkisyan hakimiyyəti belə Nikol Paşinyan hökumətindən daha "yumşaq” idi.


- Cəmiyyət düşməndən iltifat, mərhəmət gözləməkdən əl çəkməlidir. Belə fikirlər çox ziyanlıdır. Demokrat, faşist – hamısı ermənidir. Onlar bizə həmişə düşmən mövqedə dayanıblar. Ermənilərin ən böyük demokratı Ter-Petrosyan idi. Onun dövründə də Azərbaycanın ərazisinin 20 faizi işğal olundu. Nə gözləyirsiniz, orada hakimiyyət dəyişəcək, hansısa "demokratik” erməni gələcək, bizə torpaqlarımızı qaytaracaq? Bu illüziya ilə yaşamaq, boş gözləntilər yaratmaq cəmiyyətə ziyan vurur. Gözləməmliyik ki, Ermənistanda kimsə kimi isə yıxsın.

Azərbaycanlıların erməni rəhbərliyinə demokrat deməyi bizim üçün çox ziyanlıdır. Çünki dünya demokratların tərəfini saxlayır. Onları demokrat adlandırsaq, dünya Ermənistanda demokratiya olduğunu zənn edəcək. Sizdə demokratiya yoxdur, amma ermənilər demokratdırlar, deməli haqlıdırlar, deyəcəklər. Nəticədə biz hansı vəziyyətdə qalırıq? Əvvəlki erməni rəhbərlər deyirdilər ki, Dağlıq Qarabağ bizimdir, ətraf rayonlar danışıq predmetidir. Nikol Paşinyan isə deyir ki, "ümumiyyətlə hamısı ermənilərindir, hələ bir az da irəli gedib, başqa ərazilər tutacağıq”. Buna cəmiyyətimiz də, hökumətimiz də susur. Xarici İşlər Nazirliyi, digər müvafiq orqanlarımız nə ilə məşğul olur, heç kim bilmir.

Bir müddət əvvəl erməni müdafiə nazirinin əmri ilə mayorumuzu vurdular. Müharibənin qaydası var. Azərbaycan ordusunun bir mayoru öldürülübsə, onların ən azı 2 polkovniki məhv edilməlidir. Adekvat addımlar atılmalıdır. Bəyanatlarla bir şey əldə etmək olmaz. Öz ərazimizdə aviasiya vasitəmizə raket atırlarsa, dərhal həmin nöqtə susdurulmalıdır. Atəşkəs rejimi olsa belə, onlar atəş açmaqla atəşkəsi pozmuş olurlar. Ermənistan bilməlidir ki, Azərbaycan Ordusu ilə heç cür zarafat etmək olmaz.

Dəfələrlə demişəm, Dağlıq Qarabağ və bütün cəbhə zonası uçuşa qadağan ərazi elan edilməlidir. Rəsmi şəkildə Azərbaycanın hüququdur ki, bunu elan etsin. "Orada bütün uçuşlar nəzarət altına alınıb, vurulacaq” deyilməlidir. Ondan sonra Nikol Paşinyan Şuşaya vertolyotla gələ bilməyəcək, həmin ərazilərdən Azərbaycanın aviasiya qüvvələrinə hücum edilməyəcək.

Bir məsələni də diqqətə çatdırım. Hərbçilərimiz siyasi leksikondan, siyasi bəyanatlardan uzaq olmalıdırlar. Ancaq öz işlərini görsələr daha məqsədəuyğundur. Düşmən var, məhv edilməlidir. Siyasi bəyanatları Ali Baş Komandan, nazir və s. rəsmi şəxslər verə bilər. Əsgərlər xahiş yox, tələb etməlidirlər ki, mənə əmr ver, vuruşum, topaqlarımı azad edim. Buna Azərabaycan Ordusunun hərbi qüvvəsi, peşəkar şəxsi heyətinin gücü çatar.


- Ermənilər təkcə Nikol Paşinyan və digərlərinin işğal olunmuş ərazilərimizə gəlməsi ilə deyil, başqa psixoloji təsirlərə də əl atırlar. Sizcə cəmiyyətimiz psixoloji baxımdan nə zaman müharibəyə tam hazır olacaq?


- Əslində cəmiyyət hazırdır. 2016-cı ilin aprel ayında baş verənləri yadınıza salın. Necə ruh yüksəkliyi var idi?! Cəmiyyət sadəcə hərəkət, nəticə gözləyir. Əsgərlərimizə də bu ruh yüksəkliyi lazımdır ki, cəmiyyətin onlara dayaq olduğunu bilsinlər.

Heç nədən qorxmaq lazım deyil. Dünya ictimaiyyətinin nə fikirdə olacağı bizi maraqlandırmamalıdır. Ermənilər bizim torpaqlarımızı işğal edəndə, heç dünya ilə heablaşmadılar. Azərbaycan öz ərazisindən düşməni çıxarmaq hüququna malikdir.

Amma biz təbliğat məsələsində ermənilərdən çox geridəyik. Avropada, bütün dünyada insanlarn beyninə yeridilib ki, ermənilər fağırdır, guya Azərbaycan onların torpaqlarını işğal edib. Mövqelərimiz bu baxımdan zəifdir. Hökumət bu istiqamətdə işləməlidir. Dediyim kimi, xalq isə tələb edir ki, torpaqlar hərbi yolla azad olunsun.



millet