Şriftin ölçüsü / 1165

“Dovşan həkimi” AMİP-dən necə qovuldu? - Əli Əliyev haqqında yeni şok sənəd

05 Iyul 2019 [17:29]

Doğrudanmı, Azərbaycanda ildə cəmi 200 manat xərcləməklə partiya idarə etmək mümkündür?

"Fransanın başına görün kim gəlir. Heç bir siyasi təşkilatı olmayan, parlamentdə nümayəndədən məhrum edilmiş, özündən 24 yaş böyük övlad-nəvəli müəlliməsi ilə həyat qurmuş amorf bir şəxs”.

Bu cümlələrin müəllifi Azərbaycanda qeydiyyatdan keçmiş Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevdir. O, 26 aprel 2017-ci ildə öz Facebook səhifəsindən fransız xalqına öyüd-nəsihət verir, Emmanuel Makronun psixi problemləri olduğunu vurğulayaraq onun ailə-məişət məsələlərini təftiş edir, kəsə desək, Fransa prezidentini məişət pozğunu çıxardırdı. Sözlərini eynilə belə bitirirdi ki, sabah Makronun da müdafiə edəcəyi YAP hakimiyyətini yolumuzdan təmizləmək vəzifəsini icra etməliyik. Üzərindən 2 ildən bir qədər çox vaxt keçdikdən, ilahi ədalət öz yerini tapdıqdan, Əli Əliyevin özü ailə-məişət məsələləri ilə gündəmə gəldikdən sonra istər-istəməz belə bir sual yaranır: görün, Azərbaycanın başına kim gəlmək istəyir, ölkə parlıamentində xalqı kim təmsil etmək istəyir, YAP hakimiyyətini təmizləmək vəzifəsini öz qarşısına hansı mənəvi-əxlaqi keyfiyyətlərə malik insanlar qoyur?!.

Əlbəttə, biz bu yazıda Əli Əliyevin keçmiş həyat yoldaşının 2005-ci ildə AMİP ldieri Etibar Məmmədova, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova və digər dövlət qurumlarına ünvanlandığı açıq məktubda səslənən fikirlərə istinad etməyəcəyik.

Məktub kütləvi informasiya vasitələrində geniş yayılıb, oxuyan oxuyub, çıxarılmalı olan nəticələri də çıxarıb. İlk məktubunda keçmiş ərini qonşuları, dostları olan bir ailəni dağıtmaqda suçlayan, rəfiqəsi ilə əvvəlcə yasaq eşq yaşaması, daha sonra qanuni nikahını qanunsuz yollarla pozaraq dörd uşağı travmaya məruz qoyacaq şəkildə yeni evlilik münasibətinə başlaması barədə danışan bir xanımın 14 il sonra "Əli Əliyevə qarşı heç bir mənəvi və hüquqi iddiamız yoxdur” deməsini də anlayışla qarşılayırıq. Ortada artıq böyümüş, özünə çevrə qurmuş uşaqlar var və məhz həmin uşaqların xatirinə bu məsələnin üstündən ehtiyyatla keçməyin tərəfdarıyıq. Ancaq qətiyyən ona tərəfdar deyilik ki, medianın etik prinsiplərə bağlılığından, uşaq hüquqlarına hörmətindən, milli-mənəvi dəyərlərə ehtiramından sui-istifadə edərək Əli Əliyev məsələni "məndə Məcnundan füzun aşıqlik istedadı var” şəklinə salaraq hamarlasın. Siyasi tanınmış şəxslərin ailə dəyərləri, məişət məsələləri hər zaman diqqətdə olub, olmalıdır da! Bu Qərbdə də belədir, Şərqdə də! Həm Qərbdə, həm Şərqdə bir siyasətçiyə bağışlanmayan əsas davranış isə onun xalqa yalan danışması, yanlış məlumat verməsidir. Doğrusu, keçmiş həyat yoldaşının hazırkı VİP sədrinə ünvanladığı birinci məktubda yer alan, ikincidə isə üzərindən sükutla keçilmiş ən prinsipial məsələ budur: 2005-ci ildəki parlament seçkilərində Əli Əliyev ilk nikahından üç oğlu olduğu halda, onlardan ikisini niyə gizlədib?

Nədən utanıb, nədən çəkinib, xalqa öz övladlarının sayı barədə nədən yanlış məlumat verib?

Başqa sözlə, Əli Əliyevin ailə-məişət məsələlərini, məhrəm münasibətlərini sorğulamamaq olar, ancaq onun cəmiyyətə açıq-aşkar yalan danışması, yanlış məlumat verməsi artıq ictimai məsələ olduğundan mütləq müzakirə edilməlidir. Hər halda, az-çox demokratik sistemə malik istənilən ölkədə lap bir neçə nikahdan doğulmuş olsa belə, öz qanuni övladlarını cəmiyyətdən gizləyən şəxsə siyasətin qapılarını arxadan örtməyi tövsiyyə edərlər. Elə davranışlar var ki, bu, hüquqən yasaq olmasa da, əxlaqi nöqteyi-nəzərdən cinayətdir, Əli Əliyevin ictimai rəy qarşısında övladlarından imtina etməsi də məhz bu qəbildəndir.



Bizdə olan məlumata görə, Əli Əliyev vaxtilə mühafizəkar ideologiyaya sahib AMİP-dən - Azərbaycanın rəsmi qeydiyyatdan keçmiş ilk partiyasından məhz elə bu səbəblər üzündən qovulub. Və "YAP hakimiyyətini təmizləməyi” qarşısına məqsəd qoymuş Əli Əliyev Azərbaycan siyasətində yeganə adamdır ki, sədri olduğu partiyadan xaric edilib, ona partiyanın ali orqanının dili ilə "şələ-şüləni də götür, tərk elə sıralarımızı” deyilib. Yəni, AMİP özünü Əli Əliyevdən təmizləyib...

O isə gedib özünə "Vətəndaş və İnkişaf” adlı bir dükan açıb, siyasi baqqallıqla məşğul olmağa başlayıb.

Danışanda ağzına çullu dovşan yerləşməyən Əli Əliyevin VİP sədri kimi ölkə siyasətində hər hansı uğura imza atdığını söyləmək mümkün deyil. O, cəmiyyətin siyasi hafizəsində 2010-cu ilin parlament seçkilərində namizədi olduğu dairəni ildırım sürəti ilə dəyişərək Müsavat partiyasının başqanı İsa Qəmbərə özünü alternativ elan etməsi, bununla siyasi hakimiyyətə "satılmağa hazıram” mesajını verməsi ilə qalıb. Lakin onun Azərbaycandan "təmizləmək istədiyi” YAP hakimiyyəti ipiqırıq adamlara pul saymadığından Əli Əliyev də, onun "Vətəndaş və İnkişaf” adlı kassasız fəaliyyət göstərən baqqal dükanı da özünə yaxşı müştəri tapa bilməyib.

Budur, Əli Əliyev 2017-ci ildə Mərkəzi Seçki Komissiyasına rəsmi hesabat verib. Həmin hesabata görə, partiyanın illik maliyyə dövriyyəsi cəmi 200 manat olub ki, həmin vəsaiti də partiyanın bank hesabına elə Əli Əliyev özü köçürüb. Azərbaycan hakimiyyətinə korrupsiya ittihamları yönəldən, ayrı-ayrı məmurları qeyri-şəffaflıqda günahlandıran, ittiham edən bir partiyadan, bir partiya sədrindən söhbət edirik.

Doğrudanmı, Azərbaycanda ildə cəmi 200 manat xərcləməklə partiya idarə etmək mümkündür?


Doğrudanmı, Əli Əliyev partiyasına ildə cəmi 200 manat xərcləməklə hakimiyyətə gəlməyin, deputat seçilməyin mümkün olduğunu düşünür?

Doğrudanmı, Əli Əliyev başa düşmür ki, hərəkat yoldaşlarını sataraq himayəsinə sığındığı Tibb Universitetinin sabiq rektoru, bir müddət Azərbaycanda parlamentin spikeri olmuş və prezident vəzifəsini icra etmiş Yaqub Məmmədovun dediyi kimi, o da böyük oyun üçün kiçik piyadadır? Həm də o piyadalardandir ki, heç zaman siyasət taxtasında hər hansı fiqura çevrilmək ehtimalı yoxdur!

Azərbaycan siyasətinin bu uğursuz provizorunun (aptek işçisi) yerinə başqası olsaydı, oturub "elm”lə məşğul olar, "Sirkə turşusu ilə zəhərlənmiş dovşanların qaraciyərində antioksidant ferment sistemi pozulmalarının korreksiyası” mövzusunda yazdığı "çox akademik məqalələr”i inkişaf etdirərdi...



Hər halda Əli Əliyev nəyi də bilməsə onu yaxşı bilir ki, sirkə tünd olanda öz qabını sındırır!


Cabir Cabbarzadə,

AzNews.az