Şriftin ölçüsü / 597

Məcbur etdi ki, onun AMİP-dən qovulmasının əsl səbəbini açıqlayaq

05 Iyul 2019 [17:35]
"Əli Əliyevin keçmiş həyat yoldaşının açıqlamasından göründüyü kimi, məsələni fərqli istiqamətə yönəltməyə çalışırlar. Guya partiya olaraq kiminsə ailə həyatına, şəxsi işlərinə qarışmaq istəyirik. Bunlar qarşı tərəfin istəyidir və onların arzularına uyğun bir yanaşmadır”.

Sfera.az-a açıqlamasında bu sözləri sabiq AMİP-çi, hazırda VİP sədri Əli Əliyevin keçmiş həyat yoldaşının 14 il əvvəl Etibar Məmmədova ünvanladığı məktubunun AMİP rəhbərliyi tərəfindən ictimailəşməsindən narahat olmasına münasibət bildirərkən partiya funksioneri Əli Orucov deyib:

"Məsələnin məğzi ondan ibarətdir ki, VİP adlı partiyanın sədri dəfələrlə, yeri gəldi-gəlmədi AMİP-ə münasibətdə aşağılamalara, atmacalara yol verib, qərəzli kampaniyalar aparıb. Bunlara hər dəfə əhəmiyyət vermir, dözümlülük nümayiş etdirirdik. Amma sonuncu dəfə verdiyi müsahibəsində Əli Əliyev əndazəni aşaraq bütün sərhədləri keçdi. Məcbur etdi ki, onun AMİP-dən qovulmasının əsl səbəbini açıqlayaq. 14 il əvvəl Əli Əliyevin keçmiş xanımı partiya sədrinə müraciət edərək onun ailəsindən, uşaqlarından imtina etdiyini bildirib. Məsələni dəqiqləşdirməklə orada yazılanların doğru olduğunu aydınlaşdırdıq. Ondan sonra da Əli Əliyev partiyadan qovuldu”.


Ə. Orucov qeyd etdi ki, belə bir vəziyyətdə indi həmin xanımın ortaya çıxıb özünü qəhrəman kimi göstərməsi doğru deyil: "14 il əvvəl xanımın təkidlə dedikləri doğru çıxdığı halda, indi AMİP rəhbərliyini günahlandırmaq təbii ki, doğru deyil. Siyasətlə məşğul olan insan cəmiyyəti aldatmamalı, yalan danışmamalıdır, əxlaqlı olmalıdır. Xanım da etiraf etdi ki, yazdığı məktub həqiqətdir. Onu da bildirim ki, həmin xanım bu müraciəti təkcə AMİP-ə ünvanlamayıb. Bundan betər müraciəti Mərkəzi Seçki Komissiyasına, dövlətin müxtəlif strukturlarına da edib. Hətta o zamanlar bəzi kütləvi informasiya vasitələrində də bu müraciət yayımlanıb”.

Həmsöhbətimiz vurğuladı ki, Əli Əliyev kimi persona onlar üçün heç bir əhəmiyyət kəsb etmir:"Kiminsə ailə işlərinə qarışmaq niyyətimiz yoxdur. Ümumiyyətlə, Əli Əliyev kimi persona bizim üçün əhəmiyyət daşımır. Amma sadəcə olaraq ictimaiyyəti onun partiyadan qovulmasının əsas səbəbləri barədə məlumatlandırmaq məcburiyyətində qaldıq. Əli Əliyev 14 ildən sonra xəyanət etdiyi ailəsilə münasibətlərini düzəldibsə, imtina etdiyi iki övladına yenidən sahib çıxıbsa, əlbəttə ki, onu təbrik edirik. Burada qeyri-adi bir şey yoxdur, onu normal qarşılayırıq. Biz də istiyirik ki, övladlar atasız qalmasın”.

Qeyd edək ki, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin keçmiş həyat yoldaşı Samirə Mirzəyeva AMİP rəhbərliyi tərəfindən 2005-ci ildə onun Etibar Məmmədova yazdığı məktubun ictimailəşdirilməsini pisləyən bəyanatla çıxış edib. Açıqlamada o bildirib ki, 2005-ci ildə yazdığı məktubun 14 ildən sonra siyasi məqsədlər üçün istifadə edilməsini şiddətlə pisləyir və qınayır.



millet