Şriftin ölçüsü / 411

AMİP mətbuat nümayəndələrini təbrik etdi

22 Iyul 2019 [14:54]
Jurnalsitlərin peşə bayramı münasibəti ilə
Azərbaycan Milli İstiqlal Partiyasının Təbriki

Hörmətli media mənsubları!

Sizi peşə bayramınız münasibəti ilə təbrik edir, sizlərə şəxsi həyatınızda və peşə fəaliyyətinizdə yeni uğurlar arzulayırıq.

22 iyul 1875-ci ildə görkəmli vətənpərvər maarifçi Həsən bəy Zərdabi "Əkinçi” qəzetini nəşr etdirdi və bununla da Azərbaycanda təkcə mətbuatın deyil, həm də yeni fikir və ənənənin özülü qoyuldu. O gündən etibarən milli mətbuatımız keçməkeşli inkişaf tarixi keçərək xalqın maarifləndirilməsi və haqsızlığa, ədalətsizliyə qarşı mübarizə baxımından böyük uğurlara imza atmışdır.

Danılmaz faktdır ki, Azərbaycanın yenidən müstəqilliyə qovuşması dönəmində senzuranın, siyasi təzyiqlərin, məhdudiyyətlərin mövcudluğuna baxmayaraq, mətbuatımız Milli Azadlıq Hərəkatının ruporu rolunda çıxış edərək cəmiyyətin istəklərini, düşüncə və fikirlərini cəsarətlə tirajladı və bununla da istiqlal hərəkatına yeni nəfəs, yeni ruh vermiş oldu. Lakin o da danılmazdır ki, bu gün cəmiyyətin bütün sferalarına nüfuz edən mətbuatımızın bir sıra problemləri, siyasi və iqtisadi sıxıntıları da yox deyildir. Təəssüf ki, bu gün Azərbaycan mətbuatının tam siyasiləşməsi və qütbləşməsi bir çox hallarda obyektivliyə və tərəfsizliyə əngəl törədir. Son dövrlər mətbuata edilən dövlət dəstəyi müsbət qiymətləndirilsə də, hələ də bu sahədə müəyyən qədər ayrı-seçkiliyin qalması ciddi problem hesab olunmaqdadır.

Bir çox vicdanlı jurnalistlərimiz bu gün də çox çətin maddi, sosial, iqtisadi və siyasi maneələri dəf etmək məcburiyyətindədirlər. Lakin, bütün bunlara baxmayaraq sevindirici və ümidverici haldır ki, milli mətbuatımız əsl fədakarlıqlar göstərərək, dövlətçiliyimizin qorunmasında, demokratik dəyərlərin inkişafında, milli-mənəvi dəyərlərin əxz edilməsində, cəmiyyətin operativ və obyektiv informasiya ilə təmin olunmasında, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında üzərinə götürdüyü missiyanı şərəflə yerinə yetirməkdədir.

Dəyərli KİV nümayəndələri

Azad sözün, müstəqil fikrin inkişafı üçün heç nədən çəkinmədən peşəsinə vicdanla yanaşan jurnalistlərə bu bayram günündə dərin ehtiramımızı bildiririk!

Peşə bayramınız münasibəti ilə sizi bir daha təbrik edərək ən səmimi arzularımızı ifadə etməklə yanaşı, sizə bu şərəfli peşənizdə bundan sonra da uğurlar diləyirik. Qələminiz iti, sözünüz dəyərli olsun!



Millət