Şriftin ölçüsü / 441

Dövlət Turizm Agentliyi kənd qonaq evlərinin sahibləri ilə görüş keçirib

29 Iyul 2019 [17:08]
İyulun 29-da Dövlət Turizm Agentliyi kənd yerlərində evlərini turistlərə kirayə verən sahibkarlarla görüş keçirib.

Tədbirdə çıxış edən Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid bu növ platformaların milli şəbəkələşmə işində mühüm rol oynayacağını bildirib.

O qeyd edib ki, diskussiya xarakterli görüşün əsas məqsədi kənd evi sahiblərinin təklif və problemlərini dinləmək, bu sahədə mövcud boşluqları müəyyən etmək və aradan qaldırılması istiqamətində dəstək göstərməkdir.

Görüşdə, həmçinin Dövlət Aqrar Ticarət Şirkəti, "ABAD” publik hüquqi şəxs, Beynəlxalq Alman Əməkdaşlıq Təşkilatı və Regional İnkişaf İctimai Birliyinin nümayəndələri də iştirak ediblər.

30-a yaxın kənd qonaq evi sahibinin qatıldığı tədbirdə Dövlət Turizm Agentliyinin regional turizmin inkişafı istiqamətində gördüyü işlər və gələcək planlar barədə ətraflı məlumat verilib.

Qeyd edilib ki, Agentlik regionların turizm potensialından daha effektiv istifadə etmək, regional turizmin təbliğatını aparmaq, bununla da uzunmüddətli davamlı iqtisadi inkişafa nail olmaq məqsədilə Destinasiya Menecmenti Təşkilatları formalaşdırır.

"İnfrastruktur”, "Xidmətlərin səviyyəsi”, "Qonaq evlərinin hüquqi və marketinq qiymətləndirilməsi” kimi mövzularda aparılan müzakirələr zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb və verilən təkliflər dinlənilib.

Müzakirələr zamanı ortaya çıxan problemlərin həllinə nail olmaq məqsədilə iştirakçılara köməklik göstəriləcəyi bildirilib.


Millət