Şriftin ölçüsü / 909

Bu çağırışlara necə cavab veriləcəyi Etibar bəyin iradəsinə bağlıdır

31 Iyul 2019 [12:44]
Azərbaycanın daxil olduğu geosiyasi məkanda gərginlik durmadan artır. Bir tərəfdən ABŞ-İran münasibətləri, digər tərəfdən isə Cənubi Qafqazda vəziyyət gərginləşir. Rusiya-ABŞ münasibətləri ürəkaçan deyil. Starteji müttəfiqimiz Türkiyənin Rusiyadan S-400 silahları alması da Vaşinqtonda yaxşı qarşılanmayıb. Türkiyəyə qarşı sanksiyaların tətbiq olunması, NATO-dan çıxarılması kimi məsələlər müzakirə masasındadır. Bir sözlə, ölkəmiz sanki od çəmbərinin arasında qalıb. Və belə bir mürəkkəb zamanda AMİP lideri Etibar Məmmədovun fəallaşdığı hiss olunur.

Ərtafımızda baş verən hadisələrlə Etibar Məmmədovun fəallaşması arasında hər hansı əlaqə varmı?

AMİP sədr əvəzi  Arzuxan Əlizadə ilə söhbətimiz bu suallar ətrafında oldu.

Arzuxan bəyin Ovqat.com-a müsahibəsinin ikinci hissəsini təqdim edirik.


- Hər dəfə ölkədə gərginlik yarananda AMİP lideri Etibar Məmmədovun aktiv siyasətə qayıdışı gündəmə gəlir. Son zamanlar da onun ayaq səsləri hiss edilir. Hətta siyasi partiyalardan birinin sədri Etibar bəyi açıq şəkildə siyasi aktivliyə dəvət etdi. Liderinizin bu çağırışlara cavabı necə olacaq?

- Artıq 15 ilə yaxındır ki, Etibar Məmmədov aktiv siyasi fəaliyyətlə məşğul deyil. 2004-cü ilin dekabrında AMİP sədrliyindən istefa verdikdən sonra keçirilən növbədənkənar Qurultayda Nizamnamə dəyişikliyi oldu və partiya üzvlərinin əksəriyyətinin təkidi ilə Etibar bəy AMİP-in fəxri lideri seçildi. Etibar Məmmədov indi də həmin statusdadır və ölkədəki siyasi proseslərə, eləcə də partiyanın cari fəaliyyətinə müdaxilə etmir. Amma bu 15 ildə cəmiyyətdən, təbii ki, həm də partiya daxilindən Etibar bəyin aktiv siyasətə qayıtması ilə bağlı arzu və istəklər dilə gətirilməkdədir. Partiya rəhbərliyinə də bununla əlaqədar çoxlsaylı müraciətlər olunur və bu, elə bir sirr deyil. O da sirr deyil ki, indiyədək müxtəlif siyasi partiya rəhbərləri, müəyyən çevrələrin təmsilçiləri və ziyalılar tərəfindən Etibar bəyə müxtəlif zamanlarda bu cür çağırışlar olub. Sizin bəhs etdiyiniz son müraciət də o sıradandır. Şübhəsiz ki, bu çağırışlara biz böyük sayğıyla yanaşırıq. Amma bu çağırışlara necə cavab veriləcəyi şübhəsiz ki, Etibar bəyin iradəsinə bağlıdır. Sadəcə bunu deməklə kifayətlənmək istərdim ki, həmin çağırışlara müsbət cavab verilməsini biz də arzulayar və alqışlayardıq.

- Türkiyə teleserialları və siyasəti bizə bəzi gizli mətləbləri öyrətdi. Məlum oldu ki, dövlətləri üzdə görünən hökumətlər yox, "dərin dövlət” adlanan fərqli maraq qrupları idarə edirlər. Yəqin ki, Azərbaycanda da o cür güclü qruplar var. Etibar Məmmədov da həm hakimiyyətdə, həm də müxalifətdə dərin əlaqələri olan şəxsdir. Onun ən kritik anlarda aktivləşməsi Azərbaycanın "dərin dövlət”inin projesi ola bilərmi?

- İstisna etmirəm. Etibar bəyin hakimiyyətdə və ya müxalifətdə olmasından asılı olmayaraq ölkədə söz sahibi bir sıra şəxslərlə uzun illərdən bəri formalaşmış isti münasibətləri var, bu da ona siyasi prosesləri öz nəzarəti altına almaq imkanı verir. Etibar bəy hər zaman öz dövlətini, millətini qorumağa hazır olan siyasi liderdir və keçmişi bunun ən bariz sübutudur. Onun özü də müxtəlif vaxtlarda mətbuata verdiyi açıqlamalarda ölkədə nə zamansa dövlətçilik və milli maraqlar təhlükə qarşısında qalar və zərurət yaranarsa, hadisələrə müdaxilə edəcəyini gizlətməyib.

Həqiqətən də zərurət yaranacağı təqdirdə, Etibar bəy kimi revanşist duyğularla yaşamayan bir şəxsiyyətin ortaya çıxıb proseslərə rəhbərlik etməsi həm müxalifət, həm də iqtidar üçün ən uyğun variantdır. Əks halda revanşistlərin hakimiyyəti ələ keçirməsi ölkəni Suriyadan, Əfqanıstandan, İraqdan daha ağır vəziyyətə sala bilər.

- Bildiyim qədərilə Etibar Məmmədovun ölkə xaricində də ciddi siyasi əlaqələri mövcuddur.

Bəli, AMİP yarandığı dövrdən beynəlxalq əlaqələrə ciddi önəm verib. Həmin əlaqələr də, heç şübhəsiz, Etibar bəyin səyləri ilə qurulub. Hələ 1995-ci ildən AMİP dünyada çox nüfuzlu bir beynəlxalq qurumun - Beynəlxalq Demokrat İttifaqının müşahidəçi statuslu, 1999-cu ildən isə tam hüquqlu üzvü seçilib. Etibar bəy özü isə 2005-ci ildən hazırkı dövrədək bu təşkilatın Sədr müavinidir. Onu da deyim ki, bu, seçkili vəzifədir. BDİ-nin Sədr müavinləri BDİ-nin hər 3 ildən bir keçirilən Qurultayında nümayəndələrin səsverməsi ilə seçilirlər. Etibar Məmmədov artıq 5-ci dəfədir ki, ardıcıl olaraq bu vəzifəyə seçilir.

- Maraqlı məlumatdır. Mümkünsə bu təşkilat barədə oxucularımızı da məlumatlandırardınız.

- Beynəlxalq Demokrat İttifaqı (International Democrat Union - İDU) hazırda dünyanın 80-dən çox ölkəsini təmsil edən 100-dən çox sağ və sağ mərkəz yönümlü partiyaları özündə birləşdirir. Bu təşkilat 1983-cü ildə Böyük Britaniyanın o zamankı Baş naziri Marqaret Tetçer, ABŞ prezidenti Corc Buş, Fransa prezidenti Jak Şirak, Almaniya Kansleri Helmut Kol, eləcə də bir sıra tanınmış dünya liderlərinin təşəbbüsü ilə yaradılıb. Onu da qeyd edim ki, hal-hazırda da bu təşkilatda təmsil olunan əksər siyasi partiyalar öz ölkələrində hakimiyyətdədirlər, bir qismi isə təmsil etdikləri ölkələrdə qurulmuş koalision hökumətlərin üzvləridirlər. BDİ çərçivəsində AMİP həmçinin, bir sıra siyasi partiyalarla, o cümlədən İngiltərənin Mühafizəkarlar, ABŞ-ın Respublikaçılar, İsveçin Moderat və bir sıra digər nüfuzlu siyasi partiyalarla davamlı siyasi münasibətlər qurub. Çoxşaxəli beynəlxalq əlaqələrin davamı olaraq 2007-ci ildən etibarən Milli İstiqlal Partiyası Avropa Parlamentində ən böyük fraksiya olan və sağ qüvvələrin ittifaqı kimi tanınan Avropa Xalq Partiyası (EPP) ilə də sıx əməkdaşlıq edir. Onu da xüsusilə vurğulamaq istəyirəm ki, biz partiya olaraq bütün bu əlaqələrimizdən yalnız və yalnız ölkəmizi beynəlxalq aləmdə tanıtmaq, dövlətçilik maraqlarımızı qorumaqla Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırmaq missiyasını həyata keçirmək üçün istifadə edirik.

- Arzuxan bəy, açığını deyim, gözlədiyimdən daha ciddi iddia ortaya qoyursunuz və bunu kifayət qədər əsalandırırsınız da. Bu qədər əhatəli daxili və xarici əlaqələrə malik olan bir partiyanın hakimiyyətə gəlməsinin ən qısa yolu seçkilərdir. Qabaqdan isə parlament seçkisi gəlir. Ciddi partiyalar adətən bu proseslərə əvvəlcədən hazırlaşırlar. AMİP-in seçki hazırlıqları nə yerdədir?

- Ümumiyyətlə, siyasi partiyalar seçkilərə hər zaman hazır olmalıdırlar. Bildiyimiz kimi, ötən il prezident seçkiləri vaxtından 6 ay əvvəl keçirildi. Həmin vaxt seçkilər təyin olunan kimi əsas aparıcı siyasi partiyalar hakimiyyətin onları qabaqladığını, seçkilərə hazır olmadıqlarını elan etdilər. AMİP isə son prezident seçkilərinə qatılmadı. Çünki Prezident seçkilərində partiya üzvləri partiyanın namizədi kimi Etibar Məmmədovu görürlər və Etibar bəy seçkilərdə namizəd olaraq iştirak etmədiyindən seçkilərə qatılmadıq. Amma biz partiya olaraq hər zaman istənilən seçkiyə hazır vəziyyətdəyik və bütün seçkilərdə iştirak etməyin tərəfdarıyıq. Partiyada mütəmadi olaraq bu yöndə hazırlıq işləri gedir. Çünki seçki prosesi davamlıdır. Ötən il prezident seçkiləri ili idi, bu ilin axırında bələdiyyə seçkiləri keçiriləcək, gələn il isə parlament seçkiləri keçirilməlidir. AMİP yarandığı dövrdən bu yana keçirilən bütün parlament və bələdiyyə seçkilərində öz namizədləri ilə iştirak edib və bundan sonra da edəcək. Belə demək mümkünsə, partiya qeyri-rəsmi olaraq (çünki rəsmi qərarı partiyanın seçkili qurumları verir) indidən növbəti bələdiyyə və parlament seçkilərinə hazırlığa başlayıb. Bu ilin əvvəlindən başlayaraq 40-dan artıq rayon təşkilatında görüşlərimiz keçirilib və müvafiq tapşırıqlar verilib. Cənub istiqamətində Lənkəran, Astara, Lerikə qədər, şimal istiqamətində Quba, Xaçmaz, Qusara qədər, qərb istiqamətində Gəncə, Ağstafa, Qazaxa qədər, Şirvan zonasında Şamaxı, Göyçay, Ağdaş, Zərdab, Ucar da daxil olmaqla müxtəlif rayon təşkilatlarında partiya rəhbərliyinin iştirakı ilə görüşlər keçirilib. Avqust ayının sonuna qədər Şimal-Qərb istiqamətində, həmçinin Qarabağ və Aran zonasına daxil olan yerli təşkilatlarda görüşlərin keçiriləcəyi planlaşdırılıb.

- Yəni, siz də payıza hazırlaşırsınız?

- Nə demək istədiyinizi anladım (gülür). Xeyr, biz seçkilərə hazırlaşırıq. Sentyabr ayına qədər görüşlərimizi keçirib yekunlaşdırmağı planlaşdırırıq. Sentyabr ayında partiyanın Mərkəzi Şurasının iclası gözlənilir. Yəqin ki, həmin iclasda ilkin olaraq bələdiyyə seçkilərində iştirakla bağlı qərar veriləcək. Sözsüz ki, bu, həm də parlament seçkilərinə hazırlıq üçün lazımdır. Bələdiyyə seçkiləri ilə paralel olaraq parlament seçkilərində namizədlərimizi də müəyyənləşdirəcəyik.

- Parlament seçkilərində Etibar Məmmədovun iştirakı gözlənilirmi?

- Təbii ki, istisna olunmur. Amma bu məsələ də Etibar Məmmədovun şəxsi qərarına bağlıdır.

- Prezident siyasi islahatlarla bağlı bir anons verdi. Bu anonsdan sonra bir çoxları hesab etdi ki, yenidən proporsional seçki sistemi bərpa oluna bilər. Necə hesab edirsiniz, bu mümkündürmü?

- Bilirsiniz ki, 2002-ci ildə keçirilən referendumla proporsional seçki sistemi ləğv olundu. Halbuki, çoxpartiyalı sistemlərin mövcud olduğu bütün aparıcı dünya dövlətlərində seçkilər proporsional və ya qarışıq (proporsional-mojaritar) seçki sistemi əsasında keçirilir. Hətta yerləşdiyimiz Cənubi Qafqaz regionunda da bizdən başqa digər dövlətlərdə proporsional seçki sistemi qüvvədədir. Biz belə hesab edirik ki, Azərbaycanda da proporsional seçki sistemi bərpa olunmalıdır. Parlamentə seçkilərin yalnız majoritar əsaslarla keçirilməsi demokratiyanın əsasını təşkil edən çoxpartiyalı sistemi kökündən sıradan çıxarır. Bizdə olan məlumata görə, hakimiyyətin mütərəqqi qanadı da bu cür düşünür. Hesab edirik ki, növbəti parlament seçkilərinə qədər bütün mütərəqqi siyasi qüvvələr bir araya gəlib bu təşəbbüsü dəstəkləməli və bununla əlaqədar ölkə Konstitusiyasına dəyişikliklər edilməsi üçün Ümumxalq Referendumu keçirilməlidir.

Əlbəttə ki, ölkə Prezidentinin siyasi islahatlar deyərkən nəyi nəzərdə tutduğunu deyə bilmərəm. Amma bizim siyasi islahatlar olaraq hazırladığımız təkliflər paketində prororsional seçki sisteminin bərpası da nəzərdə tutulub. Yəqin mətbuatdan da izləmisiniz ki, AMİP belə bir təşəbbüslə çıxış edib. Daha doğrusu, bu təşəbbüsü Azərbaycan Xalq Partiyası və Böyük Azərbaycan Partiyası ilə birlikdə irəli sürmüşük. Yeri gəlmişkən, bu təşəbbüsün nədən qaynaqlandığına bir daha aydınlıq gətirməyi zəruri hesab edirəm. Çünki, hələ də bəzi siyasilər bu təşəbbüsə bilərəkdən ya bilməyərəkdən şübhə ilə yanaşmağa və görülən işlərə kölgə salmağa cəhdlər edirlər. Təəssüflər olsun ki, müxalifətdəki dostlarımız arasında bunu hakimiyyətin sifarişi adlandıranlar da var. Nə qədər gülməli olsa da, hətta bir partiya rəhbəri daha uzağa gedərək sifarişin Rusiyadan gəldiyini də deyib. Yenə Qərbdən gəldiyini desə idi, bəlkə biraz inandırıcı görünərdi.

- Doğrudan da maraqlıdır, Qərb yönümlü Beynəlxalq Demokrat İttifaqının üzvü olan AMİP-in təşəbbüslərinə nədən Rusiyadan gələn sifariş kimi baxırlar?

- Məncə, bu sualı o iddianı irəli sürənlərdən soruşsanız, daha doğru olar. Reallıq isə budur ki, biz partiya olaraq dəfələrlə Rusiyanın imperialist siyasətinə qarşı çıxmışıq. Moskvanın Qarabağ məsələsinə yanaşmasını ən kəskin pisləyənlərdən olmuşuq və indi də həmin mövqedəyik. Məsələnin digər tərəfinə nəzər salaq, ən təəccüblüsü odur ki, irəli sürülən təşəbbüsə belə əsası olmayan münasibət sərgiləyən bir sıra partiyalar özləri də mətbuat vasitəsilə müxtəlif vaxtlarda siyasi islahatların həyata keçirilməsi ilə bağlı təkliflər irəli sürüblər və biz də bu təşəbbüslə çıxış edərkən onu hədəf götürdük ki, ölkədə rəsmi dövlət qeydiyyatından keçən, müxalifətdə ya iqtidarda olmasından asılı olmayaraq, istisnasız bütün siyasi partiyaları bir araya gətirək və zaman-zaman həmin partiyalar tərəfindən səsləndirilən təklifləri ümumiləşdirərək siyasi islahatlar paketi formatında ictimaiyyətə və hökumətə təqdim edək. Çünki reallıq budur ki, siyasi islahatlar mövcud hakimiyyət tərəfindən həyata keçirilməlidir. Bildiyiniz kimi, bu ilin əvvəllərindən başlayaraq sosial-iqtisadi sferada, həmçinin məhkəmə-hüquq sistemində bir sıra islahatlara start verilib. Atılan addımları müsbət dəyərləndirməklə yanaşı, hesab edirəm ki, bütün sahələrdə davamlı islahatlar aparılmalıdır. Eyni zamanda hesab edirəm ki, siyasi islahatlar prioritet olmalıdır. Ölkədə köklü siyasi islahatlar həyata keçirilərsə, digər problemlər də ortadan qalxar qənaətindəyəm. Əks halda, həyata keçirilən bütün digər islahatlar formal xarakter daşıyacaq.

- Arzuxan bəy, yeri gəlmişkən, təşəbbüsünüzün nəticəsi oldumu? Keçirdiyiniz tədbir barədə məlumatlıyıq, lakin elə bil ki, bununla da kifayətləndiniz.

- Proses davam edir. Mətbuatdan izləmisinizsə, təşəbbüs irəli sürüləndən sonra AXP Sədri Pənah Hüseyn və BAP Sədri Elşad Musayev ilə birlikdə rəsmi dövlət qeydiyyatından keçən bir sıra siyasi partiya rəhbərləri ilə görüşlər keçirdik və fikir mübadiləsi apardıq. Görüşdüyümüz partiyaların hər birinin təkliflərini nəzərə almaqla ilkin sənəd hazırlandı. Tədbirdə həmçinin, BAXCP-nin hazırladığı ayrıca bir sənəd də müzakirəyə təqdim olundu.

Onu deyim ki, təşəbbüsümüz daha çox partiya tərəfindən müsbət dəyərləndirilsə də, ilk tədbirdə on iki siyasi partiyanın iştirakı mümkün oldu. Tədbirdən sonra da görüşlərimiz və məsləhətləşmələrimiz davam edir. Yekun sənədin hazırlanması üçün işçi qrup da formalaşıb. Hadisələri qabaqlamaq istəmirəm, bircə onu deyə bilərəm ki, əgər işlərimiz normal axarı ilə davam etsə, ehtimal edirəm ki, yaxın zamanlarda daha çox partiyanın iştirakı ilə yekun sənədin imzalanması mümkün olacaq.


Millət