Şriftin ölçüsü / 353

Qarşıdakı aylarda elə bir ciddi proseslər baş verə bilər ki...

08 Avqust 2019 [17:41]
Bu ilin dekabrında ölkədə bələdiyyə seçkiləri keçiriləcək.

Qanunvericiliyə əsasən, seçki günü 21 yaşı tamam olan və yaşı 21-dən yuxarı olan Azərbaycan vətəndaşları bələdiyyələrə üzv seçilə bilərlər. Qeyd edək ki, bələdiyyə üzvlərinin sayı ərazidə yaşayan sakinlərin sayına və mojiritar seçki sisteminə uyğun formada belə müəyyənləşdirilir:

500-dən az əhalisi olan ərazilərdə - 5 bələdiyyə üzvü;
500-dən 1000-dək əhalisi olan ərazilərdə - 7 bələdiyyə üzvü;
1000-dən 5000-dək əhalisi olan ərazilərdə - 9 bələdiyyə üzvü;
5000-dən 10000-dək əhalisi olan ərazilərdə - 11 bələdiyyə üzvü;
10000-dən 20000-dək əhalisi olan ərazilərdə - 13 bələdiyyə üzvü;
20000-dən 50000-dək əhalisi olan ərazilərdə 15 bələdiyyə üzvü;
50000-dən 100000-dək əhalisi olan ərazilərdə - 17 bələdiyyə üzvü;
100000-dən 300000-dək əhalisi olan ərazilərdə - 19 bələdiyyə üzvü.

Amma Azərbaycanda bələdiyyələrin geniş səlahiyyətlərə malik olmaması, fəaliyyət dairələrinin məhdudluğu seçkilərə marağı azaldır. Bəs siyasi dairələr bələdiyyə seçkilərinə necə hazırlaşır? Partiyalar seçkilərə neçə namizədlə qatılacaq? "Cümhuriyət” qəzeti siyasi partiyalar arasında sorğu keçirib.

"Qarşıdakı aylarda elə bir ciddi proseslər baş verə bilər ki...”

AMİP Siyasi Şurasının üzvü Əli Orucov bildirib ki, partiya indiyə qədər bütün seçkilərdə iştirak edib:

"Ölkədə islahat və dəyişikliklərin yeganə yolunu seçkilərdə görürük. Ona görə də böyük ehtimalla bələdiyyə seçkilərində də iştirak edəcəyik, amma yekun qərarı partiyanın müvafiq ali qurumları verəcək”.

Əli Orucovun sözlərinə görə, hansı dairələrdə kimlərin namizədliyinin veriləcəyi təqribi bilinsə də, hələ dəqiqləşdirilmələr aparılacaq:

"Regional səfərlərimizdə də bu məsələ gündəmə olub. Hələ ki, bələdiyyə seçkilərinə müəyyən müddət var, namizədlərin müəyyənləşdirilməsi istiqamətində iş gedir”. AMİP rəsmisi buna görə də, bələdiyyə üzvü olmaq istəyənlərin təqribi sayını deyə bilməyib "Ola bilər ki, yeni namizədlər olsun, ola bilər ki, kimsə geri çəkilsin. Ümumiyyətlə, bələdiyyə seçkilərinə münasibət birmənalı deyil, seçkilərdə iştiraka böyük maraq göstərilmir. Qarşıdakı aylarda elə bir ciddi proseslər baş verə bilər ki, bu say arta və ya tamamilə azala bilər”. Cebhe.info