Şriftin ölçüsü / 282

Bizim cəmiyyətdə belə həssas məsələlərə reaksiya zəifdir

08 Avqust 2019 [17:48]
Cəmiyyətin elə təbəqələri var ki, onların atdığı hər bir addım, danışdığı hər bir kəlmə ildırım sürətilə yayılır və dərhal da müzakirə obyektinə çevrilir. Daşıdığı statusa görə gündəmdə olan insanların hamısı bu qəbildəndir.

Son zamanlar bəzi deputatlar arasında gərginliklər, qalmaqallar yaşanır. Bu gərginliklər də sözsüz ki, tez bir zamanda sosial şəbəkələrə yayılır və burada böyük auditoriya tərəfindən geniş şəkildə müzakirə edilir. Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafanın görkəmli dövlət xadimi Şah İsmayıl Xətainin adına olan medalın ləğv edilməsi barədə çağırışından sonra yaranan qalmaqal səngimək bilmir. F.Mustafanın çağırışı həmkarlarının da ciddi narazılığına səbəb olub. Belə ki, onun fikirlərinə Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı və Milli Dirçəliş Partiyasının sədri, millət vəkili Fərəc Quliyev ciddi narazılıq bildiriblər. Deputatlar arasında yaranan gərginlik qarşılıqlı ittihamlarla müşayiət olunur. Deputatlar həmkarlarını tarixi bilməməkdə və Azərbaycan dövlətçiliyinin qurucularından olan Şah İsmayıl Xətainin ruhunu təhqir etməkdə ittiham edirlər. F.Ağamalı hesab edir ki, Şah İsmayıl Xətainin üzərinə bu şəkildə getmək Azərbaycan tarixini, özü də şərəfli tarixini təhqir etmək deməkdir.

Bir neçə gündür millət vəkilləri arasında yaşanan və sosial şəbəkələrdə də davam edən mübahisələrə, qarşılıqlı ittihamlara həmin millət vəkillərinin deputat seçildikləri dairələrin seçiciləri tərəfindən heç bir reaksiya verilmir. Bu gün vətəndaşlarımızın 80 faizdən çoxunun sosial şəbəkə istifadəçisi olduğu məlumdur. Heç şübhəsiz ki, F.Mustafanın da, F.Quliyevin də, F.Ağamalının da seçiciləri sosial şəbəkələrdən istifadə edirlər. Lakin seçicilər nə fərdi, nə kollektiv şəkildə millət vəkili seçdikləri deputatların davranışlarına, çıxışlarına heç bir reaksiya vermirlər. Seçicilərin deputatlar arasında yaranan gərginliyə münasibət bildirməməsinin özü qəribə görünür. Halbuki, bu müzkirələrdə onların iştirakı, rəy və fikir bildirməsi, millət vəkilini müdafiə, yaxud tənqid etməsi, ən azından, arzuediləndir.

Həmin millət vəkillərinin deputat seçildikləri dairələrin seçiciləri onlar arasında yaşanan qalmaqallara, gərginliklərə laqeyd yanaşırlar, buna hansı səbəbdən reaksiya vermirlər?

Əli Orucov: "...həmin deputatların seçicilərinin münasibət bildirməməsi onların laqeydliyi ilə bağlıdır”
AMİP təmsilçisi, tanınmış politoloq Əli Orucov "Bakı-Xəbər”ə bildirdi ki, adları çəkilən millət vəkilləri arasında yaşanan gərginlik artıq xoşagəlməz səviyyəyə çatıb. "Olduqca maraqlı mövzuya toxunmusunuz. Əvvəla onu deyim ki, Fazil Mustafa və Fəzail Ağamalı arasında yaşanan gərginliklər, qarşılıqlı ittihamlar xoşagəlməz səviyyəyə çatıb. Cəmiyyətdə kifayət qədər problemlər olmasına, Dağlıq Qarabağ problemini yaşamağımıza baxmayaraq, onlar bu cür qalmaqallar yaradırlar. Seçicilərə gəlincə, deyim ki, onlarda doğrudan da laqeydlik müşahidə edildi. Amma belə bir hadisə Türkiyədə yaşansaydı, biz tamam başqa bir mənzərənin şahidi olardıq. Çünki orada seçicilər, ictimaiyyət nümayəndələri dövlət atributlarına, tarixi şəxsiyyətlərə, dövlətçilik dəyərlərinə daha həssas yanaşırlar və dəyərlərə əl uzadanlara qarşı sərt təpki göstərirlər. Təəssüf ki, bizim cəmiyyətdə belə həssas məsələlərə reaksiya zəifdir. Doğrudur, az da olsa, biz burada fəallıq gördük, amma bu da yetərincə deyil. Deputatlar arasında yaşanan gərginliklərlə bağlı sosial şəbəkələrdə yaşanan polemikalara həmin deputatların seçicilərinin münasibət bildirməməsi onların laqeydliyi ilə bağlıdır. Hamı gözləyir ki, mən deyib pis olunca başqası deyib pis olsun” - deyə Ə.Orucov bildirdi.

Elçin Mirzəbəyli: "Biz münasibət bildirənlərin hansı seçki dairəsində səs verdiyini bilmirik”
"Xalq cəbhəsi” qəzetinin baş redaktoru, tanınmış politoloq Elçin Mirzəbəylinin sözlərinə görə isə deputatlar arasında yaşanan və artıq geniş miqyas alan qalmaqallara ola bilməz ki, sosial şəbəkələrdə seçicilər fərdi və kollektiv şəkildə hər hansı bir reaksiya verməsin. "Əslində, seçicilər xüsusi olaraq Fazil bəyin bu və ya digər açıqlamasına görə təşkilatlanmayıblar ki, bu məsələ ilə bağlı kiməsə müraciət edib mövqelərini bildirsinlər. Adlarını çəkdiyiniz şəxslərin hamısı partiya sədrləridir, eyni zamanda da millət vəkilləridir. Onlar təşkilat adından çıxış edə bilərlər. Yaxud peşəkar tarixçilər, prosesləri yaxşı bilənlər bu məsələyə münasibət bildirə bilərlər. Ancaq seçicilərin xüsusi olaraq toplanıb nəyəsə reaksiya verməsi məsələsinə gəlincə, yəqin ki, seçicilər fərdi şəkildə bu məsələyə sosial şəbəkələrdə münasibət bildiriblər. Biz münasibət bildirənlərin hansı seçki dairəsində səs verdiyini bilmirik. Hesab edirəm ki, seçicilərin bu məsələyə münasibəti var. Çünki bu məsələ ilə bağlı çoxsaylı insan öz mövqeyini bildirib, onlar arasında həmin millət vəkillərinin seçicilərinin də olduğu şübhə doğurmur” - deyə E.Mirzəbəyli qeyd etdi.

E.Mirzəbəylinin sözlərinə görə, F.Mustafanın çıxışına ictimaiyyətin müxtəlif sferaları tərəfindən kifayət qədər sərt reaksiya verilib.