Şriftin ölçüsü / 400

AMİP Siyasi Şurasının iclasında nələr müzakirə edildi?!

31 Avqust 2019 [18:45]

31 avqust 2019-cu il tarixdə AMİP Siyasi Şurasının növbəti iclası keçirilmişdir. İclasda ölkədəki ictimai-siyasi və sosial-iqtisadi vəziyyət, Qarabag probleminin həlli istiqamətində danışıqların dalana dirənməsi, Kəşmir problem ilə bağlı məsələlər müzakirə olunmuş və müvafiq bəyanatlar verilmişdir.

N.Paşinyanın "Qarabağ Ermənistanın ayrılmaz hissəsidir” çağırışı bir daha sübut edir ki, Ermənistan rəhbərliyi danışıqlar prossesindən imtina edir və problemin sülh yolu ilə həll variantı mümkünsüz görünür. Ermənistan rəhbərliyinin Azərbaycana yönəlik aşağılayıcı bəyanatları fonunda ATƏT Minsk Qrupu həmsədrlərinin də məsələyə heç bir münasibət bildirməməsi prossesin dalana dirəndiyini deməyə əsas verir. AMİP hesab edir ki, Azərbaycan hakimiyyəti Qarabağ probleminin həlli istiqamətində iqtidar və müxalifətdə olmasından asılı olmayaraq bütün cəmiyyəti səfərbər etməli, Ermənistanın işğalçı mövqeyini beynəlxalq səviyyədə ifşa etməli və ən əsası müharibəyə hazır olmalıdır.

Daha sonra Pakistan və Hindistan arasında uzun illərdir mövcud olan və son zamanlarda daha da kəskinləşmiş Kəşmir problem ilə bağlı məsələ müzakirə olunmuş və bəyanat qəbul edimişdir. Bəyanatda deyilir: Pakistan Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biri olmaqla yanaşı bütün beynəlxalq təşkilatlarda Azərbaycanın haqlı mövqeyini müdafiə edərək Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bəyan edib. Onu da qeyd etmək lazımdır ki, müharibə başlanacağı təqdirdə hər cür hərbi dəstək verməyə hazır olduğunu bildirən Pakistan müsəlman dövlətləri içində Ermənistanla heç bir diplomatik münasibəti olmayan və ümumiyyətlə Ermənistanı dövlət kimi tanımayan yeganə dövlətdir. Pakistan parlamentinin hər iki palatasında Xocalı qətliamına dair qətnamələr qəbul olunub. AMİP Siyasi Şurası, Pakistanın Azərbaycandakı səfiri Səid Xan Möhməndin "Biz qardaş Azərbaycandan dəstək gözləyirik” çağırışına qoşularaq Azərbaycan hökumətini və ictimaiyyətini Kəşmir probleminin həllində Pakistanın yanında olmağa çağırır. AMİP Siyasi Şurası hesab edir ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatında Kəşmir təmas qrupunun üzvü kimi Pakistana tam dəstək verməli, beynəlxalq təşkilatlarda məsələnin müzakirəsi zamanı neytral mövqe sərgiləməməli, birbaşa Pakistanın yanında olmalıdır.

İclasda həmçinin partiya rəhbərliyinin və Siyasi Şura üzvlərinin sentyabr ayı üçün reginlara səfərlərinin qrafiki təsdiq olunmuş və səfərlərdə iştirak edəcək qrupların tərkibi müəyyənləşdirilmişdir.

AMİP Beynəlxalq katibi Elşən Mustafayev partiya rəhbərliyinin ABŞ səfirliyindəki görüşü haqqında Siyasi Şura üzvlərinə məlumat verərək növbəti ay ərzində daha iki ölkə səfirliyi ilə görüşlərin keçirilcəyini bildirmişdir.

Rayon təşkilatlarının müraciəti əsasında vaxtilə AMİP-də olmuş, lakin bu və ya digər səbəbdən partiyanı tərk etmiş şəxslərin yenidən partiyaya müraciət etməsi ilə bağlı məsələ müzakirə olunmuşdur. Bildirilmişdir ki, AMİP Nizamnaməsinə görə partiyanı tərk etmiş şəxslərin yenidən partiyaya qəbulu ancaq Siyasi Şura tərəfindən həyata keçirilir. Siyasi Şura qərara almışdır ki, müraciətlər araşdırılması üçün Mərkəzi İntizam Komissiyasına göndərilsin və MİK-in verdiyi rəy əsasında həmin şəxslərin partiyaya qəbul olunub-olunmaması ilə bağlı qərar qəbul olunsun.



Mİllət