Şriftin ölçüsü / 215

Bununla bağlı müvafiq addımlar atılmalıdır

04 Sentyabr 2019 [12:59]
Məlum olduğu kimi, Azərbaycanın sərinləşdirici içkilər bazarında geniş yer tutan "The Coca-Cola Company” Dağlıq Qarabağdakı qondarma rejimə maddi dəstək verir. Belə ki, "The Coca-Cola Company” separatçı rejimin Xocalıda keçirdiyi "Artsax Airfest” sərgisinə sponsorluq edib.

Şirkət bununla rəsmi Bakının icazəsi olmadan Azərbaycanın işğal altında olan ərazilərində fəaliyyət göstərmək qadağasını pozmaqla yanaşı, həm də qondarma rejimin təşkil etdiyi tədbiri maliyyələşdirib.

Azərbaycan bazarında hələ ötən əsrdən möhkəmlənən və ölkəmizdəki satış hesabına böyük gəlir əldə edən "The Coca-Cola Company”nin bu arzuolunmaz "xeyriyyəçiliyi” böyük təəssüf hissi yaradır.

Qeyd edək ki, "Coca-Cola” şirkəti bu xəbərlə bağlı açıqlama verib. Verilən məlumatda bildirilib ki, nə "Coca-Cola” şirkəti, nə də onun Ermənistandakı rəsmi tərəfdaşı olan "Coca-Cola Hellenic Bottling Company” şirkəti Dağlıq Qarabağ ərazisində heç bir ictimai tədbirə sponsorluq etməyib. Ancaq bununla bağlı internetdə yayılan videolar bunun heç də belə olmadığını göstərir. Şirkət isə hər vasitə ilə bunu ört-basdır etməyə çalışır.

Onu da qeyd edək ki, "Coca-Cola” şirkəti məhsullarının istehsalı, daşınması və satışını həyata keçirən 250 tərəfdaşı ilə 200-dən çox ölkədə təmsil olunur. Bu ölkələrdən biri də Azərbaycandır. Hansı ki, sözügedən şirkət 25 ildir Azərbaycanda fəaliyyət göstərir və bu müddət ərzində dəyəri yüz milyonlarla ölçülən gəlirlər əldə edib. Azərbaycan "Coca-Cola”ya geniş biznez meydanı, satış bazarı açdığı halda, bu şirkət işğal olunmuş ərazilərdə qurulan separatçı rejimə maliyyə dəstəyi verir. O baxımdan bunu ekspertlər necə dəyərləndirirlər?

Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucovun sözlərinə görə, bu təəssüf doğurmaqla yanaşı, həm də rəzalətdir: "Belə hallar o cür tanınmış şirkətin nüfuzuna xələl gətirməklə yanaşı, digər məsələləri də özündə ehtiva edir. Belə görünür ki, "Coca-Cola” şirkəti Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edir. Buna görə Azərbaycandan üzr istəmək əvəzinə, müxtəlif vasitələrlə bunu gizlətməyə çalışırlar. Halbuki, ortada bununla bağlı videolar, digər faktlar var. Bu şirkətin heç bir mənəvi haqqı yoxdur ki, Azərbaycana qarşı belə xoşagəlməz addım atsın. Ona görə də hesab edirəm ki, Azərbaycan tərəfi bununla bağlı "Coca-Cola” şirkətindən izahat tələb etməlidir. Lazım gələrsə, bu şirkətin məhsulları kütləvi şəkildə boykot edilməlidir. Statusundan asılı olmayaraq, heç bir xarici şirkətə işğal altında olan ərazilərimizdə qanunsuz fəaliyyətə icazə verilməməlidir. Onların hansısa fəaliyyəti diqqətdən yayınmamalıdır. O baxımdan hesab edirəm ki, bu çox təəssüf doğuran haldır. Bununla bağlı müvafiq addımlar atılmalıdır”.


Mİllət