Şriftin ölçüsü / 171

AMİP Siyasi Şurasının iclası keçirilib

19 Oktyabr 2019 [12:58]

 AMİP Siyasi Şurasının növbəti iclası keçirilib. İclasda ilk olaraq 16 oktyabr tarixində, Azərbaycanda ilk qeydiyyatdan keçmiş siyasi partiya olan AMİP-in elan olunmasının 28-ci ili münasibətilə bütün Milli İstiqlalçılara təbrik müraciəti ünvanlanıb.

Həmçinin 18 oktyabr 1991-ci ildə "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbulu ilə tarixə düşən Mili Müstəqillik günü münasibətilə Azərbaycan xalqına təbrik müraciəti ünvanlanmışdır. AMİP qurucuları Etibar Məmmədov və Fuad Ağayev tərəfindən hazırlanmış və 16 oktyabr 1991-ci ildə "Millət” qəzetinin sınaq nömrəsində dərc edilmiş "Konstitusiya aktı” layihəsinin Parlament tərəfindən qəbul olunmuş konstitusiya aktında demək olar ki, bütövlüklə öz əksini tapması xüsusi olaraq vurğulanmış və Azərbaycanın Dövlət Müstəqilliyinin bərpası və tanınması istiqamətində AMİP lideri Etibar Məmmədovun xüsusi xidmətləri qeyd olunmuşdur.

İclasda həmçinin AMİP Mərkəzi Şurasının 13 oktyabr 2019-cu il tarixli iclasında qəbul olunmuş qərara müvafiq olaraq Bələdiyyə seçkiləri də müzakirə edilmişdir. Müzakirələrin nəticəsi olaraq seçkilərdə iştirak edib etməməklə bağlı qərarın verilməsi açıq saxlanılmış və yekun qərarın verilməsi üçün rayon (şəhər) təşkilarları ilə bir daha müzakirələrin aparılması qərara alınmışdır.

Bələdiyyə seçkilərində partiya namizədlərinin irəli sürülməsi və qeydiyyatı ilə bağlı seçki məcəlləsinin tələblərindən doğan çətinliklər də müzakirə edilmişdir. Müzakirələr zamanı qeyd olunmuşdur ki, seçki məcəlləsinin 54.5.1. və 54.5.2 –ci maddəsində partiya namizədlərinin müvafiq seçki komissiyalarına partiyanın Nizamnamə və qeydiyyat şəhadətnaməsinin notarial qaydada təsdiq olunması ilə bağlı tələb əks olunmuşdur ki, bu da partiyalara əlavə maliyə yükündən başqa bir şey deyil. Belə ki, Ədliyə Nazirliyində qeydiyyatdan keçmiş siyasi partiyaların adları məlum olduğu halda, eləcə də hər il qanuna uyğun olaraq MSK-ya hesabat təqdim edən siyasi partiyalar məlum olduğu halda bu partiyaların namizədlərindən yenidən nizamnamə və şəhadətnamə tələb etmək onsuz da ağır maliyyə durumunda olan partiyalara əlavə çətinliklər yaradır. İclasda bu məsələ ilə bağlı MSK-ya müraciət edilməsi qərara alınmışdır.

Siyasi Şura oktyabrın 19-da keçirilməsi gözlənilən aksiyaya da münasibət bildirmiş və bununla əlaqədar hakimiyyəti Konstitusiyanın 49-cu maddəsinə müvafiq olaraq sərbəst toplaşma azadlığına hörmətlə yanaşmağa, eləcə də aksiya iştirakçılarına qarşı zor tətbiq edilməsindən çəkinməyə çağırmışdır.

İclasda həmçinin ABŞ Prezidenti D.Trampın Türkiyə prezidenti R.T.Ərdoğana ünvanladığı məktub da müzakirə edilmiş və bu addım bütün diplomatik və etiket qaydalarının pozulması kimi qiymətləndirilmişdir.



Millət