Şriftin ölçüsü / 322

“...Paşinyan Putinin tələblərini yerinə yetirmir”

29 Oktyabr 2019 [17:31]
Arzuxan Əlizadə: "Bu, tərəflər arasında bir sıra məsələlərlə bağlı fikir ayrılıqlarının qalmasından xəbər verir”
img
Ermənistanın Baş naziri Nikol Paşinyan Avrasiya Hökumətlərarası Şurasının növbəti iclasında iştirak etmək üçün Moskvaya gedib. Ancaq Paşinyan Moskva səfəri zamanı bu dəfə də Rusiya Prezidenti Vladimir Putinlə görüşə bilməyib.

Tədbir çərçivəsində Paşinyan Rusiya Baş naziri Dmitri Medvedyevlə görüşüb. Medvedyev Şuraya sədrlik etdiyi üçün Ermənistana təşəkkür edib: "Düşünürəm ki, sədrlik özünəməxsus sənətdir, çünki müəyyən vəziyyətlər ola bilər. Bu, ölkələrimiz arasında ticarət-iqtisadi əməkdaşlıq, investisiya, əməkdaşlıq məsələlərini müzakirə etmək üçün yaxşı bir səbəbdir. Bəzi məsələlər müzakirə olunmalıdır”.

Öz növbəsində, Paşinyan Şurada Ermənistanın sədrliyinin sona çatdığını deyib: "Sədrliyimiz səmərəli oldu. Bu il Aİİ ilə İran arasında bir müqavilə qüvvəyə mindi”.

Göründüyü kimi, Putin, əvvəlki kimi, Paşinyanla görüşməyə həvəsli deyil. Belə olmasaydı, tərəflər arasında, ən azından, yarım saatlıq bir görüş olardı. Adətən bu kimi tədbirlər dövlət başçılarının ikitərəfli görüşləri üçün bir vasitə rolunu oynayır. Nəzərə alsaq ki, Ermənistan həm Avrasiya İqtisadi İttifaqında, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında təmsil olunur, o zaman tərəflər arasında problemsiz görüşlər keçirilməlidir. Ancaq, bəlli olduğu kimi, Putinlə görüşə bilməyən Paşinyan yenə qapı arxasında qaldı.

Sözügedən məsələ ilə bağlı fikirlərini "Bakı-Xəbər”lə bölüşən AMİP-in baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, bu, tərəflər arasında bir sıra məsələlərlə bağlı fikir ayrılıqlarının qalmasından xəbər verir: "Məlum olduğu kimi, Aİİ-nin İrəvanda keçirilən tədbiri Paşinyan üçün uğurlu olmadı. Rusiya Prezidenti Vladimir Putin Aİİ xatirinə İrəvana getdi. Paşinyan il yarımdır Baş nazirdir, amma hələ də Moskvaya rəsmi səfər etməyib. O cümlədən, Putin də Ermənistana analoji səfər etməyib. Bir sıra məsələlərlə bağlı Paşinyan Putinin tələblərini yerinə yetirmir. Putinin Paşinyandan başlıca xahişi sabiq prezident Robert Köçəryanın həbsdən azad edilməsi ilə bağlı idi. Ancaq Paşinyan onun bu istəyini yerinə yetirməkdən imtina etdi. Rusiyanın Ermənistandaki iqtisadi maraqlarına yönəlik müəyyən proseslər gedir. Paşinyan Baş nazir olandan bəri Qərbə yönəlik reveranslar edir və bütün bunlar Rusiya Prezidentini qane etmir. Rusiya rəsmiləri və hökumətin maraqlarından çıxış edən bir sıra siyasətçilər dəfələrlə bunu bəyan ediblər. Bütün bunlar ondan xəbər verir ki, Rusiya hakimiyyəti Paşinyanın apardığı siyasətə səmimi yanaşmır. Bu səbəbdən Paşinyanın Rusiyaya səfərləri məhdud çərçivədə görüşlərdən o tərəfə keçə bilmir”.


Millət