Şriftin ölçüsü / 400

AMİP hər cür situasiyaya hazırdır

03 Dekabr 2019 [17:02]
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının iclasında Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı təklif ölkənin siyasi gündəmini dəyişdi.

Növbədənkənar parlament seçkilərinin keçirilməsi uzun zamandır müzakirə olunsa da, qərarın ilin yekununda verilməsi siyasi cameədə birmənalı qarşılanmadı. Bir sıra siyasi partiyalar seçkilərə hazır olmadığını bəyan etsə də, bəziləri, o cümlədən hakim Yeni Azərbaycan Partiyası hazırdır. Bu haqda YAP icra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov jurnalistlərə açıqlamasında məlumat verib. YAP yetkilisi deyib ki, artıq hansı dairədən kimin namizədliyinin irəli sürüləcəyi onlara bəllidir.

Qeyd edək ki, Milli Məclisin 2 dekabrda keçirilən plenar iclasında parlamentin buraxılması və növbədənknar seçkilərin təyin olunması ilə bağlı 99 deputatın razılığı ilə Prezidentə müraciət edilib.

Maraqlıdır, müxalifəti təmsil edən siyasi partiyalar necə, seçkilərə hazırdırmı?

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov da təmsil etdiyi partiyanın seçkilərə hazır olduğunu bildirib:

"Parlamentin buraxılması ilə bağlı yaranmış situasiya müxalifət düşərgəsini qəfil yaxaladı. Lakin AMİP hər cür situasiyaya hazırdır. Partiyanın yerli strukturlar demək olar ki, seçki prosesinə hazırdır. Rayon təşkilatlarına edilən səfərlər, yerlərdə keçirilən görüşlər, habelə yenidən təşkilatlanma imkan verdi ki, vaxt itirmədən gedən proseslərə tam gücümüzlə qatıla bilək. Doğrudur, növbədənkənar parlament seçkilərinə çox az vaxt, yəni 60 gün qalır. Bu müddət ərzində uğurlu seçki kampaniyası aparmaq elə də asan deyil. Buna baxmayaraq, partiyanın strukturlarının işlək vəziyyətdə olması və mobillik parlament seçkilərində yüksək səviyyədə iştirakımızı asanlaşdıracaq. İnanıram ki, növbəti parlament seçkilərində AMİP parlament partiyası olacaq”.Cebhe.info