Şriftin ölçüsü / 2130

Lavrovun daxilində erməni qanı belə bəyanat verməyə onu məcbur etmişdi

10 Dekabr 2019 [17:01]
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda iki günlük səfərdə olub. Azərbaycan prezidenti İlham Əliyev onu qəbul edib. Prezident bildirib ki, Azərbaycanla Rusiya bir sıra istiqamətlər üzrə əhəmiyyətli dərəcədə irəliləyib, beynəlxalq təşkilatlarda bir-birini fəal dəstəkləməklə qarşılıqlı siyasi əlaqələri möhkəmlədib.

Ölkə başçısı Azərbaycan nümayəndə heyətinin tam heyətdə Rusiyanın AŞ PA-ya qayıtmasının lehinə səs verdiyini də xatırladıb və qeyd edib ki, biz də həmişə beynəlxalq strukturlarda bizi narahat edən məsələlərlə bağlı Rusiya Federasiyasının dəstəyini hiss edirik.

İlham Əliyev Lavrovla görüşdə həmçinin deyib ki, Ermənistanla Azərbaycan arasında münaqişənin nizamlanması istiqamətində nəzərəçarpan nəticələr olmayıb. Prezident bunun əsas səbəbinin Ermənistan rəhbərliyinin səmərəsiz siyasəti, xüsusən "Qarabağın Ermənistan olması” barədə bəyanatının olduğunu vurğulayıb.

Sergey Lavrov bildirib ki, onlar da münasibətləri analoji şəkildə qiymətləndirirlər, iki ölkə arasında münasibətlər yüksəlişdədir, bütün sahələrdə durmadan inkişaf edir. Prezident Putin ilə prezident Əliyevin müntəzəm əlaqələri bunu təsdiq edir. O, Qarabağ münaqişəsinin nizamlanması barədə danışarkən deyib ki, Rusiya həm Vyana sammitində, həm sonradan nazirlərin Moskva görüşündə etimad tədbirləri, humanitar əlaqələrin, kütləvi informasiya vasitələri xətti ilə əlaqələrin nizamlanması barədə əldə edilmiş razılaşmaların bu il təsdiqlənməsində və həyata keçirilməsində maraqlıdır. Lavrov prezident İlham Əliyevin "siyasi nizamlama, uzunmüddətli nizamlama baxımından hələ çox iş görülməlidir” tezisini tam dəstəklədiyini bildirib. O deyib ki, hər iki tərəfin bəyəndiyi əsas prinsiplərə, BMT Nizamnaməsində və Helsinki Yekun Aktında təsbit olunmuş prinsiplərə zidd olan ritorikadan çəkinmək lazımdır.

Dekabrın 3-də Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra mətbuat konfransında isə Lavrov bildirib ki, humanitar sahədə nümunəvi əməkdaşlıq qurulub: "Gələn il Rusiyada Azərbaycan Günlərini keçirməyi planlaşdırırıq. Azərbaycanda rus dilinin inkişafı və tədrisi üçün minnətdarıq. Azərbaycanda rus dilində təhsilə tələbatın necə yüksək olduğunu görürük. Eyni zamanda bu gün Rusiya universitetlərində 11 mindən çox azərbaycanlı tələbə təhsil alır, onların mindən çoxu Rusiya hökumətinin xətti ilə oxuyur”.

Rusiya XİN başçısı deyib ki, rəsmi Moskva Azərbaycan və Ermənistan XİN başçılarının Bratislavadakı görüşündən nəticə gözləyir.

Politoloqlar Rusiya xarici işlər nazirinin Bakı səfərinin iki ölkənin münasibətlərinin inkişafı baxımından əhəmiyyətli olduğunu düşünürlər. Lakin səfərin Qarabağ məsələsinin həllində ciddi nəticə verəcəyini gözləmirlər.

AMİP beynəlxalq əlaqələr üzrə katibi Elşən Mustafayev də bildirdi ki, Lavrovun Bakı səfərinin Qarabağ probleminin həllinə hansısa təsir göstərəcəyi inandırıcı deyil: "Xüsusən də dünyada və regionda baş verən hadisələr fonunda təəssüf ki, Dağlıq Qarabağ məsələsinin həlli bu gün üçün gündəlikdə olan problemlər sırasında görünmür. Problemin birbaşa həlli Rusiyaya bağlı olduğundan, rəsmi Moskva zaman-zaman konfliktin həlli baxımından imitasiyalar etməyə məcburdur.  Çox zaman da bu işə Lavrovu qoşurlar. Hesab edirəm ki, Lavrov son Ermənistan səfərində onun üçün çəkilmiş cizgiləri keçmişdi. Yəni verdiyi bəyanatında Dağlıq Qarabağ ermənilərini tərəf kimi göstərmişdi. Tərəflər arasında üzdə balans saxlama siyasətini yürüdən Rusiya üçün bu bəyanat indiki zamanda uyğun olmadığından Mariya Zaxarova açıqlama verərək konfliktdə və danışıqlarda iki tərəfin - Azərbaycan və Ermənistanın olduğunu bildirmişdi. Çox güman ki, Lavrovun daxilində erməni qanı belə bəyanat verməyə onu məcbur etmişdi. Əslində indiyə qədər olan bəyanatlarında o, hər zaman ehtiyatlı davranmağa çalışmışdı. Onun Bakı səfərinin sıradan növbətçi səfər olması heç kimə sirr deyil. Eyni zamanda İrəvanda verdiyi bəyanatı Bakıda kompensasiya etməyi də çox güman ki, ona tapşırıblar. Amma bu barədə ictimaiyyətə məlumat verilmədi. Bəlkə də ikitərəfli danışıqlarda ifadələrinə düzəliş etməyə cəhdlər göstərib. Mən hesab edirəm ki, Dağlıq Qarabağ məsələsində proseslərə təsir edə biləcək əsas faktor yalnız Rusiya və Azərbaycan dövlət başçıları arasında ikitərəfli danışıqlar və razılaşmalardır. Arada olan vasitəçilərin işi isə texniki məsələlərlə məşğul olmaqdır. Əgər gələcəkdə Rusiyada və regionda siyasi və iqtisadi proseslər fərqli istiqamətdə inkişaf edərsə, o zaman alternativ yollar da açıla bilər”. "Yeni Müsavat”


Millət




Digər Xəbərlər