Şriftin ölçüsü / 16152

ABŞ prezidentinə qarşı impiçment elan olunacaq

18 Dekabr 2019 [15:14]
Dekabrın 18-də ABŞ konqresinin Nümayəndələr palatasında impiçment prosesi çərçivəsində Prezident Donald Trampa qarşı iki maddəlik ittiham üzrə səsvermə keçiriləcək.

AZƏRTAC ABŞ telekanallarına istinadla xəbər verir ki, bu barədə Nümayəndələr palatasının spikeri Nensi Pelosinin bəyanatında deyilir.

Bir qədər əvvəl prosedur komitəsi debatların və impiçment qətnaməsi üzrə tam heyətlə səsvermənin keçirilməsi qaydalarını təsdiqləyib. Qətnamə üzrə debatlara ayrılan 6 saat iki partiya arasında bərabər bölünəcək. Sonra isə qanunvericilər hər iki ittiham maddəsinə ayrı-ayrılıqda səs verəcəklər.

Qeyd edək ki, İcmalar palatasının hüquq komitəsi dekabrın 13-də impiçment çərçivəsində Donald Trampa qarşı iki maddə üzrə ittihamı təsdiqləyib. Demokratik partiyanın nümayəndələri Amerika administrasiyasının hazırkı rəhbərini vəzifədən sui-istifadədə və Konqresin təhqiqatına maneə olmaqda ittiham edir.

Konqresmenlər ittihamları dəstəkləsə, ABŞ prezidentinə qarşı impiçment elan olunacaq. Donald Tramp hələlik hakimiyyətdən uzaqlaşdırılmasa da, rəsmən "impiçment elan olunan” prezident adlandırılacaq.

Sonrakı proseduralar, o cümlədən hakimiyyətdən kənarlaşdırılma üzrə impiçment prosesi Konqresin yuxarı palatası olan Senata keçiriləcək. Burada senatorların hakim, Nümayəndələr palatası üzvlərinin isə ittihamçı qismində çıxış edəcəyi məhkəmə prosesi baş tutacaq. Prosesin sonunda keçiriləcək səsvermədə prezidentin vəzifədən kənarlaşdırılması üçün senatorların 2/3 hissəsinin səsi lazımdır. Hazırda ABŞ senatında çoxluğun respublikaçıların əlində olmasını nəzərə alsaq, çox güman ki, impiçment prosesi bu etapda bloklanacaq.


Millət




Digər Xəbərlər