Şriftin ölçüsü / 800

Partiya sədrindən səfərbərlik təklifi - könüllülər məsələsinə fərqli yanaşmalar var

01 Aprel 2020 [17:29]
Ölkədə koronaviursla mübarizədə könüllülər də iştirak edir. Bəs müxalifət düşərgəsi, partiyalar, gənclər evdəqal kampaniyasında dəstəyə möhtac olan qruplara - tənha qocalara, əlillərə, 65+-lara necə kömək etməyi düşünür, nələr təklif edir? Dövlətin maddi resursları var. Xüsusi Fond yaradılıb. Lakin insani resurslar məsələsində-könüllülərdə dəstək lazım. Müxalifət öz üzvlərindən könüllü dəstələr siyahılaşdırıb, Operativ Qərargaha təqdim etmək haqda fikirlışirmi?

AMİP katibi Əli Orucov isə bildirdi ki, artıq Milli İstiqlal Partiyası koronavirusla mübarizədə hökumətə dəstək verməyə hazır olduğu haqda rəsmi bəyanat yayıb: "Azərbaycan Milli İstiqlal Partiyası koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə çərçivəsində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın sərhədlərin bağlanması, ölkə miqyasında bütün kütləvi tədbirlərin və idman yarışlarının təxirə salınması, tədrisin dayandırılması, toy və yas mərasimlərinə qoyulan məhdudiyyətlər, ictimai-iaşə obyektləri üçünqısa müddətli iş saatının müəyyənləşməsi, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna giriş və çıxışın məhdudlaşdırılması da daxil olmaqla, görülən bütün qabaqlayıcı tədbirləri təqdir edir və vəziyyətin normallaşması üçün Azərbaycan hakimiyyətinə dəstək verməyə hazır olduğunu bəyan edir. Virusun daha çox yaşlı insanlara təsirini nəzərə alaraq, 65 yaşdan yuxarı yaşlı vətəndaşlarımızın təqaüdlərinə ən azı 3 ay müddətinə əlavə ödənişlərin edilməsini də təklif edirik".

AĞ Partiyanın sədri Tural Abbaslı Musavat.com-a bildirdi ki, koronavirus pandemiyası dünyanın 1 nömrəli problemidir, bu problemin həlli dünya qarşısında duran əsas məsələyə çevrilib və Azərbaycan da bu məsələdə kənarda qala bilməz və qalmır: "Ancaq hər dövlət və hakimiyyət öz gücünə və bacarığına uyğun mübarizə aparır.

Biz AĞ Partiya olaraq indiki dönəmdə pandemiya ilə mübarizədə iqtidar-müxalifət, siz-biz ayrıseçkliyi salmağın tərəfdarı deyilik və belə də etmirik. Odur ki, lap ilk gündən buməsələdə siyasi partiya kimi üzərimizə düşən bütün məsələləri qeyd-şərtsiz icra etməyə hazır olduğumuzu bəyan etmişik. Ancaq, bu, o demək deyil ki biz müxalifət funksiyalarımızdan da tam imtina etmişik. Əksinə, belə məqamlarda görülməli işlər və çatışmazlıqlar barədə səmimi və qərəzsiz müxalifətlik daha önəmlidir. Çünki məlum məsələdir ki, iqtidar daxilində kimsə atılan addımlarda, görülən işlərdə olan çatışmazlıqlardan danışmaqda maraqlı deyil. Könüllülər işinə insan resursu baxımından dəstək verməyimiz lazım olacaqsa, əgər hökumətdən müraciət olarsa biz də partiya resurslarımza uyğun dəstək verməyə hazırıq”.

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev bildirdi ki, könüllülər məsələsinə özfəaliyyətdən söhbət gedə bilməz: "Yalnız müvafiq dövlət orqanlarının, operativ qərargahın çağırışı və təşkil etməsi nəticəsində siyasi partiyalar öz insan resursları ilə dəstək verə bilərlər. Belə olarsa, əlbəttə ki, müxalif partiyaların da könüllüləri kimsəsiz, ahıl, qulluğa ehtiyacı olanlara kömək edə bilərlər”.

ADP sədri Sərdar Cəlaloğlu isə qeyd etdi ki, bu məsələ könüllülük prinsipi yox, dövlət səviyyəsində məcburi yolla səfərbəlik prinsipi ilə həyata keçirilməlidir: "Könüllülük ilk vaxtlar lazımdır. Artıq xəstəliyin yayılması genişlənib. Ona görə də artıq dövlət səviyyəsində nəzarət altında səfərbərlik elan olunmalıdır. Bu işdə romantizmə yol vermək olmaz. Çünki könüllülər sırasında da yoluxanlar ola bilər. Evlərə gedənlər xüsusi geyimdə olmalıdır. Bu işi isə hökumətdən kənarda etmək olmaz”.

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn isə dedi ki, imkanı çatan hər bir vətəndaşın, həmçinin siyasi partiyaların üzvlərinin bu prosesdə iştirakı arzuolunandır: "Lakin bu məsələdə insanların öz arzusu ilə seçiminə imkan vermək lazımdır. Partiya üzvünü və ya adi vətəndaşı məcbur da etmək olmaz. Bizim partiyanın nəinki gənc üzvləri, şəxsən mən özüm də könüllü olaraq prosesdə iştirak etməyə, resurslarımızdan istifadə etməyə hazır olduğumuzu rəsmən elan etmişik. Koronovirusla mübarizədə siyasi mövqe məsələsi kənara qoyulmalı, milli həmrəylik ortaya qoyulmalıdır. Təkcə gənclər yox hər kəs könüllülük işinə hazır olmalıdır”.Musavat.com


Millət




Digər Xəbərlər