Şriftin ölçüsü / 646

Müxalif siyasi partiyalar hakimiyyətə müraciət etdi

13 Aprel 2020 [15:36]
SİYASİ PARTİYALAR TƏRƏFİNDƏN
Azərbaycan Respublikasının Nazirlər Kabinetiyanında Operativ Qərarğaha "COVİD-19" pandemiyasının fəsadları ilə bağlı tədbirlər barəsində
                                                                  M Ü R A C İ Ə T
Biz, bu müraciəti imzalayan təşkilatların rəhbərləri dünyanın qarşılaşdığı "COVİD-19” pandemiyasının Azərbaycan əhalisinə və iqtisadiyyatına güclü neqativ təsirlərindən dərin narahatlıq keçirdiyimizi bildirərək, pandemiyanın fəsadlarının azaldılması üçün hökumət tərəfindən müəyyən qərarlar alındığını və işlərin görüldüyünü və tədbirlərin həyat keçirildiyini (karantin rejiminin tətbiqi və müvafiq icra strukturlanın yaradılması,, koronovirus xəstələrinin müalicəsi üçün ayrıca xəstəxanaların ayrılması və yeni xəstəxanaların tikintilərinə başlanması, xəstəliyin yaylmasının qarşısının alınması üçün vasitələin, avadanlıq, maska, tibbi spirt və s alınması və istehsalına başlanması, karantinin və epidemiyanın nəticəsində əməl gələn iqtisadi və sosial böhranın ardan qaldırılması üçün maliyə vəsaitinin ayrılması və s.) qeyd edərək və pozitiv dəyərləndirərək eyni zamanda bu sahədə atılan addımların, xüsusən pandemiyanın əhalinin yaşayış səviyyəsinə mənfi təsirlərinin aradan qaldırılması üçün nəzərdə tutulan tədbirlərin yetərli və kifayət olmadığı, habelə qərarların qəbul edilməsində və icrasında bir sıra ciddi qüsurlara, yanlışlıqlara qanunsuz hərəkətlərə, ləngimələrə yol verildiyi (karantin rejimi ilə bağlı gəlir mənbələrini itirmiş şəxslərə yardım göstərilməsinin gecikdirilməsi, əhalinin iş yerlərinə gediş-gəlişinin, sosial xidmətlərin qənaətbəxş təşkil edilməməsi, vətəndaşların qanunvericiliyə zidd yolla cərimələnməsi və bir sıra müxalifət qüvvələrinin siyasi məqsədlərlə əlaqələndirdiyi həbslər, bəzi sərhəd yerlərində qurulmuş karantin çadırlarında anti-sanitar durumun mövcud olması, işsizlərə fərdi yardımların ünvanına çatdırılmaması, siyasi partiyaların fəaliyyətinə qeyri-qanuni məhdudiyyətlər qoyulması və s.) qənaətində olduğumuzu bəyan edirik və milli iqtisadiyyat, əhalinin sağlamlığı və rifahı üçün yaranmış təhlükəni azaltmaq, görüləcək işlərin təsir gücünü artırmaq məqsədilə aşağıdakı təkliflərin hökumət tərəfindən həyata keçirilməsini zəruri hesab edirik:
1.Əhalinin sağlamlığının qorunması sahəsində:
1.1.Virusun aşkarlanması və ona qarşı tədbirlərin effektivliyinin atırılması üçün testlərin kütləviliyi təmin edilsin.
1.2. Viruslara yoluxmuş şəxslərin erkən mərhələdə aşkarlanması üçün ekspress diaqnostikasının bütün bölgələrdə yaradılması və əhalinin geniş təbəqələrinin müainəyə cəlb olunması təmin olunsun.
1.3.Karantinin həyata keçirildiyi məkanların tibbi ləvazimatlar, xüsusilə də süni nəfəs avadınlıqarı ilə təchizatı gücləndirilsın və bu avadanlıqların ehtiyyatı yaradılsın.
1.4.İran, Rusiya və Gürcüstanla sərhəddə səyyar karantin çadırları ləğv edilsin və həmin yerlərdə karantində saxlanılan vətəndaşlar normal şəraiti və tibbi təchizatı olan məkanlara köçürülsün. Gələcəkdə də bənzər epidemiyaların baş verəcəyi ehtimalı nəzərə alınaraq ölkənin sərhəd qapılarında infekson xəstəxanalar və karantin- təcrid infrastrukturu yaradılsın.
1.5.İnfeksion xəstəliklər sahəsində kadrların hazırlanması və elmi- tədqiqat işlərinin təşkili gücləndirilsin. Bu sahədə həkimlərin mühafizəsi, tibbi və maddi təminatı üçün xüsusi tədbirlər həyata keçirilsin.
1.6. Epidemiyalar və xüsusi karantin rejimi dövrlərində 65 yaşdan yuxarı əhalinin tibbi və sosial ehtiyaclarının ödənilməsi üçün yaradılmış xüsusi xidmət qruplarının sayı və işi əhəmiyyətli dərəcədə yaxşılaşdırılsın, bu məqsədlə xüsusi zonaların yaradılması nəzərdə tutulsun.
1.7.Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi vurusun coğrafiyasına dair interaktiv surətdə yeniləşən xəritə hazırlasın.
1.8.Əhali koronavirus pandemiyasının fəsadlarına dair müntəzəm, açıq-aydın və dürüst şəkildə məlumatlandırılsın.

2.Əhalinin sosial təminatı sahəsində:
2.1. Bu ilin aprel ayından başlayaraq müstəqil gəliri olmayan (karantin rejiminin tətbiqi nəticəsində gəlir mənbəyindən məhrum olmiş şəxslər) üçün fərdi dəstək proqramı çərçivəsində böyüklər üçün 250 manat, 18 yaşdan aşağı uşaqlar üçün 125 manat birdəfəlik və müddətli (2-3 və ya 6 aylıq) yardım müəyyən edilsin və dərhal ödənməyə başlansın.
2.2. Kommunal ödənişlərə görə güzəştlər tətbiq olunsun. İşıq, qaz və suyun güzəştli qiymətlə ödəniş limiti artırılsın, kommunal təchizatın borca görə dayandırılmasına, ödəmənin ləngiməsinə görə çərimə faizləri hesablanmasınayol verilməsin.
2.3.Əhalinin bütün mənbələr və növlər üzrə gəlirlərinin, habelə minimum ehtiyac meyarının müəyən edildiyi məbləğin bu ilin aprelin 1- nə olan real alıcılıq dəyərinin saxlanması təmin edilsin və lazım gələrsə bu məbləğlərin müntəzəm indeksasiyası və fərqin ödənilməsi müntəzəm şəkildə təmin edilsin.
2.4. Uşaqlara (o cümlədən tam orta məktəbdə təhsil alan 18 yaşınadək şagirdlərə) görə ailələrə yardım göstərilməsi sistemi işlənib hazırlansın və həyata keçirilsin. Bu ilin aprel ayından uşaqlara görə müəyyən edilmiş "uşaq pulu”nun ailələrin birbaşa ünvanlarına göndərilməsi təmin edilsin.
2.5. Ölkədə makroiqtisadi sabitliyin təmin edilməsi şərti ilə aşağıdakı tədbirlərin həyata keçrilməsi reallaşdırılsın:
2.5.1.Dövlətin sosial təminat proqramının istifadəçiləri olan işsizlərin, ünvanlı sosial yardım alanların, bütün növ (əmək, yaşa və ailə başcısını itirməyə görə) pensiyaçıların, şəhidlərin, müharibə və ya 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş şəxslərin, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının və müddətli hərbi xidmət qulluqçularının ailələri aprel 1-dən hesablanmaq şərtilə kommunal ödənişlərdən 3 ay və ya 6 ay müddətində azad edilsin.
2.5.2.Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün müəyyənləşdirilən ehtiyac meyarının həddi 160 manatdan 190 manata çatdırılsın.
2.5.3.Rəsmi qeydiyyata alınan bütün iş axaranlara və işsiz statusu olanlara, eləcə də pandemiyanın təsirindən işini itirənlərə minimum əmək haqqı səviyyəsində işsizliyə görə sığorta haqqı ödənilsin.
2.5.4.Minimum pensiyanın məbləği 200 manatdan 250 manatadək, minimum əmək haqqının məbləği 250 manatdan 300 manatadək artırılsın.
2.5.5.Bütün növ aylıq (şəhid ailələrinə, yaşa görə, əlilliyə görə, ailə başçısını itirməyə görə, sağlamlıq imkanları məhdud olan 18 yaşadək uşaqlara) müavinətlərin məbləği 50 faiz və birdəfəlik (uşağın anadan olması, dəfnə görə) müavinətlərin məbləği 2 dəfə artırılsın.
2.5.6.Məcburi köçkünlərə ödənilən vahid aylıq müavinətin məbləği 50 faiz artırılsın.

3. İqtisadi və fiskal dəstək sahəsində:
3.1.Kölgə iqtisadiyyatına, qanunsuz inhisarçı sahibkarlıq fəaliyyətinə və süni qiymət artımına qarşı mübarizənin gücləndirilməsi məqsədilə effektiv və təsirli tədbirlər həyata keçirilsin.
3.2.2020-ci ilin dövlət büdcəsinə, eləcə də Dövlət Neft Fondunun,Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun büdcələrinə yenidən baxılsın və mövcud real vəziyyətə müvafiq olaraq həmin büdcələrə dəyişikliklər və əlavələr edilsin.
3.3.Pandemiyanın iqtisadiyyata və əhalinin gəlirlərinə təsirlərini azatmaq məqsədilə dövlət büdcəsinin formalaşdırılmasına əlavə maliyyə qaynaqları cəlb olunsun və əhalinin sosial durumunun dayanıqlığını qorumaq üçün ayrılan vəsait dövrü olaraq artırılsın.
3.4.Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında Qanunda yaranmış real vəziyyətə müvafiq olaraq dəyişikliklər edilsin.
3.5.Pandemiya dövründə səhiyyə müəssislərində, apteklərdə, mağazalarda, banklarda, poçt idarələrində, ictimai xidmətlər göstərən dövlət şirkətlərində və özəl müəssisələrdə çalışan insanların əməyinin stimullaşdırılması üçün tədbirlər müəyyən edildin.
3.6.Həyati əhəmiyyətə malik ərzaq növlərinin (çörək, düyü, yağ, şəkər, çay və s.) pandemiyaya qədərki pərakəndə satış qiymətlərinin sabit saxlanması təmin edilsin. Bu məqsədlə ixrac olunan malların dünya qiymətinin artmasının təsirini aradan qaldırmaq üçün dövlət hesabına subsidiyalaşma və zəruri hallarda dövlət inhisarının tətbiqi nəzərdə tutulsun.
3.7. Ölkədə istehsal olunan həyati əhəmiyyətli ərzaq məhsullarının dünya qiymətinə uyğun satış qiymətləri ilə alınması sistemi işlənib hazırlansın və tətbiq edilsin. Əsas ərzaq məhsulları, dərman və tibbi avadanlıq və məmulatların strateji ehtiyatlarının yaradılması təmin edilsin.
3.8. Karantin rejiminin tətbiqi nəticəsində sahibkarlara dəymiş zərərə görə dövlət tərəfindən təzminat ödənilməsi haqqında qanun qabul edilsin.
3.9. İqtisadi – maliyyə sektorunun qorunması, sabitliyi və inkişafının təmin edilməsi ilə bağlı antibohran proqramı hazırlanıb həyata keçirilsin.

4.Özəl biznesə dəstək sahəsində:
4.1.Mərkəzi bank uçot dərəcələrinə yenidən baxsın, kommersiya banklarının, lizinq təşkilatlarının faiz dərəcələrinin aşağı salınmasını stimullaşdıran tədbirlər həyata keçirsin.
4.2.Kommersiya bankları, bank olmayan kredit və lizinq təşkilatları tərəfindən bütün növ kreditlər (biznes, istehlak, ipoteka və s.) üzrə əsas və borc ödənişləri üçün 6 aylıq tətil elan edilsin. Mərkəzi bank bunun üçün tələb edilən vəsaitin ayrılmasını təmin etsin.
4.3. Pandemiyadan əhəmiyyətli dərəcədə zərər çəkən fermerlər, kiçik və orta biznes subyektləri və fərdi sahibkarlar üçün vergi tətilləri müəyyən olunsun və onlara güzəştli şərtlərlə kreditlər verilsin, işçilərin sayından asılı olaraq birdəfəlik yardımlar edilsin.
4.4. Əsas ərzaq məhsullarınınn, pandemiya ilə mübarizə üçün istifadə olunan dərman preparatlarının, tibbi ləvazimatların və avadanlıqların Azərbaycana idxalına tətbiq olunan gömrük rüsümları və əlavə dəyər vergisi müddətli olaraq aradan qaldırılsın.
4.5.Pandemiya dövründə əhalinin sağlamlığının və həyatının qorunması üçün böyük həcmli vəsaitlər ayıran sahibkarlara maliyyə, kapital və əmlak amnitsiyaları tətbiq edilsin.

5. Xüsusi müddəalar:
5.1. Karantin rejiminin Azərbaycan Respublikası Konstitusiyasınınnorma və prinsiplərinə tam uyğun şəkildə həyata keçirilməsi təmin edilsin.
5.2. Pandemiya və onun nəticələrinə qarşı mübarizə tədbirləri prosesində əsassız olaraq insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasına, siyasi təqib və repressiya hallarına yol verilməsin.
5.3. Xüsusi karantin rejimi müddətində siyasi partiyaların ali orqanlarının işi icazəli fəaliyyət növlərinə aid edilsin, siyasi partiya və ictimai-siyasi hərəkat rəhbərlərinin hərəkət azadlığı təmin olunsun.
5.4.Pandemiyaya qarşı mübarizədə ictimai həmrəyliyin mühüm rolu nəzərə alınaraq həbs yerlərində olan şəxslərə münasibətdə geniş amnistiya tətbiq edilməsi, milli və beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınmış şəxslərin hamılıqla azad olunması təmin edilsin.
5.5. Pandemiyaya qarşı mübarizə məqsədilə təsis olunmuş qurumların fəaliyyətinin effektivliyini və onlara ictimai etimadı artırmaq üçün həmin orqanlarda siyasi müxalifət nümayəndələrinin iştirakı təmin edilsin.
5.6. Bütün tədbirlər üzrə maliyyələşdirmə dövlət büdcəsindən, Koronavirusla Mübarizəyə Dəstək Fonduna daxil olan vəsaitdən və büdcədən kənar digər fondlardan həyata keçirilsin.
5.7. Koronovirusa qarşı mübarizə məqsədi ilə büdcə və digər mənbələrdən cəlb edilən vəsaitlərin xərclənməsində aşkarlıq və ictimai hesabatlılıq təmin edilsin.

Hörmətlə
Arzuxan Əlizadə - Milli İstiqlal Partiyasının sədr əvəzi
Elşad Musayev – Böyük Azərbaycan Partiyasının sədri
Əli İnsanov – Haqq Ədalət Patiyasının sədri, akademik
Əli Əliyev - Vətəndaş və İnkişaf partiyasının sədri
Hacıbaba Əzimov – Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri, istiqlalçı deputat, professor
İqbal Ağazadə - Ümid Partiyasının sədri
Qubad İbadoğlu – Demokratiya və Rifah Hərəkatının sədri, professor
Qulamhüseyn Əlibəyli–Aydınlar Partiyasının sədri
İyas İsmayılov - Ədalət Partiyasının sədri
Mətləb Mütəllimli – Sosial Siyasət Partiyasının sədri, istiqlalçı deputat
Mirmahmud Mirəlioğlu – Klassik Xalq Cəbhəsi Partiyasının sədri, istiqlalçı deputat
Pənah Hüseyn – Xalq Partiyasının sədri
Rafiq Turabxanoğlu - Azərbaycan Xalq Demokrat Partiyasının sədri
Sərdar Calaloğlu – Azərbaycan Demokrat Partiyasının sədri
Sülhəddin Əkbər – Azad Demokratlar Partiyasının sədri, istiqlalçı deputat
Tural Abbaslı – Ağ Partiyasının sədri
09.04.2020


Rəşad Bayramov




Digər Xəbərlər