Şriftin ölçüsü / 941

Hakimiyyət sui-istifadəyə yol verməməlidir

01 May 2020 [13:37]
Partiya funksionerləri onlayn mitinqin istənilən effekti verəcəyini düşünmür
Rusiya müxalifəti "Youtube” platformasında "Həyat uğrunda” şüarı ilə onlayn mitinq təşkil edib. Mitinq "Yox!” kampaniyasının təşkilatçıları tərəfindən gerçəkləşdirilib.

Onlayn tədbirin iştirakçıları hakimiyyəti böhran günlərində konstitusiyaya dəyişikliklər aparmaq yerinə, insanların həyatını xilas etməyə çağırıblar. Tələblər arasında bölgələrdə çalışan həkimlərin bütün zəruri vəsaitlərlə təmin olunması, koronavirusdan zərər çəkən vətəndaşlara birbaşa müavinətlərin ödənilməsi və kiçik biznesə yardım göstərilməsi, habelə epidemiya ilə mücadilə zamanı rusiyalıların hüquqlarının qorunması və konstitusiya islahatlarından imtina edilməsi yer alıb.

"Youtube”dakı aksiya 20 minə yaxın insan tərəfindən dəstəklənib və 3 saat davam edib. Bəs Azərbaycan müxalifəti onlayın mitinq keçirə bilərmi? Planında belə bir aksiya varmı?

AMİP katibi Əli Orucov da qeyd etdi ki, getdikcə virtual aləm real aləmi üstələməkdədir. Bütün müzakirələr və məlumatların yayılması sosial şəbəkələr üzərindən həyata keçirilir. Xüsusən də koronavirus pandemiyası cəmiyyəti real həyatdan daha da uzaqlaşdırdı: "Amma onlayn müzakirələr, internet resurslarının daha geniş yayılmasına baxmayaraq kütləvi etiraz formasının internet üzərindən keçirilməsi istənilən effekti verəcəyini düşünmürəm. Hesab edirəm ki, Azərbaycanda bütün sahələrdə vəziyyətin getdikcə ağırlaşmasına baxmayaraq koronavirus pandemiyası dövründə hansısa etiraz mitinqlərinin keçirilməsini düzgün saymıram. Lakin bu heç də o anlamı vermir ki, iqtidar tərəfi nə istədiyini edəcək, müxalifət olaraq da biz seyrçi qalacağıq. İndiki çətin dönəmlərdə hakimiyyətə müəyyən kart-blanş verməyin özü də xoş məramı göstərmək deməkdir. Bundan hakimiyyət sui-istifadə etməməli, problemlərin həllinə və çətin durumdan Azərbaycanı az itkilərlə çıxarmağa yönəltməlidir. Bununla belə, AMİP digər müxalif siyasi partiyalarla müntəzəm əlaqə saxlayıb bu və ya digər məsələlərlə bağlı fikir mübadiləsi aparır. Məsləhətləşmələr davam etdirilir. Yaxın dövr üçün hər hansı bir kütləvi etiraz aksiyası gündəmimizdə yoxdur. Əgər nə vaxtsa buna ehtiyac və zərurət duyularsa baxıla bilər. Digər tərəfdən, Rusiya ilə Azərbaycan arasında durum fərqlidir. Şimal qonşumuzla müqayisədə Azərbaycanda vəziyyət bir qədər yaxşıdır. Yəni ölkədə Rusiyada olduğu kimi böhranlı hal yoxdur. Kifayət qədər həlli vacib problemlər var, lakin bu, partlayış həddində deyil”

ADP sədri Sərdar Cəlaloğlu "Yeni Müsavat”a bildirdi ki, Rusiya ilə Azərbaycan arasında xeyli fərqlər var. Rusiyada müxalifət partiyaları yoxdur. Orada müxalifətçiliyi ictimai təşkilatlar, ayrı-ayrı QHT-lərin rəhbərləri, blogerlər edirlər. Onlayn mitinqi də onlar reallaşdırıblar: "Rusiyada daha çox antidemokratik rejim yaradılıb. Müxalif siyasi partiyaların olmaması bununla bağlıdır. Son aylar isə Rusiya hökuməti vacib sosial proqramları həyata keçirə bilmir. Ona görə də ölkədə böyük narazılıqlar yaranmaqdadır. Yaranan narazılıq müxalifət mövqeyində olan ictimai qurumlara, şəxslərə fürsət verib. Azərbaycanda müxalifət partiyaları və müxalif partiya sədrləri hər hansı bir məsələ barədə sözünü internetin verdiyi imkanlardan istifadə etməklə çatdırırlar. Biz internet televiziyalarında müntəzəm çıxışlar edirik, həmin verilişlərə minlərlə insan baxır, canlı verilişlərdə insanlar bizə suallarını ünvanlayırlar, şüarlarını, təkliflərini səsləndirirlər, yazırlar. Yəni əslində bu, onlayn mitinqin bir forması da sayıla bilər. Hətta bu formatın Rusiyadakı müxalif qüvvələrin keçirdiyi onlayn mitinq formatından üstün tərəfləri var. Onların keçirdiyi onlayn mitinqdə vətəndaşlar çıxış edənə sual verə bilmir. Mənim dediyim formatda isə vətəndaşlar sual verirlər, fikirlərini ifadə edirlər. Belə demək mümkünsə, sadə vətəndaşlar da çıxış etmək imkanı əldə edir. Mənim qeyd etdiyim formatın daha bir üstün tərəfi verilişlərə çıxan siyasətçinin fikirlərini, ona yazılanları sonradan istənilən vaxt internetə daxil olub dinləmək, izləmək, hətta yenə də nələrsə yazmaq imkanının olmasıdır. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, Azərbaycan müxalifəti artıq xeyli vaxtdır onlayn aksiya keçirməkdədir. Ancaq bu o demək deyil ki, sırf Rusiyadakı müxalifətin keçirdiyi kimi onlayn mitinqi heç vaxt keçirməyəcəyik. Ciddi zərurət olacaqsa, biz də bu formatdan istifadə edərik”.

S.Cəlaloğlu onu da dedi ki, bu saat Azərbaycanın müxalifət partiyalarının Rusiyadakı müxalif qüvvələrdə olduğu səviyyədə texnika yoxdur: "Bizlərdə onlardakı kimi texnoloji imkanlar yetərli deyil. Bu faktoru da nəzərə almaq lazımdır”.

AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, elmin inkişafının insan yaşantısına qatdığı yeniliklərdən biri və bəlkə də ən önəmlisi virtual həyatdır. Bu gün insanların həyatlarının müxtəlif sahələrində bu nailiyyətlərdən aktiv istifadə edilir: "Koronavirus pandemiyası və bunun nəticəsində sərtləşdirilmiş karantin şərtləri onlayn həyatı daha da stimullaşdırdı. Hətta yüzilliklərdən bəri formalaşan ənənəvi insan davranışları belə, onlayn sistemə keçid etdi. Ancaq mən düşünürəm ki, bu məsələyə çox da aludə olmaq olmaz. Çünki insan həyatı real şəkildə yaşamalı və fəaliyyət göstərməlidir deyə düşünürəm. Həmçinin elə sahələr var ki, burada virtual və onlayn fəaliyyət lazımi effekt verməz. Bu sahələrdən ən başda gələnlərdən biri də siyasət səhnəsidir. Siyasət insanlarla birbaşa ünsiyyət formasında olduqda daha effektiv və məhsuldar olur deyə düşünürəm. Odur ki, mən onlayn, virtual aksiya və ya mitinqlərin tərəfdarı deyiləm. Düşünmürəm ki, belə aksiyalar Azərbaycanda lazımi effekt verə və hər hansı bir real nəticəsi ola. Odur ki, həyatın tezliklə normala qayıtmasının və həmişəki qaydada yaşamımızı davam etməyin tərəfdarıyam. Bir daha qeyd edirəm, bəlkə də kreativlik və ya rəngarənglik baxımından virtual aksiyalar qulağa xoş gələ bilər. Ancaq belə fəaliyyətin heç bir real siyasi nəticəsi ola bilməz. Odur ki, belə məsələlərə vaxt və enerji ayırmağın tərəfdarı deyiləm”.."Yeni Müsavat”


Millət




Digər Xəbərlər