Şriftin ölçüsü / 773

O, bütün mənalarda, uğursuz siyasətçidir

02 May 2020 [14:28]
Əli Orucov: "Paşinyanın populist xarakterli vədləri getdikcə erməni cəmiyyətində əks effekt verir”

Ermənistandakı hazırkı hökumət hakimiyyətdə qalmağa davam edərsə, həm özünü, həm də ölkəni məhv edəcək. Bu, bütövlükdə, Ermənistanın dövlətçiliyinə təhdiddir. Buna görə Paşinyan və onun komandasının hakimiyyətdən getməsi respublikanın siyasi qüvvələrinin gündəmində olmalıdır. Sözügedən fikirlər Ermənistanın "Aysor.am” saytında dərc olunub.

Məqalədə bildirilib ki, Ermənistanda iki il ərzində Paşinyanın ailəsinin və bir qrup dövlət məmurunun rifahının yaxşılaşması istisna olmaqla, ölkənin bütün sahələrində uğursuzluqlar qeydə alınıb: "Uğursuzluqlar hər yerdədir: iqtisadiyyatdan tutmuş, xarici siyasətə, Dağlıq Qarabağ münaqişəsinin həllindən tutmuş, koronavirusla mübarizəyə qədər. Xarici siyasətdəki uğursuzluqlar Rusiya yönündə daha çox gözə çarpır – Sergey Lavrovun verdiyi açıqlamalar, Ermənistan liderinin Ağ Evə girməsinə belə icazə verilmədiyi məqam və Nikolun, ümumiyyətlə, səfərlərinin turist ziyarətlərinə bənzəməsi, orta vəzifəli şəxslərlə görüşü bunları təsdiqləyir. Qarabağ məsələsi barədə danışmağa isə ehtiyac qalmır, çünki danışıqlar masasında sənədin olması səbəbindən Paşinyanın böyük yalanı üzə çıxdı. Əslində, Nikol Paşinyan gizli danışıqlar zamanı Dağlıq Qarabağ məsələsində güzəştə (İşğal altında olan Qarabağdan Ermənistan qoşunlarının geri çəkilməsi nəzərdə tutulur – red.) getməyə razılıq verib”.

Belə məlum olur ki, Paşinyan baş nazir olandan sonra, demək olar, heç bir sahədə uğur əldə edilməyib. Ötən iki ildə, praktiki olaraq, heç bir nailiyyətdən söhbət gedə bilmz. Bu isə onun uğursuz və səriştəsiz dövlət başçısı olduğunu göstərir.

"O, düz iki ildir ölkəyə rəhbərlik edir, amma ölkənin heç bir problemini həll edə bilməyib”

Sözügedən məsələ ilə bağlı fikirlərini "Bakı-Xəbər”lə bölüşən AMİP funksioneri Əli Orucovun fikrincə, artıq Ermənistanda Paşinyanın populist vədlərinə heç kəs inanmır: "Nikol Paşinyanın populist xarakterli vədləri getdikcə erməni cəmiyyətində əks effekt verir. Bu, eyni zamanda, onun siyasi iflasını və ifşasını daha da sürətləndirir. Erməni baş nazirinin dövləti idarəetmə təcrübəsi olmadığından, səhvləri sıralamaqda davam edir. Onun fəaliyyəti Ermənistanı daha ağır duruma salmaqdadır. Moskva ilə arada yaranan soyuqluq, Qərbin ona etibar etməməsi Paşinyanın manevr imkanlarına, faktiki olaraq, zərbə endirib. Ona qarşı daxili etirazlar getdikcə daha kütləvi və kəskin xarakter almaqdadır. Hətta diplomatlar belə, Paşinyana etimad göstərmirlər. Paşinyan düz iki ildir ölkəyə rəhbərlik edir, amma ölkənin heç bir problemini həll edə bilməyib. Ancaq onun baş nazir vəzifəsində qalması Azərbaycana sərf edir. Çünki zəif, iradəsiz və nüfuzu olmayan, hökuməti idarə edə bilməyən baş nazir düşmən dövləti nə qədər zəiflətsə, bu bizə o qədər uyğundur. Onsuz da Ermənistan dünyada nüfuzunu itirməkdədir. Ermənistanın tənəzzül prosesi Paşinyanın sayəsində bundan sonra da davam edəcək. Paşinyan baxmayaraq ki, Dağlıq Qarabağla bağlı publikaya yönəlik pafoslu fikirlər səsləndirir, amma əməli bunun əksidir. Çünki o, bütün mənalarda, uğursuz siyasətçidir. Ötən iki il bunu bir daha sübut etdi”.


Millət




Digər Xəbərlər