Şriftin ölçüsü / 590

Xalqın rifahında əhəmiyyətli dəyişiklikdən söhbət gedə bilməz

12 May 2020 [14:54]
Ermənistanda "məxməri” inqilabın, Nikol Paşinyanın hakimiyyətə gəlməsinin 2-ci ili taman oldu. İşğalçı ölkədə bu müddətdə iqtisadi və siyasi böhran daha da dərinləşmiş, əhalinin sosial durumu daha da ağırlaşmışdır. Dövlət idarəçiliyinin elmi və təcrübi əsaslarından xəbəri olmayan, "məxməri inqilab” dalğası üzərindən hakimiyyətə gələn Nikol Paşinyanın vəziyyəti dünyanı cənginə alan pandemiya şəraitində daha da gərginləşib.

Ölkənin kütləvi informasiya vasitələrində, hətta qonşu Rusiya mətbuatında Paşinyanın hakimiyyətdə olduğu iki il ərzində Ermənistanın qarşılaşdığı problemlər və yaşanan ağır böhran bütün çılpaqlığı ilə təhlil edilərək açıq mətnlə yazılır.

Ermənistandakı siyasi qüvvələrin və ekspertlərin fikirləri daha çox ölkədaxili problemlərin çox kəskin xarakter almasını nümayiş etdirir. Nikol Paşinyanın ölkəni idarə etmək qabiliyyətinin olmadığını artıq daha çox erməni dilə gətirir. Əgər iki il əvvəl o, dalğanı tuta bilib hakimiyyətə gəlməyi bacardısa və sonra iki il populizmlə məşğul oldusa, indi bu, artıq alınmır. Nikol Paşinyanı xarici siyasətdəki uğursuzluqları da onu təqib edir.


"Hakimiyyət dəyişikliyi, Paşinyan ermənilərə nə verdi? Erməni xalqı inqilabdan gözləntilərini ala bildimi” suallarına verilən cavablar artıq mənfi yüklüdür.

AMİP Katibi, politoloq Elşən Mustafayev isə bildirdi ki, Paşinyanın hakimiyyətə gəldiyi iki ildə Ermənistanda nələrinsə müsbətə doğru dəyişməsini demək çətindir: "Seçkilər zamanı xalqına böyük vədlər verən Paşinyan bu gün həmin vədləri yerinə yetirə bilməyib. Bir sıra korrupsionerlərin həbs olunması, demokratik institutların əvvəlki vaxtlarla müqayisədə daha açıq işləməsi və Qərblə bir az da yaxın əməkdaşlıq istisna olunmaqla heç bir irəliləyiş yoxdur. Xalqın rifahında əhəmiyyətli dəyişiklikdən isə söhbət gedə bilməz. Bütün bunlarla bərabər Ermənistan əhalisi arasında ona qarşı ciddi təhlükə törədəcək aqressivlik də hiss olunmur. Bunun da bir sıra səbəbləri var. Birincisi, Paşinyan ölkənin indiki vəziyyətə salınmasında Köcəryan və Sarkisyan komandasını əsas hədəf kimi göstərməklə xalqının əksər hissəsini buna inandırmağa nail olub. Köcəryanın həbsi, Sarkisyanla bağlı araşdırmaların aparılması insanlar arasnda müsbət qarşılanıb. Həmin eks-prezidentlərə qarşı uzun illər insanlar arasında formalaşan nifrət hissi hələ də azalmayıb. İkincisi, Paşinyan hakimiyyətə gələndə bir çoxları gözləyirdilər ki, o, Qarabağ məsələsində yumşaq mövqe sərgiləməklə ölkədəki millətçi kəsimin və Qarabağ separatçılarının müqaviməti qarşısında dözə bilməyəcək. Amma tam əksi oldu. Paşinyan Qarabağ məsələsində özündən öncəki prezidentlərdən daha aqressiv bəyanatları ilə yadda qaldı. Hətta bir az da irəli gedərək danışıqlarda Qarabağ separatçılarının tərəf kimi iştirakını şərt olaraq irəli sürdü. Eyni zamanda mütəmadi olaraq bu mövzuda populist bəyanatlar verməyə başladı.

Yəni bütün bunlardan özünün təbliğatı istiqamətində istifadə etməyə başladı. Üçüncü əsas səbəb isə gedişatdan narazılığı olan insanların ona alternativ olacaq lideri və ya liderləri görməməsidir. Çünki hazırda əsas müxalifət rolunda Köçəryan komandası özünü irəli verib və Rusiyanın qeyri-rəsmi dəstəyi ilə dəyişikliyə nail olmağa çalışırlar. Amma yuxarıda dediyim kimi, Köçəryan və Sarkisyana qarşı insanlar arasında uzun illər ərzində formalaşan nifrətlə müqayisədə hələlik Paşinyana üstünlük verilir. Bütün bunlara rəğmən, hesab edirəm ki, ölkədə hiss olunacaq dərəcədə müsbət dəyişiklər olmayacaqsa, bu məsələ uzun çəkə bilməz. Ola bilsin ki, yaxın zamanlarda yeni liderlər ortaya çıxsın və nəticə olaraq Rusiya onlarla işləməyə başlasın”."Yeni Müsavat”


Millət




Digər Xəbərlər