Şriftin ölçüsü / 10905

Vətəndaşlar bir çox hallarda məsuliyyətsizlik göstərirlər

13 May 2020 [15:05]
Prezident İlham Əliyev Azərbaycanda son günlərdə koronavirusa yoluxanların sayının artmasını vətəndaş məsuliyyətsizliyində görür.

Çərşənbə axşamı günü Sumqayıtda qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışında iştirak edən İlham Əliyev deyib ki, vətəndaşlar bir çox hallarda onlara tövsiyə olunan qaydalara əməl etmirlər.

Prezidentin sözlərinə görə, karantin rejimi yumşaldılandan sonra yoluxmalar artıb.

"Biz üç həftənin müsbət dinamikasını nəzərə alaraq aprelin 27-dən etibarən yumşalma addımlarımızı atmağa başladıq. Çünki başa düşürük ki, bu, hər kəs üçün çox çətin dövrdür. Ancaq gördük ki, yumşalma tədbirləri artıq başlayan kimi yoluxanların sayı artmağa başladı. Nəyə görə? Çünki vətəndaşlar bir çox hallarda məsuliyyətsizlik göstərirlər, onlara tövsiyə olunan qaydalara əməl etmirlər, maska taxmırlar, məsafə saxlamırlar, dezinfeksiya vasitələrindən istifadə etmirlər. Beləliklə, öz həyatlarını və onlarla təmasda olan yüzlərlə insanın həyatını risk altına atırlar".

İlham Əliyev Prezidentin Ehtiyat Fondundan tibbi avadanlıqların, ləvazimatların alınması üçün təxminən 100 milyon manat vəsait ayrıldığını, əlavə olaraq 150 milyon manat ehtiyatda saxlanıldığını deyib.

Prezident qeyd edib ki, karantin qaydalarına nəzarətedici mexanizm daha da təkmilləşdirilməlidir. O, karantin rejiminin yumşaldılmasından sonra nəzarət etmək üçün müəyyən problemlərin yarandığını, lakin bütün müvafiq orqanlara nəzarəti gücləndirmək barədə göstəriş verildiyini söyləyib.

İlham Əliyev vurğulayıb ki, insanlar məsuliyyətli davranmasalar "xəstəlik nəzarətdən çıxacaq".

"Amma yenə də deyirəm ki, indiki şəraitdə uğurumuzun əsas şərti vətəndaşların məsuliyyətli olmasıdır. Əks təqdirdə, bu xəstəlik nəzarətdən çıxacaq. Biz bunu açıq deməliyik və bilməliyik ki, dövlət nə qədər iş görsə də, vəziyyət nəzarətdən çıxacaq, kütləvi yoluxma halları baş verəcək, insanlar kütləvi qaydada vəfat edəcək, xəstəxanalarda yerlər, reanimasiya şöbələrində süni tənəffüs aparatları çatışmayacaq. Beləliklə, Allah eləməsin, biz indi böyük böhran içində olan ölkələrin vəziyyətinə düşə bilərik. Biz buna qətiyyən yol verə bilmərik".

İlham Əliyev Azərbaycanda 10 modul tipli xəstəxananın inşa ediləcəyini bildirib.

Prezident qeyd edib ki, Koronavirusla Mübarizəyə Dəstək Fondunda artıq 100 milyon manatdan çox vəsait yığılıb və həmin vəsaitdən hələ ki, xərclənməyib.


Millət




Digər Xəbərlər