Şriftin ölçüsü / 3764

AMİP mətbuat nümayəndələrini təbrik etdi

22 Iyul 2020 [15:03]
Milli Mətbuat və Jurnalistika günü münasibəti ilə

Azərbaycan Milli İstiqlal Partiyasının

TƏBRİKİ

Hörmətli media mənsubları!

Sizi peşə bayramınız münasibəti ilə təbrik edir, sizlərə şəxsi həyatınızda və fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.
145 il əvvəl 22 iyul 1875-ci ildə görkəmli vətənpərvər maarifçi Həsən bəy Zərdabi çox çətinliklə də olsa "Əkinçi” qəzetini nəşr etdirdi. Bununla da Azərbaycanda təkcə mətbuatın deyil, həm də yeni ideya və ənənənin əsası qoyuldu. Həsən bəyin məqsədi xalqı maarifləndirmək, onun elmli və mədəni, eləcə də geniş dünyagörüşə malik olaraq formalaşmasına töhfə verməkdən ibarət idi. O, bunun üçün ən təsirli vasitələrdən birinin mətbuat olması fikrində yanılmamışdı. "Əkinçi” qəzetinin ömrü uzun sürməsə də, Zərdabi ənənəsi özünə möhkəm yer tutaraq yaşamaqda davam etdi.
Əsası qoyulduğu gündən etibarən Azərbaycan mətbuatı keçməkeşli inkişaf tarixi keçib. İlkin dövrlərdə təcrübəsi az olsa da, milli mətbuatımız xalqın maarifləndirilməsi, haqsızlığa, ədalətsizliyə qarşı mübarizə baxımından böyük uğurlara imza atdı. Rusiya imperiyasından xilas olmaqla müstəqilliyini qazanan, Şərqdə və İslam dünyasında bir ilk olan Azərbaycan Demokratik Cümhuriyyətinin ruporuna çevrildi. Həmin dövrdə işiq üzü görən onlarla mətbu orqan fikir plüralizminin və fərqli ideologiyaların formalaşmasında müstəsna rol oynadı.
Sovet işğalı dövlət müstəqilliyimizə son qoyduğu kimi milli mətbuatımızı da azad sözün daşıyıcısı funksiyasından uzaqlaşdırdı və bolşevik-kommunistlərin təbliğat maşınına çevirdi. Jurnalistin sərbəst yaradıcılıq və müstəqil düşüncə imkanlarına qadağalar qoyulması mətbuatımızın bəsitləşməsinə gətirib çıxardı.
Azərbaycanın yenidən müstəqilliyə qovuşması dönəmini mətbuatımızın ən parlaq dövrü hesab etmək olar. Senzuranın, siyasi təzyiqlərin, məhdudiyyətlərin mövcudluğuna baxmayaraq, mətbuatımız Milli Azadlıq Hərəkatının ruporu ola bildi. Cəmiyyətin istəklərinə, düşüncələrinə və fikirlərinə geniş yer verildi. Milli mətbuatımız dövrün tələblərini ödəməyə və cəmiyyətin nəbzi ilə vurmağa başladı. Milli Azadlıq Hərəkatı və bunun nəticəsi olaraq istiqlalımıza və istiqrarımıza təkrar qovuşmağımız milli mətbuatımıza yeni nəfəs, yeni ilham və yeni ruh verdi.
Bu gün cəmiyyətin inkişafında medianın xüsusi yeri vardır. Dəyişən dünyada təbii olaraq cəmiyyətimizin təlabatları da dəyişir və bu tələbata cavab vermək üçün isə jurnalistlər çox çətin maddi, sosial, iqtisadi və siyasi maneələri dəf etmək məcburiyyətindədirlər. Sevindirici və ümidverici haldır ki, milli mətbuatımız əsl fədakarlıqlar göstərərək, dövlətçiliyimizin qorunmasında, demokratik dəyərlərin inkişafında, milli-mənəvi dəyərlərin əxz edilməsində, cəmiyyətin operativ və obyektiv informasiya ilə təmin olunmasında, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında üzərinə götürdüyü missiyanı şərəflə yerinə yetirməkdədir. Unutmayaq ki, Azərbaycan jurnalistinin qələmindən çıxan hər bir yazı çağdaş tariximiz, mənəvi dəyərimiz və yaddaşımızdır.
Bu bayram günündə azad sözün, müstəqil fikrin inkişafı naminə peşəsinə vicdanla yanaşan hər bir jurnalistə dərin ehtiramımızı bildiririk!
Dəyərli KİV nümayəndələri
Bu əziz bayram münasibəti ilə Sizləri bir daha təbrik edir, Sizlərə ən səmimi arzularımızı ifadə etməklə bahəm, Vətən, Millət və Ali dəyərlər uğrunda şərəfli peşənizdə bundan sonra da müvəffəqiyyətlər diləyirik. Qələminiz iti, sözünüz qüdrətli və kəsərli olsun!

Böyük Hörmətlə,
Milli İstiqlalçılar.







Digər Xəbərlər