Şriftin ölçüsü / 276

Ramiz Mehdiyev özünün yaratdığı sistemin cəfasını çəkir

09 Sentyabr 2020 [12:56]

Ramiz Mehdiyevin nəvəsinin məşhur toy əhvalatından sonra bəzi media vasitələri sensasiya yaratmaq xatirinə uyğun gəldi-gəlmədi, az qala, nəinki iqtidarın keçmiş və indiki babat vəzifəlilərini, eyni zamanda müxalifətin də bütün tanınmış liderlərini karantin qaydalarının pozulmasıyla müşayiət olunmuş həmin mərasimin "iştirakçısına” çevirməyə çalışırlar...

Belə "iştirak”çılardan daha birini "ifadə vermək” üçün Moderator.az-a dəvət etdik... Milli azadlıq hərəkatının fəallarından biri kimi tanınmış AMİP lideri Etibar Məmmədov Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin qızının toyunda "iştirakı” barədə belə "izahat verdi”.

-Etibar bəy, Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevlə tanışlığınız nə vaxtdan başlayır?

-Ramiz Mehdiyevi Azərbaycan Kommunist Partiyası Mərkəzi komitəsinin katibi işlədiyi dövrdə qiyabi tanımışam. Ondan sonra isə 1990-cı illərin ortalarında o, Prezident Administrasiyasında işləyən zaman siyasi proseslərlə bağlı müəyyən görüşlərimiz olub. Yəni şəxsi, yaxın münasibətlərimiz olmayıb... Başqa mənim onunla nə münasibətim ola bilər ki?..

- O qədər də tanınmayan saytlardan biri guya sizin də Ramiz Mehdiyevin nəvəsinin "məşhur” toyunda iştirak etməniz barədə məlumat yayıb. Xəbər yalnız bir başlıqdan və bir cümlədən ibarətdir:
"Etibar Hüsənli də Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edib ))
AMİP-in lideri Etibar Məmmədov ( Hüsənli) də Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edib...”

-(Gülür) Xəbərim yoxdur bu yazıdan... İndi sizdən eşidirəm...

-Xəbər bir foto ilə müşayiət olunur. Fotoda siz cavan yaşınızdasız... Restorana bənzər bir məkanda Ramiz Mehdiyevlə görüşürsünüz, əl sıxırsınız. Ramiz Mehdiyevin arxasında Prezidentin sabiq köməkçisi Əli Həsənov dayanıb... Amma montaja oxşamır. Bəlkə yadınıza düşər, nə vaxtsa, hardasa belə bir görüşünüz olub Ramiz Mehdiyevlə?..

-Hə... Yadıma düşdü... 1990-cı illərdə bir dəfə Ramiz Mehdiyev və Əli Həsənov partiyamızın bir tədbirində iştirak edib... Səhv etmirəmsə, 1995-ci il idi... Yox, dəqiq xatırladım – 1997-ci ildə... AMİP-in yaranmasının 5 illiyi ilə bağlı "Sinema-klub” deyilən bir məkanda keçirilmişdi o tədbir...

-Ramiz Mehdiyev və Əli Həsənovu siz özünüz dəvət etmişdiniz, yəqin ki?

-Bəli, digər iştirakçılar kimi, Ramiz Mehdiyev və Əli Həsənovu da Prezident Administrasiyasının nümayəndələri kimi özümüz dəvət etmişdik... Həmin tədbirə müxalifətli-iqtidarlı əsas siyasi sferanın nümayəndələri qatılmışdı. Yəni həm YAP rəhbərliyi, həm Müsavat, həm Xalq Cəbhəsi və s. Hətta o zaman Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti olan İlham Əliyev də iştirak etmişdi bizim yubileyimizdə...

-Etibar bəy, ümumiyyətlə, bu məlum toy əhvalatından sonrakı ictimai-siyasi proseslərə necə yanaşırsız?

-Toy olub... Allah o gəncləri xoşbəxt eləsin... Digər məsələlər barədə mən heç nə demək istəməzdim... Ancaq orada inzibati pozuntular olub və onlara görə cəzalar da verilib... Ramiz Mehdiyevin özünün yaratdığı komandanın üzvləri özünə hücuma keçir... O da yaxşı bilməliydi ki, həmin sistemdə gərək yıxılmayasan, yıxıldınsa, hamı baltalayacaq səni... Yəni Ramiz Mehdiyev özünün yaratdığı sistemin cəfasını çəkir... /Moderator.az/





Digər Xəbərlər