"Azərbaycan hakimiyyəti müxalifətlə dialoqa hazır deyil"

Son günlər hakimiyyətlə müxalifətin bir sıra partiyaları ilə siyasi dialoq aparılacağı barədə mediada səsləndirilən fikirlərə biri də əlavə olunub. AMİP lideri Etibar Məmmədovun sözçüsü, partiyanın Mərkəzi Şurasının üzvü Əli Orucov belə hesab edir ki, dialoq hər iki düşərgəyə hava-su kimi lazım olsa da onun baş tutacağına ümidi azdır, çünki:

"Dialoq həmişə lazımdır. Bütün problemlərin də açarı və həlli yolları da dialoqdadır. Amma Azərbaycan hakimiyyəti həmişə bu barədə sadəcə boş və quru bəyanatlar verib, spekulyativ davranış sərgiləyib. Azərbaycan hakimiyyəti müxalifətlə dialoqa hazır deyil. Əvvala, ona görə ki, iqtidar müxalifətə həmişə yuxarıdan aşağı və ironik tərzdə yanaşıb. Digər tərəfən, müxalifətin mövcudluğu apardıqları təbliğatda inkar edilib. Siz özünüz də dəfələrlə eşitmisiniz ki, hakimiyyət Azərbaycanda müxalifətin olmadığını bəyanlayıb. Yaxud da müxalifətə dağıdıcı, yırtıcı, "düşmən dəyirmanına su tokən" kimi müxtəlif aşağılayıcı ayamalar deyilib. Yaxşı, indi nə dəyişdi, müxalifət yoxsa iqtidar?

Mən qarşıduran düşərgənin dialoq barədə fikirlərini və təşəbbüslərini müsbət qarılayaram. Dialoq hakimiyyətdə qərarların verilməsində iştirakı və təsiri olan, hakimiyyətin siyasi kursunu müəyyənləşdirən yüksək rütbəli dövlət yetkililəri ilə aparılmasında nəyəsə müsbət sonluğa ümid etmək hardasa ağılabatandır. Lakin hər hansı məmurla dialoq aparmaq görüş anlamını verir. Onsuz da bəzi siyasilər Prezident Admnistrasiyasının süpürgəçisi ilə də dialoqa hazır olduğunu bildirmişdi. Amma sözün həqiqi mənasında bu gün Azərbaycanda dialoqa, qarşılıqlı etimada, problemlərin üzərinə birgə getməyə ciddi zərurət var. Ələ alınacaq da kifayət qəqər mövzular var. O zaman siyasi dialoqun baş tutmasına nə mane olur, bilirsinizmi? Özündən razılıq və qarşılıqlı inkarçılıq, ən əsası da siyasi iradənin, istəklərin səmimi olmaması."/Moderator.az/