Müxalifətin iqtidarla dialoqu
məsələsi yenidən gündəmə gəlir. Bir qrup müxalifət partiyası iqtidarla görüş
istəyib.
S.Novruzov qeyd edib ki, müxalifətin bir qolu ilə YAP müəyyən məsələlərdə fikir
mübadiləsi aparır, görüşləri olur: "Bu, əsasən parlamentdə təmsil olunan
partiyalardır. Eyni zamanda YAP-da Prezident Administrasiyasının İctimai-siyasi
məsələlər şöbəsinin müdiri Əli Həsənovun rəhbərliyi ilə siyasi partiyalarla
əlaqədar komissiya fəaliyyət göstərir ki, bir neçə dəfə əksər siyasi
partiyaların iştirakı ilə görüşlər də olub, müxtəlif təkliflər də irəli
sürülüb. Bu təkliflər qruplaşdırılıb və onların üzərində hazırda iş gedir. Yeni
görüşlərin də olması ilə bağlı məlumat almışam. İqtidar müxalifətlə dialoqa,
fikir mübadiləsinə və əməkdaşlığa həmişə hazırdır. Yetər ki, müxalifətin digər
qolu da buna hazır olsun”.
Bu görüşün baş tutması iqtidar-müxalifət arasında hansı münasibətlərər aydınlıq
gətirə bilər? Yaxu da
belə bir görüşlərin keçirilməsi müxalifətdə olan digər qismin qıcıqlanmasıa
apara bilərmi? Sualları ilə AMİP Mərkəzi Şurasının üzvü Əli Orucova müraciət
edərək, onun münasibətini öyrənməyə çalışdıq.
Ə.Orucov bildirdi ki: "Dialoq bütün cəmiyyətlərin inkişafının açarıdır. Müxtəlif qütbləri və tərəfləri təmsil edən qüvvələrlə, nümayəndələrlə nə qədər çox birbaşa təmaslar qurulsa və fikir mübadilələri aparsa bu ümumillikdə həmin cəmiyyətlərin tərəqqisinə, sabitliyinə təminatı daha da artırmış olar.
Dialoq problemlərin həlli və qarşılıqlı etimadın əldə olunması üçün ən yaxşı siyasi alətdir. Amma bu dialoq sadəcə kimlərinsə kimlərləsə görüşü çərçivəsində olmamalıdır. Konkret mövzular və problemlər müzakirə predmetinə çevrilməlidir. Müzakirələrə başlamaq üçün hər iki qütbün siyasi iradəsi bu və ya digər mənada ortadadır. Dialoq üçünsə müzakirəyə çıxarılacaq kifayət qədər aktual mövzular var. Ermənistan-Azərbaycan münaqişəsi, regional məsələlər, daxili siyasi-iqtisadi, sosial sahələrdə vacib məqamların ələ alanıması faydalı olardı.
AMİP bir neçə il öncə belə bir təşəbbüslə çıxış edib və biz bu dialoqun baş tutması üçün hər hansı bir şərtin irəlü sürülməməsini də bildirmişik. Lakin təəssüf olsun ki, bu dialoq məsələsi uzun müddətdir ki, hakimiyyətin sadəcə ritorikasıdır. Əməli addıma gələndə hər dəfə bir bahənə və bir şərt irəli sürülür ki, bu da qarşı tərəfdən qəbul edilməz sayılır.
Məncə, dialoq hakimiyyətdə qərarların verilməsində iştirakı olan və yüksək səlahiyyətli şəxslərlə aparılsa nəticə verə bilər. Yoxsa hər hansı məmurla dialoq deyil, sadəcə görüş ola bilər.
O ki, qaldı müxalifətin qanad məsələsinə, burda fərqli mənzərə yaranır. Çünki həmin qanadla iqtidar arasında münasibətlər siyasi çərçivədən çıxıb, bu sivil normalara da uyğun gəlməyən düşmənçilik münasibətləridir. Qarşılıqlı inkarçılıq müstəvisindədir. Bunu da iqtidar mənsubları yaxşı anladığından nəticəsi əvvəlcədən bəlli olan şərtlər irəli sürürlər. Bu isə artıq qeyri-səmimilik havası yaradır./Üç noqtə/