"İnsanlığa zidd, hansısa cinayət hərəkətlərində islam faktorunu qətiyyətlə rədd edirəm"

Əli Orucov: "Nemtsovun qətlə yetirilməsində də islam amilinə hansısa bağlılıq məsələsini inkar edirəm"

"Rusiya müxalifət liderinin sui-qəsdinin tamam başqa, daha dərin səbəbləri, qaranlıq məqamları var"

Rusiyada müxalifətçi Boris Nemtsovun qətlində şübhəli bilinən Zaur Dadayevin etirafedici ifadələr verdiyi bildirilir. Onun müxalifətçini islamı və müsəlmanları təhqir etdiyi üçün öldürdüyü deyilir.

Bu açıqlamadan sonra Nemtsovun ölümündə islam faktoru məsələsi bir az da aktuallaşıb. Hərçənd bu versiyaya inananlar azdır. Bu da təsadüfi deyil. Məsələ ondadır ki, Boris Nemtsov müxalifət lideri idi, iqtidarın ən kəskin tənqidçilərindən biri olaraq o, böyük bir mitinq ərəfəsində qətlə yetirildi. Buna görə də bu gün Rusiyada ictimai rəy Kremlin iki addımlığında törədilən bu qətli Kremllə əlaqələndirir. Son versiya isə qəbul edilmir. Başqa bir tərəfdən, Nemtsovun qızı bu günlərdə mətbuata açıqlamasında qeyd edib ki, atasını siyasi mövqeyinə görə öldürüblər. Bu o deməkdir ki, o, islama qarşı yox, avtoritarizmə qarşı mübarizə aparırdı. Elə ilk gündən Moskvada müstəqil dairələr, müxalifət əsl qatillərin, onun sifarişçilərinin tapılmayacağını, ortaya saxta səbəblər qoyulacağını deyirdi.

Ən nəhayət, onu da qeyd edək ki, Nemtsov Parisdə baş vermiş terror hadisəsini "islam inkvizisiyası" adlandırmışdı. O həmçinin bildirirdi ki, "dinlərin ən gənci olan islam hələ özünün orta əsrlərini yaşayır və islam inkvizisiyası üzərində qələbə üçün çox vaxt lazım gələcək". Çeçenistan lideri Ramzan Kadırov "Charlie Hebdo"nun 1,5 milyard müsəlmanın dini hisslərini tənqid etmək hüququnu müdafiə edənləri özünün şəxsi düşməni" elan etmişdi.
Bütün hallarda, siyasi ekspertlər məsələyə necə yanaşır?

Sözügedən məsələ ilə bağlı "Bakı-Xəbər"ə açıqlama verən AMİP Mərkəzi Şurasının üzvü Əli Orucov bu versiyanı təkzib etdi: "Mən insanlığa zidd, hansısa cinayət hərəkətlərində islam faktorunu qətiyyətlə rədd edirəm. Çünki islam sülh, barış, qarşılıqlı hörmət, insanlıq dinidir. İslam pərdəsi altında xoşagəlməz nə baş verirsə, bunun islama heç bir aidiyyəti yoxdur. Bu gün islamafobiyanı bilərəkdən yaymağa çalışırlar ki, bundan hakim dairələr öz məqsədləri və mənfəətləri üçün bəhrələnsin. Nemtsovun qətlə yetirilməsində də islam amilinə hansısa bağlılıq məsələsini inkar edirəm. Bu, qətli ideoloji savaşa qatmaq cəhdidir. Nemtsovun öldürülməsinin səbəbini daha çox siyasi və hakimiyyət uğrunda qanlı mübarizədə axtarmaq lazımdır. Sosialist düşərgəsi dağılandan sonra savaş mədəniyyətlər arasında, dinlər arasında başladı. Xüsusən də xristian-islam qarşıdurması getdikcə daha amansız və daha qəddar hal almaqdadır. Rusiya müxalifət liderinin sui-qəsdinin isə tamam başqa, daha dərin səbəbləri, qaranlıq məqamları var".


Vidadi ORDAHALLI