Azərbaycan
Respublikasının Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovun dəvəti ilə
İran İslam Respublikasının Radio və Televiziya Təşkilatının sədri İzzətullah
Zərğami oktyabrın 9-da Bakıya səfərə gəlib. Bir sıra dövlət qurumlarının
rəhbərləri ilə görüşdə iki ölkə arasında televiziya sahəsində əməkdaşlıq
məsələləri müzakirə olunub. Müzakirə olunan məsələlərlə bağlı Yayımların
Monitorinq Mərkəzinin sədri Nəsimi Məmmədli saytımıza münasibət açıqlayıb.
İranla Azərbaycan arasında yaxın qonşuluq və dostluq münasibətlərinə mane olan
bir neçə köklü problemlər mövcuddur. Bu problemlər Xəzərin statusundan tutmuş,
Azərbaycanın qərblə iqtisadi, siyasi və təhlükəsizliklə bağlı əməkdaşlığından
qaynaqlanan məsələlərə qədər genişdir. Bu məsələlərin yaxın zamanlarda köklü
həlli mümkün olmasa da, bir sıra qarşılıqlı maraq doğuran məsələlər
istiqamətində hökumətlərarası dialoq mütəmadi davam edir. İran prezidentinin
Azərbaycana rəsmi səfəri çərçivəsində bəzi məsələlərin razılaşdırılması
məqsədilə bu tip səfərlər daha da intensivləşəcək.
Konkret olaraq İranın Radio və Televiziya Təşkilatının sədrinin ölkəmizə səfəri ilə bağlı daha çox diqqəti bir məsələ cəlb edir. Tezliklərin milli ərazilərə görə istifadəsini nəzərdə tutan Beynəlxalq Telekommunikasiya İttifaqının müəyyən etdiyi standartlar var və hər bir dövlət buna əməl etməlidir. Heç kəsə sirr deyil ki, uzun illərdir İran Azərbaycanın milli tezlik resurslarını qanunsuz mənimsəyib. Öz ərazisindən "kəpənəkvari" tele-radio ötrücüləri quraşdırmaqla bir başa Azərbaycan ərazilərinə istiqamətləndirərək efir məkanına təcavüz edir. Sərhəd bölgələrində 10-15 km ərazidə hansısa xarici kanalın yayımı normal qəbul edilə bilər. Amma, 150-200 km məsafədə ölkənin milli tezliklərinə daxil olmaq beynəlxalq qaydalara ziddir. İranın "Səhər" kanalı demək olar ki, respublikanın yarısından çox ərazisində yayımlanır. Cənub bölgəsində, mərkəzi aran rayonlarında, qarabağ zonasında, hətta bəzi saatlarda Abşeron rayonu ərazisində də çox rahat şəkildə yayımlanır. İranda milyonlarla azərbaycan dilli vətəndaşın bir televiziya kanalı olmadığı halda, "Səhər" kanalı azərbaycan dilində verilişlər hazırlayır və ideoloji təbliğat silahı kimi ölkəmizə qarşı istifadə edir.
İranın Azərbaycanın suverenliyinə dostca yanaşmayan ölkə olmasından təəssüfləndiyini bildirən N. Məmmədli hesab edir ki, Milli Televiziya və Radio Şurası (MTRŞ) milli tezliklərin regional aspekdən səmərəli istifadəsinə imkan yaratmalıdır. Əhalisi və ərazisi iki dəfə bizdən az olan qonşu Gürüstanda 36 regional radio olduğu halda, Naxçıvanda bir dövlət radiosu istisna olmaqla bir dənə də olsun regional radio yoxdur. Bakıdan kənara avtomobillə hərəkət edərkən hansı qonşu ölkələrin radiolarını zorla dinləmək məcburiyyətində olduğumuzu hər kəs müşahidə edə bilər. Milyonlarla vəsait hesabına "Azerspace-1" telekommunikasiya peyki hazırlanıb orbitdə yerləşdirilsə də hələ ki, bu problemin ciddi ürək açan bir nəticəsi yoxdur. Efir məkanımızda milli tezliklərin boş qalması ciddi milli təhlükəsizlik məsələsi olmaqla yanaşı, həm də cəmiyyətin maariflənməsini, sürətli inkişafını və informasiya təminatını əngəlləyən amildir.