"Millətimizin, dövlətimizin maraqlarının təmin edilməsi və qorunması üçün hər qapıya gedərik"

Xəbər verdiyimiz kimi ötən şənbə Azərbaycanda çoxdan gözlənilən iqtidar-müxalifət dialoqu baş tutdu. Beynəlxalq Mətbuat Mərkəzində reallaşan və 3 saat bağlı qapılar arxasında davam edən görüşdə 17 siyasi partiyanın nümayəndəsi iştirak edib. Bəziləri bunu iqtidar-müxalifət dialoqu kimi yox, sadəcə bir iqtidar nümayəndəsinin siyasi partiya rəhbərləri ilə görüşü kimi dəyərləndirirlər. AMİP Mərkəzi Şurasının üzvü Əli Oruclu da "Ekspress"ə müsahibəsində bu fikri bölüşüb. Lakin o hesab edir ki, belə bir görüşün keçirilməsi iqtidar-müxalifət münasibətlərinin tənzimlənməsinə səbəb ola bilər.

- Bunu görüşdə iştirak edənlər də iqtidar-müxalifət dialoqu adlandırmırlar. Məncə, doğru yanaşmadır. Ancaq bunula belə Prezident Administasiyası ictimai-siyasi şöbənin müdiri Əli Həsənovla görüşü faydasız da hesab etmirəm. Belə bir görüşə çoxdan ehtiyac duyulurdu.

Doğrudur, görüşün iştirakçılarının seçilməsində də əksikliklər var idi. Azərbaycanda 55 siyasi partiya qeydiyyatdan keçib. Bu o demək deyil ki, bunun 55-i də bu gün siyasi arenada var. Onlar da həmin görüşlərdə olmalıdırlar. Əgər doğrudan da bu görüşlər ölkənin və millətin xeyrinə, problemlərin müzakirəsinə və həllinə istəklə bağlıdırsa, o zaman protokolda, seçimdə korrektələr olunmalıdır.

Bildiyiniz kimi AMİP də bu görüşdə iştirak edənlər arasında olub. Biz həmişə iqtidarla müxalifət arasında münasibətlərin normal məcrada olmasını, ölkənin taleyüklü problemlərinin birgə həlli yollarının tapılmasının tərəfdarı olmuşuq. Hakimiyyətlə rəqibik, opponentik, amma düşmən deyilik. Ona görə də dardüşüncəli, köhnə təfəkkür tərzinə malik insanlar görməlidilər ki, iqtidar-müxalifət münasibətlərinin sivil tənzimlənməsi necə olur. Yaxud da özümüz özümüzlə tərcüməçilər, vasitəçilərlə danışmağa son qoymalıyıq. Könül istər ki, bu görüş növbəti etaplarda iqtidar-müxalifət arasında müsbət nəticələr verən dialoqa gətirib çıxarsın.

- Bu görüşə AXCP və Müsavatın qatılmamasını necə qiymətləndirirsiniz?

- Bu barədə hər iki partiya öz mövqelərini bildiriblər. Heç kim demir ki, görüşdən dərhal sonra Azərbaycanın siyasi-ictimai mühitində hər şey qaydaya düşəcək. Yaxud da problemlər həllini tapacaq. Bu, bir başlanğıcdır. Dialoq üçünsə xeyli zaman və məsafə qət etmək lazım gələcək. Çünki adlarını çəkdiyiniz həmin partiyalarla münasibətlər siyasi müstəvidən çıxaraq şəxsi münasibətlər səviyyəsində davam edir. Xüsusən də, AXCP ilə iqtidar arasında münasibətlər düşmənçilik həddindəir. Əgər görünsə ki, bu görüşlər imitasiya, hesabat xarakteri daşımır, görüşün cəmiyyətin, ölkənin inkişafına, eləcə demokratik normalara və dəyərlərə faydası dəyir, o zaman həmin partiyaların da işitirakı mümkünləşə bilər. Bu, mənim düşüncələrimdir. Təbii ki, qərarları həmin partiyaların özləri verirlər.

- Həmin partiya yetkililəri az qala məlum görüşə qatılan partiyalara xain gözü ilə baxırlar. Hətta sizləri müxalifət saymadıqlarını bildirirlər. Bu barədə nə deyərdiniz?

- Hər kəs bir cür və öz arşını ilə ölçür. Əksinə, ölkəni düşmənçiliyə, qarşıdurmalara, cəmiyyəti isə gərginliyə sürükləyənlər bu ittihama ölçülüb-biçilmişlərdir. Biz bir partiya olaraq, cağırılan yerə ar etməyərək getdik, xoş niyyətimizi və məramımızı bir daha ortaya qoyduq. Və göstərdik ki, bizim üçün hər şeydən önəmlisi dövlətin və millətin maraqlarıdır. Bu maraqları təmin edilməsi və qorunması üçün hər qapıya gedərik. İkincisi də, demokratik və sivil cəmiyyətlərin belə görüşlər aylıq iş qrafiki və gündəli iş planına daxil olan işlərdi. Bundan sonrasının məsuliyyəti iqtidarın üzərində qalır. Bu görüşlərin iqtidar tərəfindən səmimiliyi, qeyri-səmimiliyi çox çəkməz üzə çıxar, aydınlaşar. Qaldı ki, bizim üçün AXCP və Müsavatın nə saymaları qətiyyən əhəmiyyət kəsb etmir. Özlərinə müxalifət deyənlərin sosial şəbəkələrdə və mətbuat səhifələrində bir-birlərinə nələr demələrini, hətta bütün əxlaq normalarını, qırmızı xətti keçən, əndazədən çıxan sözlər oxuyanlar nə qiymət verir? Budurmu müxalifətçilik? Bizə belə müxalifətçilik əsla gərəkməz. Özlərinin olsun.

- Yeri gəlmişkən, Müsavat daxilindəki qarşıdurmalar və AXCP-Müsavat davası onu göstərmirmi ki, bu partiyalar cəmiyyətdə öz nüfuzunu itirməyə doğru gedir?

- Bu davaya müdaxiləni, ona qarışmağı düzgün hesab etmirəm. Ancaq məsələnin başqa tərəfi ondan ibarətdir ki, üzdə olan davalar aysberqin görünən hissəsidir. Görünməyən hissəsi daha dərinlərdədir. Onsuz da zaman-zaman belə çəkişmələr ümumi müxalifət düşərgəsinə xoş olmayan haldır. Amma müxalifət təkcə həmin partiyalardan ibarət deyil./"Ekspress" qəzeti/

Aqil ASLAN