ABŞ-ın Ermənistandakı  səfiri həddini aşır

Linn Treysi Birləşmiş Ştatlarin adından danışır və deyir ki, Amerika Qarabağ əhalisinin öz gələcəyini müəyyən etmək hüquqlarını tanıyır; iki siyasətçi və ekspertdən “status” mövzusunu alt-üst edən açıqlamalar

ABŞ-ın Ermənistandakı səfiri, özünü erməni xarici işlər naziri kimi aparan Linn Treysi yenə Qarabağda yaşayan ermənilərə “status” verilməsini dilə gətirib. “Yeni Müsavat”ın məlumatına görə, amerikalı səfir artıq neçənci dəfədir ki, erməni diplomatlardan daha artıq ermənilik etməkdədir.

Bu dəfə səfir “Armenpress”ə “Dağlıq Qarabağ münaqişəsi” ilə bağlı bütün məsələlərin hərtərəfli həllinin tərəfdarı olduğunu bildirib. Onun sözlərinə görə, ABŞ-ın mövqeyi belədir: Dağlıq Qarabağın statusu məsələsi həll edilməmiş olaraq qalır və münaqişənin hərbi həlli yolu yoxdur. Xalqların öz müqəddəratını həll etmək hüququ əsas amildir, amma hərtərəfli sülhə nail olmaq üçün beynəlxalq səviyyədə qəbul edilmiş yeganə prinsip deyil. 

Treysinin fikrincə, Vaşinqton əmindir ki, hərtərəfli həll beynəlxalq səviyyədə qəbul edilmiş ərazi bütövlüyü, xalqların öz müqəddəratını həll etməsi və güc tətbiq edilməməsi prinsiplərinə əsaslanmalıdır. Bu kontekstdə “ABŞ Dağlıq Qarabağ xalqının öz gələcəyinin müəyyən edilməsində rolunu tanıyır”, deyən diplomat bütün əsirləri azad etməyə və itkin düşmüş hərbçilər haqda məlumat yığılmasını sürətləndirməyə çağırıb. O hesab edir ki, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması Dağlıq Qarabağla bağlı danışıqlarla əlaqələndirilmədən baş tutmalıdır.

ABŞ-ın Ermənistandakı səfirinin bəyanatı ilk növbədə təhrikedici xarakter daşıyır. Faktiki olaraq, bu, Ermənistanda Nikol Paşinyanı devirməyə və İrəvanın üçtərəfli bəyanatda, eləcə də sonrakı razılaşmalar çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinə mane olmağa çalışan revanşist qüvvələrə dəstək deməkdir. Treysinin “Birləşmiş Ştatlar Qarabağ əhalisinin öz gələcəyini müəyyən etmək hüquqlarını tanıyır” açıqlaması Vaşinqtonun mövqeyini ifadə etmiş olur.

Təbii ki, bu bəyanatı səfir özəl şəxs kimi verə bilməz. Aydındır ki, bu, ABŞ Dövlət Departamentinin və Ağ Ev rəhbəri Co Bayden administrasiyasının nəzər nöqtəsinin səsləndirilməsidir. Belə bir  mövqe Baydenin bu həftə Azərbaycanın dövlət başçısına göndərdiyi məktubda ifadə etdiyi mövqeyə və dəstəyə ziddir. ABŞ-ın status məsələsində mövqeyi yalnız bir səfirlə kifayətlənirmi, yoxsa Vaşinqton məhz bu mövqedədir?

AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a dedi ki, ABŞ-ın Ermənistanda fəaliyyət göstərmiş əvvəlki səfirləri də buna bənzər mövqe sərgiləyirdilər: “Lakin indiki səfir daha da həddini aşır, uzun müddətdir belə de-marşlarının şahidi oluruq. Əslində başından böyük danışır, çünki Azərbaycanın ”status" məsələsində möhür vuran mövqeyi Qərbə, Rusiyaya, Ermənistana, eləcə də Amerikaya tam aydındır. Ona görə istər Brüssel görüşlərində, istərsə Rusiyada keçirilmiş üçtərəfli müzakirələrdə “status” mövzusuna toxunulmur".

A.Əlizadə vurğuladı ki, əksinə, artıq İrəvan Qarabağda yaşayan azsaylı ermənilərin, sadəcə, hüquqlarının müdafiəsini gündəmə gətirir, onların təhlükəsizliyinin təminatını qeyd edir: “Deməli, bölgədə olan ermənilər üçün ”status" olmayacağı ilə barışıblar. O baxımdan Treysinin açıqlamalarını Amerikanın rəsmi mövqeyi hesab etmirəm. Fikrimcə, erməni lobbisinin təsir dairəsində olan bir səfirdir və onların arzularını dilə gətirir".“Yeni Müsavat”