Azərbaycan Moskvanın səmimi dost və starateji müttəfiqliyinə bel bağlamır

"Qafqaz uğrunda Qərblə Rusiya arasında rəqabət özünün yeni mərhələsinə qədəm qoyub. Bu rəqabətin də kilid nöqtəsi Azərbaycandır. Müxtəlif aspektlərdən baxdıqda Azərbaycanın hansı tərəfi seçməsi həmin gücü Qafqazlarda, Orta Asiyada, Yaxın Şərq və Türk dünyasında aparıcı əsas söz sahibinə çevirəcək”.

Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfərini Cebhe.info-ya şərh edən AMİP Siyasi Şurasının üzvü Əli Orucov belə deyib.

Ə.Orucov qeyd edib ki, istər enerji resursları və təhlükəsizliyi, istər tanzit, istər böyük layihələrin həyata keçirilməsi, istərsə milli-etnik, istərsə də geosiyasi yerləşməsi baxımından Azərbaycan böyük potensiala malikdir:

"Bu baxımdan da rəsmi Bakının istək və maraqlarını təmin etmək, yaxud da müxtəlif vasitələrlə öz tərəfinə çəkmək üçün Qərblə Rusiya arasında sanki bir yarış başlayıb. Lavrovun gözlənilən səfəri də Azəarbaycanla münasibətləri daha da dərinləşdirmək, Qərbə meyillənməsinin qarşısını almaqdır. Lakin Türkiyə tərəfindən Rusiyaya məxsus döyüş təyyarəsinin vurulmasından sonra rəsmi Bakının manevr və balans siyasəti imkanları daralıb. Kreml də bunu başa düşür və həm diplomatik, həm də digər yollarla çalışır ki, Azərbaycan ən azından "bitərəf mövqeyində" qalsın. Amma əvvəl-axır Rusyanın səbri tükənəcək və proseslərin axarına dözümsüzlüyünü açıq şəkildə ortaya qoyacaq. Çünki Azərbaycan Moskvanın səmimi dost və starateji müttəfiqliyinə bel bağlamır”.