Azərbaycan, Rusiya və Gürcüstan sənətçilərinin birgə layihəsi əsasında azərbaycan və rus dillərində hazırlanan "Buzlar diyarı” tamaşasının məşqləri artıq yekunlaşmaq üzrədir. Tamaşa iki heyətlə azərbaycan və rus bölmələri ilə hazırlanır. Artıq azərbaycan bölməsi ilə hazırlanan tamaşaya daxili baxış keçirilib.
Səhnə əsərində Elza rolunu filmlərdən və teleseriallardan tamaşaçılara yaxşı tanış olan gənc aktrisa Xumar Səlimova ifa edir. Digər rollarda müxtəlif teatrlarda çalışan Ləman Hüseynli, Ziya Ağa, Müşfiq Əliyev, Nurlan Süleymanlı və başqaları çıxış edir.
Tamaşanın ədəbi əsası gürcü dramaturqu tərəfindən hazırlanıb və azərbaycan dilinə tərcümə olunub. Tamaşaçılara unudulmaz təəssüratlar yaşatmaq üçün ən son səhnə texnologiyalarından və monitor, 3 d proyektor kimi müasir audio-vizual vasitələrdən istifadə nəzərdə tutulub. Tamaşada istifadə olunacaq geyimlər Moskvada yüksək səviyyəli peşəkar geyim rəssamları tərəfindən hazırlanıb.
Tamaşanın premyerası 22 oktyabr tarixində Azərbaycan Dövlət Opera və Balet Teatrında keçiriləcək. Biletlər şəhərin bütün kassalarında və Asan xidmət mərkəzlərində satışdadır.