Diqqət bir daha ətraf mühitə yönəldildi

Prezident yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən " Ətraf mühitlə bağlı qərarların qəbul edilməsində gənclərin iştirakı" adlı layihə uğurla başa çatıb. Bu barədə "Azad Həmfikirlər" Gənclərin Maarifləndirilməsi İctimai Birliyindən verilən məlumata görə layihə çərçivəsində Bakı və Mingəçevir şəhərləri ilə yanaşı Şəmkir və Tovuz rayonlarında da silsilə tədbirlər keçilib. Layihənin keçirilməsində məqsəd ətraf mühitlə bağlı qərarların qəbul edilməsində ictimaiyyətin, o cümlədən gənclərin iştirakı ilə bağlı Azərbaycan qanunvericiliyinin təkmilləşdirilməsi üzrə təkliflərin işlənib hazırlanması, gənclərin bu isdiqamət üzrə maarifləndirilməsi, onların bu qərarların qəbul edilməsində iştirakı prosedurları ilə bağlı maarifçilik və gənclərin bu qərarların qəbul edilməsində iştirakına nail olmaq olub.

Birliyin sədri Samirə Musfayevanın sözlərinə görə layihə gələcək nəsillərin hüqüqlarına və maraqlarına təsir edən nüansa - ətraf mühit məsələləri üzrə qərarlar qəbul edilməsində gənclərin iştirakı probleminə həsr edilib:

"Gələcəyi gənclərsiz təsəvvür etmək mümkün olmadığından taleyüklü bir məsələnin- ətraf mühitin qorunmasında və qərarlar qəbul edilməsində gənclərin fəal iştirak etməsi və onların ictimai fəallığınının artırılması vətəndaş mövqeyinin möhkəmlənməsinə kömək edəcək. Lakin gənclər bu fəaliyyətə cəlb olunmazdan əvvəl ətraf mühit və bu isdiqamət üzrə qərarlar qəbul edilməsi prosedur barədə zəruri məlumatlar almalıdırlar. Bundan başqa gənclərdə ətraf mühitlə bağlı öz hüquqlarını müdafiə etmə vərdişləri də formalaşmalıdır".

Xatırladaq ki, layihə çərçivəsində gənclərin iştirakı ilə aparıcı mütəxəssislər cəlb olunmaqla seminarlar təşkil olunub, ətraf mühitlə bağlı qərarların qəbul edilməsində gənclərin iştirakı ilə bağlı beynəlxalq və milli qanunvericiliklər təhlil edlilib və qüvvədə olan qanunvericiliyin təkmilləşdirilməsi üzrə təkliflər Milli Məclisə təqdim edilib və "Ətraf mühitlə bağlı qərarların qəbul edilməsində gənclərin iştirakı" adlı büroşura nəşr olunub və gənclər arasında yayılıb.