Cəmi 3 il öncə, 2019-cu ilin martında Qazaxıstan prezidenti seçilən Qasım-Comərd Tokayev əminliklə demişdi: “Nursultan Nazarbayev Qazaxıstanın əbədi atası kimi qalmaqda davam edəcək”. Ancaq 2022-ci ilin 5 yanvarında “Elbaşı”nın heykəli yerlə bir edildi, onun adını daşıyan küçələr qana boyandı, obyektlər dağıdıldı. Daha sonra Nazarbayev Təhlükəsizlik Şurasının sədri vəzifəsindən kənarlaşdırıldı.
O da məlumdur ki, Nazarbayev prezident olanda Qazaxıstan təmsil olunduğu qurumlarda Azərbaycanın mənafeyini müxtəlif formada müdafiə edib. Məsələn, 2014-cü ilin yayında Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması barədə müqaviləni imzalayacağı gözlənilirdi. Hətta Serj Sərkisyan o zaman “Mən xahiş edirəm ki, iyulun 2-nin Ermənistanın Avrasiya İttifaqına üzv olacağı gün kimi rəsmən elan edilməsi baş versin” - deyə müracilət etmişdi. O vaxt Qazaxıstan prezidenti Nursultan Nazarbayev toplantıda elan etdi ki, Azərbaycan Prezidenti İlham Əliyev məktub yollayıb: Ermənistan quruma ancaq öz sərhədləri daxilində qoşula bilər, yəni ağlından Qarabağı keçirməsin. Onun “Ermənistanın lideri bir məsələni həll etməlidir ki, siz BMT-nin tanıdığı Ermənistan sərhədləri çərçivəsində (Gömrük İttifaqına) daxil olursunuz”- sözlərindən sonra Ermənistan prezidenti Sarkisyan və XİN rəhbəri Nalbəndyan pərt olaraq toplantıdan çıxdılar. Həmin siyasət Tokayev prezident olandan sonra da ümumən davam etdi. İkinci Qarabağ müharubəsi zamanı Qazaxıstan bizim maraqlarımıza uyğun siyasət sərgilədi. Maraqlıdır, bundan sonra necə olacaq? Azərbaycana münasibətdə Qazaxıstan əvvəlki mövqeyini davam etdirəcəkmi?
“Məlum hadisələrdən sonra Qazaxıstanda Rusiyanın təsir imkanları daha da artacaq”
Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucov əminlikklə qeyd etdi ki, əvvəlki kimi Qazaxıstanın Azərbaycanın maraqlarını qoruyacağı real deyil: “Ona görə ki, Qazaxıstanda situasiya əhəmiyyətli dərəcədə dəyişib. Əvvəl Nursultan Nazarbayev faktoru, xarizması var idi. Çünki o, hər zaman Azərbaycanla olan qarşılıqlı münasibətlərə xüsusi önəm verirdi. Nazarbayev həm də türkdilli ölkələrlə əlaqələrin genişləndirilməsinə xüsusi önəm verirdi. Bir növ, Azərbaycanı Türkiyə ilə Orta Asiya arasında vacib körpü hesab edirdi. Başqa bir tərəfdən, Qazaxıstan Ermənistanla birlikdə Rusiyanın yaratdığı iqtisadi və hərbi bloklarda təmsil olunsa da, bu, Azərbaycanın maraqlarına yönəlmirdi. Məhz Nazarbayevin müdrük siyasəti sayəsində balans qorunurdu. Nazarbayev dönəmində Qazaxıstan neftinin bir hissəsi Bakı-Tbilisi-Ceyhan kəməri ilə dünya bazarına ixrac edilirdi. O cümlədən, digər sahələrdə iqtisadi əlaqələrə önəm verilirdi. Düşünmürəm ki, Qasım-Comərd Tokayev Azərbaycanla bağlı əvvəlki siyasəti davam etdirsin. İndidən buna ciddi şübhələr var. Ən azından, Tokayev Nazarbayev qədər xarizmaya, türkçülük ruhuna sahib deyil. Üstəlik, məlum hadisələrdən sonra Qazaxıstanda Rusiyanın təsir imkanları daha da artacaq. Ona görə də əvvəlki siyasətin davam etdiriləcəyi real görünmür”.
Partiya funksioneri hesab edir ki, Tokayevin öz hakimiyyətini möhkəmləndirə biləcəyi də sual altındadır. Vidadi ORDAHALLI