Əhali tibbi xidmətlə bağlı böyük həcmdə vəsait xərcləyir...

Aydın Əliyev: “30 ildir müstəqil olsaq da, səhiyyə sistemində müasir tələblərə uyğun idarəçilik qurulmayıb”

Son illərdə müalicə məqsədilə xarici ölkələrə üz tutan Azərbaycan vətəndaşlarının sayında ciddi artım müşahidə edilir. Rəsmi rəqəmlərə görə, pandemiyadan əvvəl, səyahət məhdudiyyətlərinin tətbiq edilmədiyi 2019-cu ildə 270 min belə səfər olub. Bir il əvvəl bu göstərici 290 min nəfərə yaxın olub. Hətta bir çox ölkə ilə sərhədlərin bağlı olduğu ötən il müalicə məqsədilə Azərbaycandan 43 min çıxış olub. İnsanları sağalmaqdan ötrü xaricə üz tutmağa vadar edən əsas səbəb ölkədə müalicənin daha baha başa gəlməsi ilə əlaqədardır.

Bu arada Azərbaycanda səhiyyə xərclərinin yüksək olması, hətta beynəlxalq təşkilatların da diqqətindən yayınmır. Dünya Bankı bəyan edib ki, Azərbaycanda səhiyyə xərclərinin 78.6 faizi əhalinin öz vəsaiti hesabına maliyyələşdirilir. Halbuki, Ümumdünya Səhiyyə Təşkilatı bu göstəricinin 20 faiz həddində qalmasını tövsiyə edir. Yəni bizdə bu xərclər nəzərdə tutulduğundan 4 dəfə çoxdur. Belə məlum olur ki, ölkədə keyfiyyətli tibb sistemi qurulsa, hər il xarici ölkələrdə müalicəyə yüz milyonlarla vəsait axmaz. O cümlədən, qiymətlər aşağı olsa, belə acınacaqlı durum yaranmaz.

Maraqlıdır, bu cür arzuolunmaz göstəricinin səbəbi nədir? Problemin kökündə nə dayanır?

Məsələyə münasibət bildirən Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti, tanınmış həkim Aydın Əliyev bunun səbəbini bir sıra amillərlə əlaqələndirdi: “Belə xoşagəlməz vəziyyətin yaranmasının bir neçə səbəbi var. Səbəblərdən biri səhiyyə sisteminin sovet dönəmindəki təsərrüfat sistemindən çıxa bilməməsi ilə əlaqədardır. Səhiyyə sahəsinə ayrılan vəsaitlər səmərəli, təyinati üzrə xərclənmir. Ölkədə müasir səhiyyə infrastrukturu qurulsa da, xidmət səviyyəsi aşağıdır. Dərman pereparatlarının və o cümlədən tibbi avadanlıqların böyük hissəsi xaricdən idxal olunur. Yerli istehsal çox aşağı səviyyədədir. Əhali tibbi xidmətlə bağlı böyük həcmdə vəsait xərcləyir, amma istənilən nəticəni əldə etmək mümkün olmur. Bütün bunlar onu göstərir ki, 30 ildir müstəqil olsaq da, səhiyyə sistemində müasir tələblərə uyğun idarəçilik qurulmayıb. Bax, bütün problemlərin kökündə dayanan başlıca amil bununla bağlıdır. İdarəçilik bu neçə ilə dəyişməli idi. Təəssüflər olsun ki, bu baş vermədi. Nəticədə belə vəziyyət yarandı. Əhalinin gəlirlərinin böyük hissəsi tibbi xərclərin ödənilməsinə gedir. İcbari tibbi sığorta sistemini indi-indi qururuq. Halbuki, azad bazar iqtisadiyyatına keçdiyimiz üçün bu neçə ilə sözügedən sistem yaradılmalı idi. Bir neçə il boşa getdi. Nə qədər ki ölkədə tibbi sığorta sistemi otruşmayıb, bu problemlər olacaq. Tibbi sığorta o zaman inkişaf edəcək ki, ölkədə azad sahibkarlıq, müstəqil məhkəmə olsun”.

Sonda tanınmış həkim onu da əlavə etdi ki, Qarabağı azad edən Prezident səhiyyə sistemini də sağlamlaşdıracaq. /Bakı Xəbər/

 

Millət