Əks halda nəticələr ürəkaçıcı olmaya bilər

Yaxın Şərqdə gərginlik hər ötən gün artmaqdadır. Xüsusilə, Suriyada yaşananlar, Rusiya və Türkiyənin İŞİD terror təşkilatına qarşı həyata keçirdiyi əməliyyatlar bu bohranın hələ uzun müddət davam edəcəyindən xəbər verir. Bəs görəsən bu proseslərin yaşadığımız regiona hansı təsirləri ola bilər? AMİP-in beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayev Yaxın Şərqdə baş verən proseslərin Qafqaz regionu, eləcə də Azərbaycana mümkün təsirləri barədə "OLAYLAR”-ın suallarını cavablandırıb.


-Elşən bəy, Türkiyədə baş verən terrakt, Rusiyanın Suriyada İŞİD-ə qarşı həyata keçirdiyi əməliyyatlar fonunda Yaxın Şərqdəki vəziyyəti necə dəyərləndirərdiniz?

-Hesab edirəm ki, regionda baş verən hadisələr son illərin ən gərgin və kritik nöqtəsinə çatıb. Əgər Rusiya həqiqətən yalnız İŞİD-ə qarşı mübarizə aparmaq üçün əməliyyatlar keçirərsə bunu dəstəkləmək olar. Amma mən hesab edirəm ki, Rusiya İŞİD-lə mübarizə adı altında paralel olaraq Əsəd rejiminə düşmən olan qüvvələrin sıradan çıxarılmasına çalışır. Yəni İŞİD mövqeləri ilə bərabər, həm də rejimə müxalif olan Suriya Azadlıq Ordusu mövqeləri də avia zərbələrə məruz qalır. İlk vaxtlar ruslar bunu inkar etsələr də, son günlər bunu etiraf ediblər. Və izah ediblər ki, biz Suriyanın legitim hakimiyyəti olan Əsədin xahisi ilə köməyə gəlmişik və bu legitim hakimiyyəti silahlı təhdid edən bütün qüvvələrə qarşı əməliyyatlar aparılacaq. Hadisələri təhlükəli edən digər məqam isə həmin Suriya Azadlıq Ordusunun və digər müxalifət güclərin ABŞ-n dəstəyi ilə Əsədə qarşı mübarizə aparmasıdır. O zaman düşünürəm ki, yaxın günlərdə Suriya müxalifətçilərinin əlində müasir aviasiyanı məhv etmək imkanına malik silahlar peyda olacaq. ABŞ-n açıq loqistik dəstəyini də bunun üzərinə gəlsək təxminən Vyetnam , Əfqanıstan müharibələrinə uyğun, amma daha müasir silahlarla aparılan uzunmüddətli şiddətli müharibənin şahidi ola bilərik. Bu müharibənin isə regiona yayılması qaçılmaz ola bilər. İndiki vaxtlarda Türkiyə ərazisində qisa müddət ərzində çoxlu sayda terror aktlarının həyata keçirilməsidə məhz Türkiyədə sabitliyi pozmaq, onu proseslərə cəlb etmək istəyən qüvvələrin də işi ola biər. Amma bu hadisələrin ilk görünən iştirakçıları İŞİD-dir. Düşünürəm ki, İŞİD –i istiqamətləndirən qüvvələr ssenarini məhz belə yazıblar.

-Türkiyə və Rusiyanın yaxın qonşumuz olduğunu nəzərə alsaq bu proseslərin yaşadığımız regiona, xüsusilə Azəbaycana təsiri ola bilərmi?

-Əlbəttə ki, təmsil olunduğun regionda terror , müharibə küləkləri əsərsə bunun region dövlətlərinin hamısına təsiri ola bilər. Heç bir dövlət ərazisində terror aktlarının olmasından sığortalanmayıb. Həmçinin nəzərə almaq lazımdır ki, bu proseslərə dünyanın nəhəg dövlətləri artıq qoşulublar. Onların hərəsinin ayrı ayrılıqda öz maraqları var. Hələ bu hadisələrə qədər onların fikirlərinin üst-üstə düşmədiyi məsələlər var idi. Son hadisələr də göstərir ki, onların razılaşdıra bilmədiyi məsələlər daha çoxdur. Bu gün yalnız bir məsələdə açıq olaraq eyni sözü deyirlər, o da terrorla mübarizə məsələsidir. Amma hamı yaxşı bilir ki, böyük dövlətlərin böyük də dövlət maraqları olur və çalışırlar ki, bu maraqları heç bir halda güzəştə getməsinlər. Bu çəkişmələrdə isə kiçik dövlətlər arada qalır və əziyyət çəkir.

-İndiki halda Azərbaycan hansı mövqeni nümayiş etdirməlidir?

-Hesab edirəm ki, indiki durumda mövcud olan reallıqlara görə Azərbaycan bu proseslərdə olan güc mərkəzlərinin heç birinə tərəf olmamalıdir. Təbii ki, eyni zamanda onların üstlərinə də getməməlidir. Bu gün üçün yalnız bir məsələdə -terrorla mübarizə ilə bağlı məsələlərdə hamı ilə birgə ola bilərik. Bunu balanslaşdırılmış siyasət kimi qəbul etməyin. Bu da bir mövqedir. Çünki açıq şəkildə kimi isə müdafiə edəndə artıq sən tərəf hesab olunursan. Bu cür qarşıdurma vaxtlarında həmişə ilk zərbələr isə zəif nöqtələrə, yəni kiminsə tərəfində olan kiçik dövlətlərə dəyir.

-Türkiyə və Rusiya təzyiqindən yaxa qurtulmaq üçün İŞİD-in Cənubi Qafqaza gəlməsi gözlənilirmi?

-İŞİD oturaqlaşmış dövlət modelinə malik olan bir quruluş deyil. Onlar adətən heç bir ölkəyə getmirlər, ölkələrin özündə yaranırlar. Sonradan kənardan sıralarına qoşulanlar olur. Bu bir virusdur. Həmin virusla mübarizə aparmaq üçün vaksin də mövcuddur. Sadəcə ondan vaxtında və lazımınca istifadə edilməlidir. Hansı ölkələrdə ki, vətəndaş birliyi, siyasi idarəetmədə ədalətçilik prinsipi, dövlətçilik ənənələri varsa həmin ölkələrin vətəndaşlarının bu proseslərə qoşulması çox az halda ola bilər. Baxın İŞİD harada yarandı? İraqda, hansı ki, uzun illərdir bu ölkədə sabitlik, ədalətçilik prinsipləri yox idi. Məzhəblər arasında kəskin qarşıdurmalar var idi və s. Eyni proses Suriyada. İndi isə həmin qeyri-sabitliyi Türkiyə ərazisinə keçirməyə cəhdlər olunur. İnanıram ki, Türkiyə bir dövlət olaraq bu sınaqdan çıxacaq. Bu təhlükənin daha çox Rusiyada artacağı hiss olunur. Bunun üçün orada münbit şərait də var. Azərbaycan üçün şimal qonşusunun ərazisində bu olayların ola biləciyi ehtimalı belə ziyanlıdır. Bu gün Rusiya İŞİD-i bombalayır. Heç kimə sirr deyil ki , çoxlu sayda Rusiya vətəndaşları hansı ki, onların içində pus millətindən olanlarda az deyil, İŞİD sıralarındadır. Hazırda Rusiyada bu təşkilatın sıralarına insanları cəlb etmək üçün çoxlu sayda qüvvələr fəaliyyət göstərir. Eyni zamanda Şimali Qafqazın özü də yatmış vulkanı xatırladır. Həm də Rusiya ərazicə çox böyükdür və orada yaşayan millətlərin tərkibi də rəngarəngdir. Bu ərazini lazımınca nəzarətdə saxlamaq da çətindir. Azərbaycan isə bir az fəqlidir. Bizdə ərazimiz kiçik oldugu üçün ona nəzarət etmək də asandır. Digər tərəfdən Azərbaycanda dini zəmində ciddi iğtişaşların olması presedenti də yoxdur. Amma bütün bunlara baxmayaraq insanları bu təşkilatlara qoşulmaga vadar edən səbəblərin yaranmasına qəti şəkildə yol vermək olmaz. Belə hallara qarşı təxirəsalınmaz adekvat tədbirlər görülməlidir. Əks halda nəticələr ürəkaçıcı olmaya bilər.