Etibar Məmmədov Beynəlxalq Demokrat İttifaqının yenidən sədr müavini seçilib

19-21 noyabr 2014-cü il tarixində Cənubi Koreyanın paytaxtı Seul şəhərində Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) tam hüquqlu üzv olduğu Beynəlxalq Demokrat İttifaqının (BDİ) növbəti Quruiltayı keçirilmişdir. Partiyanın mətbuat xidmətindən "Millət"ə daxil olan məlumata görə, "Partiya Liderlərinin Zirvə Toplantısı” adı altında keçirilən Qurultaya Cənubi Koreyanın prezidenti xanım Park Geun-Hyenin rəhbərlik etdiyi "Saenuri Partiyası” ev sahibliyi etmişdir. Dünyanın 70 dən çox dövlətindən 100-ə yaxın sağ mərkəz partiyasını özündə birləşdirən BDİ Qurultayında üzv partiyaların liderləri, quruma daxil olan ölkələrin dövlət və hökumət başçıları, senatorlar, millət vəkilləri və müxtəlif ranqlı siyasətçilər iştirak etmişlər. AMİP-i Qurultayda Beynəlxalq Əlaqələr Katibi Elşən Mustafayev təmsil etmişdir. Qurultayda mövcud beynəlxalq vəziyyət, qlobal iqtisadi-siyasi problemlər, o cümlədən digər vacib məsələlər müzakirə obyekti olmuşdur.

Nizamnaməyə əsasən 3 ildən bir keçirilən gurultayda BDİ rəhbərliyinin hesabatı dinlənilmiş və rəhbər orqanlara yeni seçkilər keçirilmişdir. Seçkilərin nəticəsi olaraq Yeni Zellandiyanın hazırki Baş Naziri John Key Beynəlxalq Demokrat İttifaqının (BDİ) Sədri seçilmişdir. Qurultayda həmçinin növbəti üç il üçün BDİ Sədrinin müavinlərinin də seçkiləri keçirilmişdir. AMİP lideri Etibar Məmmədov növbəti dəfə BDİ Sədrinin müavini seçilmişdir. E. Məmmədovla yanaşı Norveçin Baş Naziri Erna Solberq, Avropa Xalq Partiyasının (EPP) Prezidenti Josef Daul, Avropa Mühafizəkarları və İslahatçıları Alyansının (AECR) prezidenti Jan Zahradil və bir sıra digər nüfuzlu dünya siyasətçiləri də BDİ sədrinin müavinləri seçilmişlər.