Görünür, prezident seçkilərinin keçirilməsinə tələsənlər var

Aprel ayında ölkədə növbədənkənar prezident seçkilərinin keçiriləcəyi barədə qərar müxalifət düşərgəsində soyuq duş effekti yaradıb.

Seçkilərin oktyabr ayında keçiriləcəyini düşünən müxalifət hazırlıqları ona uyğun planlaşdırıb, hələlik bu istiqamətdə heç bir fəallıq göstərmədiyi halda, seçki vaxtının dəyişdirilməsi bu düşərgədə ciddi narahatçılıq yaradıb. Artıq bir sıra partiyalar seçkilərlə bağlı qərarlarını da açıqlayıblar. Ancaq maraqlıdır ki, bir qayda olaraq ölkədə keçirilən bu və ya digər seçkidə iştirak tərəfdarı olan Azərbaycan Milli İstiqlal Partiyası bu barədə nə düşünür? Partiya seçkilərə öz namizədi ilə gedəcəkmi? Bu və ya digər suallarla partiyanın Mərkəzi Şurasının üzvü Əli Orucovla söhbətləşdik. Partiya yetkilis cari il ərzində təmsil etdiyi partiyanın qurultayının keçirilib-keçirilməyəcəyinə də aydınlıq gətirdi.

-Əli bəy, məlum olduğu kimi bu il seçki ilidir. Öncə sualımız belədir, AMİP seçkidə iştirak edəcəkmi və partiyanın namizədi varmı?

-Seçki ili olmasına baxmayaraq bu hiss edilmir. Nə cəmiyyətin özündə, nə də siyasi düşərgələrdə hərəkətlilik müşahidə olunmur. Bu isə o deməkdir ki, Azərbaycanda seçki institutu, seçki sistemi çöküb. Ona görə də belə şəraitdə seçkilərə getməyin heç bir mənası qalmır. Bildiyiniz kimi AMİP-in qərarlarını kollegial qurum verir. İstər seçkilər olsun, istərsə də ümumilikdə ölkədə gedən proseslərə fərqli münasibət var. Son qərar partiyanın kollegial və seçkili qrumlarının səlahiyyətindədir.

-Bir partiya olaraq seçkidən gözləntiləriniz nədən ibarətdir?

-Çox təəssüflər olsun ki, indiyədək ölkədə nümunə göstərilə biləcək seçki keçirilməyib. Demokratiyanın vacib elementlərindən biri kimi seçki sistemi çöküdürülüb. Cəmiyyətin özünün də seçkilərə və seçkili institutlara inamı, marağı qalmayıb. Ona gərə də ilbəil seçici fəallığı aşağı düşür. Cari ilin seçki ili olmasına baxmayaraq, bu heç hiss olunmur. Hakimiyyətin özü də maraqlıdır ki, proses tam sakit keçsin və nəzarətindən çıxmasın.

AMİP ölkədə zəngin seçki təcrübəsi olan partiyadır. Seçki kampaniyalarına bir çox yeniliklər gətirmişik. 1995-ci il parlament, 1998-ci il prezident seçkilərində ciddi nailiyyətlərimiz olub. Digər seçkilərdən də yüksək nəticələrlə çıxmışıq. Lakin təəssüflər olsun ki, hər il seçkiyə olan münasibət mənfiyə doğru dəyişir. Əvvəllər də iqtidar saxtakarlıq edirdi. Heç olmasa imitasiya yarada bilirdilər. İndi buna heç ehtiyac da duymurlar. Mən özüm şəxsən iki seçki prosesində AMİP-in namizədi kimi 9 saylı Binəqədi 2-ci seçki dairəsində iştirak etmişəm. Bu cür seçkiyə seçki deməyə adamın dili gəlmir. Bir halda ki, hətta, səsvermənin nəticələrini əks etdirən protokollar səsvermədən 2-3 gün qabaq tərtib edilib icra strukturlarına təhvil verilirsə, belə seçkilərə qatılmağın nə mənası?! Fikrimcə, ilk növbədə bu kimi neqativ halların aradan qaldırılmasına nail olunmalıdır. Bütün siyasi qüvvələr çalışmalıdırlar ki, ölkədə normal və əlverişli seçki mühiti yaradılsın.

-Görünən odur ki, müxalifət düşərgəsi həmişə olduğu kimi seçkidə iştiraka o qədər də maraqlı deyil. Bu müxalifətin uğursuzluğa düçar olacağını görərək passivlik nümayiş etdirməsi ilə bağlıdır, yoxsa bu düşərgədə hakimiyyətin namziədinə güclü alternativin olmaması ilə?

-Məsələnin kökündə Sizin sadaladiğiniz səbəblərin dayandığını düşünmürəm. Indiyədək ölkədə azad və şəffaf seçkilər keçirilmədiyindən siyasi qüvvələrin və siyasi liderlərin gücünü də müəyyənləşdirmək mümkün olmayıb. Nəticədə də hər iki tərəf özünü qalib elan edib, nəticələrə şübhə ilə yanaşıb. İtirən isə xalq olub.Hakimiyyətin mənbəyindən kənarlaşdırılıb. Öz dövləti özünə yadlaşdığından nə özü dövlətin idarəçiliyinə yaxın buraxılmır, nə də dövləti idarə edənlərə nəzarət etmir. İctimai nəzarət yoxdur. Ona görə də hər cür özbaşınalıqlara, talançılıqlara, qanunsuzluqlara etinasız münasibət göstərilir. İllər uzunu aparılan siyasət ictimai, siyasi institutları da dağıdıb və bu institutlar formal xarakter daşıyır. Hətta iqtidar partiyası hesab edilən YAP-ın da ölkədəki ictimai-siyasi proseslərdə və idarəçilikdə rolu yox səviyyəsindədir. Bir-iki şəxsdən başqa bütün dövlət strukturları və hakimiyyət qolları hamısı icraçıdırlar. İnzibati təsərrüfatçılıqla məşğuldur. Həm də pis icraçıdırlar. Belə bir mühitdə müxalifətin seçkilərdə iştirakı nə dərəcədə doğru olardı? Mən hətta dövlət büdcəsindən milyonlarla vəsait xəcləyib hakimiyyətin namizədinin 90 faiz səslə qalib gəldiyinin elan edilməsinin də tərəfdarı deyiləm. Bunun heç bir siyasi-hüquqi mənası yoxdur. Bundansa bəzi Afrika və MDB ölkələrinin təcürbəsini birdəfəlik tətbiq etsinlər.

-Hər seçki zamanı müxalifətin vahid namzid məsələsi gündəmə gəlir. Bu dəfə necə, vahid namzidə məsələsi ətrafında müzakirələr gedə və müsbət nəticə əldə oluna bilərmi?

-Münbit, əlverişli və demokratik seçki mühiti olmadan müxalifətin vahid namizədlə, yaxud da hansısa digər formatlarda iştirakı uğurlu nəticə vəd etmir. Bu təcrübə dəfələrlə özünü göstərib. Digər tərəfdən müxalifət yekcins deyil və siyasi politra çoxçalarlıdır. Hamını bir yerə yığmaq mümkün deyil. Fərqli ideyaların, fərqli maraqların, müxtəlif baxışların və ideologiyaların daşıyıcısı, eləcə də əksətiyyətinin hakimiyyətdaxili güclərin dəstəyindən asılı olan müxalifət düşərgəsini bir namizəd ətrafında toplamaq zatən çox çətindir. Heç alınan da deyil. Buna normal da baxmaq olar. Lakin normal olmayan odur ki, iqtidarın bütün resursları əlində cəmləşdirdiyi və ölkədəki indiki qeyri-demokratik şəraitdə bəzi müxalifətçi dostlarımız özlərini artıq qalib görməkdədir. İndi nə 2003-cü, nə də 2008-ci il deyil. Dünyada, regionda və Azərbaycanda çox ciddi dəyişmlər baş verib. Reallıqlar, daxili və xarici şərtlər təhlil edilmədən, yenidən görüntü xatirinə müxalifətin seçkilərdə iştirakı effeksizdir və bu hal əksinə iqtidarın xeyrinədər. Bir daha demək istəyirəm ki, müxalifət düşərgəsi, ziyalılar, ictimaiyyətin nümayəndələri, ümumilikdə cəmiyyət bütün gücünü səfərbər edib ölkədəki indiki qeyri-demokratik vəziyyəti dəyişdirilməli, seçki öncəsi sağlam rəqabət mühiti yaratmalıdır. Bundan sonra seçkilərdə kim qalib gələcəksə, digər tərəflər sivil cəmiyyətlərdəki kimi qalibin əlini sıxıb, öz məğlubiyyətini qəbul edəcək. Belə olan halda Azərbaycan udacaq. Əks təqdirdə ölkədə gərginlik daha da artacaq. Siyasi qüvvələr arasında qarşıdurmalar və düşmənçilik hissi daha da artacaq. Bu isə arzuolunmaz və təhlükəlidir.

-Bəzən haqlı olaraq belə bir fikir səslənir ki, AMİP özünə sədr seçə bilmir və belə olan halda prezidentliyə namziədi necə müəyən edə bilər. Bu kimi irad və ittihamları necə qarşılayırsınız?

-Hər kəsin fikirlərinə hörmətlə yanaşıram. Biz bu kimi haqsız irad və ittihamlarla çox qaşılaşmışıq. AMİP-in Nizamnaməsinə görə partiya kollegial şəkildə idarə olunur və qərarlar da məhz kollegial qəbul edilr. Partiyanın cari fəaliyyətini icra qurumu olan Katiblik həyata keçirir. Ona görə də sədrin olmaması idarəçilikdə və qərarların qəbulunda ciddi problemlər yaratmasa da fəaliyyətimizdə müəyyən çətinliklərlə üzləşdirir. Lakin sədri Partiyanın ən ali orqanı olan Qurultay seçir. Bunun üçünsə Mərkəzi Şura toplanıb, Qurultayı çağırmalıdır. Qurultayın tərkibi tam formalaşdırılıb, texniki məsələlərin həlli də hesab edirəm ki, o qədər zaman almayacaq.

Nəzərinizə onu da çatdırım ki, AMIP-in Qurultayları təkcə sədr seçmək üçün çağırılmır. Adəti üzrə partiyanın Qurultayları ölkənin ictimai-siyasi proseslərini kökündən dəyişib, yeni çalarlar gətirib. Təkcə partiyanın həyatı üçün deyil, ictimai-siyaysi həyatımızda önəmli rol oynayıb. Bu il Azərbaycan üçün çox ciddi hadisələrin olacağı ehtimal olunur, düşünürəm ki, bu hadisələrdən biri də AMİP-in keçiriləcək qurultayı və qurultaydan çıxan qərarlar olacaq. Partiyanın prezident seçkiləri ilə bağlı qərarı da dərin təlil və müzakirələrdən sonra veriləcək. Tələmtələsik qərarlar vermək bizlik olmayıb.

-AMİP lideri Etibar Məmmədov prezident seçkilərində iştirak edəcəkmi?

-E.Məmmədovun prezident marafonunda iştirakı öz qərarına bağlıdır. Əgər seçkilərdə iştirak etmək qərarına gəlsə AMİP daha geniş formatda onun namizədliyini dəstəkləyəcək.

-Əli bəy, prezident İ.Əliyev ölkədə nöbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı sərəncam verib. Sərəncama əsasən prezident seçkiləri aprelin 11-ə təyin olunub. Bununla bağlı nə deyərdiniz?

- İndiyədək Azərbaycanda mərhum prezident Ə.Elçibəyin xəbərsiz-ətərsiz postunu qoyub gecə Kələkiyə getməsindən sonra 1993-cü il oktyabrın 3-də mərhum prezident H.Əliyevin prezident seçkilərini nəzərə almasaq belə bir hal olmayıb. Qısaca olaraq onu deyə bilərəm ki, görünür, prezident seçkilərinin keçirilməsinə tələsənlər və bunu oktyabradək gözləməyə səbrləri çatmayanlar var. Yaxud da bunu zəruri edən digər ciddi səbəblər və amillər var.