“Korrupsiyaya, anti-demokratik duruma qarşı mübarizə hamının təbii və konstitusyon haqqıdır...”
Bu günlərdə Azərbaycan Xalq Cəbhəsinin əsasının qoyulmasının 32-ci ili tamam oldu. 1989-cu il iyulun 16-da Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi üçün Əbülfəz Elçibəy və 14 nəfər tərəfindən gizli iclasda Azərbaycan Xalq Cəbhəsi adlı ictimai-siyasi hərəkat formalaşdı. Bəs görəsən, milli azadlıq hərəkatının aparıcı qüvvəsi olmuş həmin təşkilat, qarşısında duran missiyanı layiqincə yerinə yetirə bildimi? Bu gün – müstəqilliyimizin bərpasından sonra Azərbaycanda hələ də xalqın narazı qaldığı bir sıra anti-milli, anti-demokratik proseslərdə, korrupsiyada, məmur özbaşınalığında və s. AXC-nin də məsuliyyəti varmı?
Mövzu ilə bağlı suallarımızı cavablandıran AXC-nin qeyd edilən tarixdə ilk idarə heyətini formalaşdırmış15 nəfərdən biri olmuş AMİP lideri Etibar Məmmədov Moderator.az-a açıqlamasında öncə Azərbaycan Xalq Cəbhəsi ilə Xalq Cəbhəsi Partiyasının qarışıq salınmasından danışıb.
“Öncə onu deyim ki, bəzi hallarda Azərbaycan Xalq Cəbhəsi ilə Xalq Cəbhəsi Partiyası qarışıq salınır. Xalq Cəbhəsi bir hərəkat idi, hərəkatın təşkilati forması kimi meydana çıxmışdı. Və qarşısında duran məqsəd də milli azadlıq hərəkatı olmuşdu. Proqram məqsədlərinə salınmasa da, AXC-nin əsas məqsədi Azərbaycanın müstəqilliyinə nail olmaq idi. Və ona görə də müstəqilliyi bir ideya kimi qəbul edən müxtəlif təbəqələrə məxsus insanlar bir yerə toplaşmışdılar. Onların siyasi cəhətdən fikirləri, eləcə də iqtisadi baxışları müxtəlif ola bilərdi. Ancaq hamı bir məsələdə birləşirdi ki, Azərbaycan müstəqil dövlət olmalıdır. Və Xalq Cəbhəsi Azərbaycan müstəqillik əldə edəndən sonra, demək olar ki, öz missiyasını yerinə yetirdi. O zaman mən də fikrimi bildirmişdim ki, artıq AXC özünü buraxmalıdır və bu hərəkata daxil olan müxtəlif baxışlı insanlar özlərinə uyğun siyasi təşkilatlar, partiyalar yaratmalıdır. Təəssüf ki, bu, baş vermədi. Ona görə də AXC siyasi təşkilata çevrildi və bundan sonra onun adından monopoliya kimi istifadə etməyə və onu özününküləşdirməyə çalışanlar oldu. Və nəticədə də Azərbaycan Xalq Cəbhəsi Partiyası meydana çıxdı. Ancaq, fikrimcə, o partiya həmin addan istifadə etməməli idi. Nəticədə insanların şüurunda bu cür qarışıqlıq yaranır. Və ümumi məqsəd, dediyim kimi, Azərbaycanın müstəqilliyinə nail olmaq, ikinci mərhələdə isə Azərbaycanda demokratik azad iqtisadiyyata söykənən bir cəmiyyət qurmaqdan ibarət idi. Bu isə artıq sonrakı siyasi təşkilatların üzərinə düşən vəzifə idi. Odur ki, hesab etmək olmaz ki, bu, AXC-nin vəzifəsi idi və onu yerinə yetirmədi. Fikrimcə, AXC-nin vəzifəsi müstəqilliyə nail olmaq idi və o, həmin missiyanı yerinə yetirib. Ondan sonrakı dövrdə isə Xalq Cəbhəsi adı altında hakimiyyətə gəlib ancaq həmin vəzifəni yerinə yetirə bilməyənlərin məsuliyyəti ilə Xalq Cəbhəsinin məsuliyyətini eyniləşdirmək olmaz. Onlar ayrı-ayrı adamlar idi, onlar müxtəlif fikirlərə baxışlara mənsub insanlar idi. Və onların da hakimiyyəti dövründə bu qarışıqlıq, ideya qarışıqlığı sonrakı nəticəsizliklərə gətirib çıxardı. Eləcə də korrupsiyanın olması, demokratiyanın olmaması, demokratik azadlıqların az olması artıq bütövlükdə cəmiyyətin məsuliyyətidir. Yəni bu, bizim daxili işimizdir. Milli azadlıq hərəkatı isə bütün xalqın xarici işğalçıya, xarici müstəmləkəçiyə qarşı mübarizə birliyindən ibarət idi. Daxildə isə müxtəlif fikirli insanlar ola bilər. Və korrupsiyaya qarşı da, anti-demokratik duruma qarşı da mübarizə hamının təbii, həm də konstitusyon haqqıdır”- deyə AMİP lideri vurğulayıb. Moderator.az