Ölkə ciddi iqtisadi itkilərlə üz-üzə qaldı.

Məlum olduğu kimi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda təşkil etdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə bir sıra vacib məsələlərə toxunuldu.

Müzakirələrdə iştirak edən Prezidenti İlham Əliyev çıxışında əvvəlcə Cənubi Qafqaz regionunda yeni reallıqların yarandığını xatırlatdı, həmçinin, yeni vəziyyətin yeni yanaşmalar tələb etdiyini deyərək, dünya ictimaiyyətini başa çatan Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın 30 il ərzində yürütdüyü işğalçılıq siyasətinin acı nəticələri haqqında məlumatlandırdı.

Ermənistanın hazırkı vəziyyətindən söz açan ölkə başçısı bunun səbəblərini arqumentlərlə əsaslandıraraq, rəsmi İrəvanın indiyədək hansı səhvlərə yol verdiyini açıqladı. Haqlı olaraq ölkə başçısı qeyd etdi ki, ötən 30 il ərzində ermənilər çox şey itirdilər: “Onlar vaxt itirdilər. Onlar Azərbaycanın enerji və daşımaların inkişafı təşəbbüslərindən məhrum oldular. Əgər bugünkü Ermənistandakı vəziyyətə nəzər salsaq, görərik ki, Ermənistan müstəqilliyi qazanan zaman ilə müqayisədə vəziyyət daha ağırdır. Çünki bu gün Ermənistanın ordusu belə yoxdur. O, tamamilə məhv edilib. Nəhayət, onlar işğal etdikləri əraziləri itirdilər. O ərazilər ki, onlara nə tarixi nöqteyi-nəzərdən, nə də ki, beynəlxalq hüquq baxımından məxsus deyildi. İndi isə, münaqişə başa çatdıqdan sonra Dağlıq Qarabağ münaqişəsi, ilk növbədə, Azərbaycan tərəfindən, sonra isə ötən ilin 10 noyabr tarixli birgə bəyanat ilə artıq həll olunub”.

Görünən odur ki, Ermənistanın işğalçılıq ambisiyaları, bütün mənalarda, bu ölkəyə baha başa gəldi. Nəticədə onlar bir çox şeydən məhrum oldular.

“Hələ məlum deyil ki, 20 iyun seçkilərindən sonra ölkədə ictimai-siyasi vəziyyət necə olacaq”
Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucovun sözlərinə görə, Prezidentin məlum dəyərləndirməsi reallığı əks etdirir: “Ermənilər ötən illər ərzində xəstə ideologiyanın əsiri olaraq itirə-itirə getdilər. Ermənistan müstəqillik əldə edəndə ölkə əhalisinin sayı üç milyon beş yüz min nəfər idisə, indi onların sayı heç 3 milyon da deyil. Ermənistanın işğalçılıq siyasəti üzündən bu ölkə regionda təcrid durumuna düşdü. İşğalçı dövlətdə hakimiyyətdə olan qüvvələrin yeritdikləri siyasət üzündən Ermənistan həm iqtisadi inkişafdan məhrum oldu, həm də ilhaq etdiyi əraziləri itirdi. İşğalçı siyasət yürüdən Ermənistan, faktiki olaraq, son 25 ildə Azərbaycanın liderliyi ilə regionda həyata keçirilən bütün strateji əhəmiyyətli neft-qaz, 6 nəqliyyat-kommunikasiya, logistika layihələrindən məhrum olmaqla özünütəcrid vəziyyətində qalıb. Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum, TAP, TANAP və s. kimi layihələrin Ermənistan ərazisindən keçməməsi bu ölkənin hər il yüz milyonlarla ölçülən gəlirdən məhrum olması deməkdir. Bu bir reallıqdır ki, hərbi təcavüz Ermənistanı xeyli geri atdı. Ötən il baş verən müharibə zamanı Ermənistan 1 milyard dollardan çox maliyyə itkisinə məruz qaldı. Statistik hesablamalara əsasən, bu ölkənin gündəlik müharibə xərcləri təxminən 30-35 milyon dollar təşkil edirdi. Bütün bunlar iqtisadi baxımdan zəif olan Ermənistan üçün kiçik rəqəm deyil. Nəticə ortadadır. Ermənistanın xarici borcu 8 milyard dolları ötüb. Ölkə ciddi iqtisadi itkilərlə üz-üzə qaldı. Nəticədə Ermənistan daxilində siyasi xaos böyüdü. Hələ məlum deyil ki, 20 iyun seçkilərindən sonra ölkədə ictimai-siyasi vəziyyət necə olacaq”.

Partiya funksioneri onu da qeyd etdi ki, bütün bunlardan Ermənistan düzgün dərs çıxarsa, gələcəyini qura bilər. Əks halda, Ermənistan məhvə doğru gedəcək.