PKK-nın da hədəfləri bəllidir

Elşən Mustafayev: "Kənardan parıltılı görünən bu izdivac HDP-yə başucalığı gətirən deyil"

"Ən maraqlısı isə budur ki, bu dəvəti Dəmirtaşın özü də böyük məmnunluqla qəbul edir"

PKK terror təşkilatına yaxın olan Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaş Moskvaya səfər edəcək. S.Dəmirtaş bildirib ki, səfərin məqsədi partiyasının Rusiya təmsilçiliyinin açılmasıdır.
O, səfər çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcəyini də deyib: "Biz güclüyük və bu gücümüzdən istifadə etmək istəyirik. Səfər zamanı Lavrovla görüşəcəyik, Moskvada təmsilçiliyimizi açacağıq". Səfər dekabrın 23-nə nəzərdə tutulur.
Qeyd edək ki, hazırda Türkiyə-Rusiya münasibətlərində gərginlik hökm sürür, iki ölkə arasında bir çox sahədə əməkdaşlıq dayandırılıb. Məhz belə bir məqamda Moskvanın Dəmirtaşa qucaq açması olduqca maraqlı görünür. Bu qəfil səfərin arxasında hansı amillər dura bilər?
Azərbaycan Milli İstiqlal Partiyasının sədr müavini Elşən Mustafayev qəzetimizə açıqlamasında bu səfəri təsadüfi saymadığını bildirdi: "Niyə məhz indi? Bu sual çoxlarını haqlı olaraq düşündürə bilər. Rusiya bütün vasitələrlə Türkiyəyə qarşı mübarizəyə girişib. Hətta Türkiyədəki daxili faktordan da bəhrələnməyi düşünür. Təyyarə qalmaqalından sonra Rusiya daha çox Ərdoğanı və onun yürütdüyü siyasəti tənqid edirdi. Rusiyalı politoloqlar da hökumətə təkliflər verirdi ki, daxildəki müxalifəti qızışdırmaq lazımdır. Amma maraqlıdır, Rusiya Ərdoğanı zərərsizləşdirmək üçün Türkiyə müxalifətinə stavka etmək istəyirsə, niyə daha böyük partiyalarla əməkdaşlığa girişmir? Onlar görür ki, Türkiyə iqtidarı və müxalifəti prinsipial məsələlər ətrafında sıx birləşməyi bacarır. HDP adlı partiya faktiki olaraq PKK-ya yaxınlığı ilə tanınır. PKK-nın da hədəfləri bəllidir. Onlar Türkiyənin daxilində müstəqil dövlət qurmaq istəyirlər. Təbii ki, bu niyyəti dəstəkləyən qurumlara Rusiyanın böyük ehtiyacı var. Qalmaqalın ilk günlərində Rusiyada səslənən şovinist fikirləri yada salaq. Ən çox: "erməniləri Türkiyəyə qarşı səfərbər edək", "PKK-nı silahlandıraq" kimi təkliflər eşidilirdi. Deməli, Dəmirtaş da Türkiyəyə təzyiq kartlarından biri və ən vacibi kimi qəbul edilir. Ən maraqlısı isə budur ki, bu dəvəti Dəmirtaşın özü də böyük məmnunluqla qəbul edir. Sanki Moskvaya yardımçı ola biləcəyinə dair vəd verməyə hazır olan kimi görünür. Qeyd edim ki, Ərdoğana qarşı sərt mövqedə olan digər müxalif partiyalar isə Dəmirtaşın bu hərəkətinə birmənalı olaraq pis yanaşır. Bir vaxtlar PKK kartını da Moskva işə salmışdı. İndi də Putin həmin yarımçıq qalmış işi tamamlamaq istəyir. Amma düşünürəm ki, belə bir əməkdaşlıq Türkiyənin daxilində HDP-nin nüfuzuna ağır zərbə vuracaq. Məhz onların elektoratının içində Türkiyənin sərhədlərini pozanlara qarşı sərt tədbirin görülməsini haqlı sayan çoxlu sayda şəxs var. Kənardan parıltılı görünən bu izdivac HDP-yə başucalığı gətirən deyil".
Məhəmmədəli QƏRİBLİ