Qərbin indiki məqamda Azərbaycana yönəlik siyasəti anlaşılan deyil".

Arzuxan Əlizadə: "Qərbin indiki məqamda Azərbaycana yönəlik siyasəti anlaşılan deyil"

"Çox təəssüf ki, Qərbdə müəyyən dairələr hələ də bütün bunları dərk etmək istəmir"

Azərbaycan hakimiyyətinin müstəqil xarici və enerji siyasəti yenidən bir sıra dairələri təlaşa salıb. Amerika Birləşmiş Ştatlarının Helsinki Komissiyasının sədri, konqresmen Kris Smit və Avropa Şurasının baş katibi Torbörn Yaqland qərəzli addım atıblar.
Konqresmen Azərbaycan hökuməti nümayəndələrinə qarşı sanksiyalar tətbiq etməkdən danışıb. T.Yaqland isə ölkədə insan haqları ilə bağlı konvensiyaya necə əməl edildiyini nəzərdən keçirmək qərarına gəldiyini bildirib. Bunların bir-birilə sıx əlaqədə olduğu aydın hiss edilir. K.Smit hesab edir ki, Azərbaycanda hakimiyyət insan haqlarını pozur. Guya insanların söz azadlığı məhdudlaşdırılır, onlar siyasi düşüncəyə görə həbsə atılır. Buna görə də o, rəsmi Bakıya cəza tətbiq olunmasını təklif edir. Lakin o həm də Azərbaycanın adi vətəndaşlarına qarşı tədbir görməyi nəzərdə tutan təklif verir. T.Yaqlandı da, sən demə, Azərbaycandakı insan haqlarının vəziyyəti "narahat edirmiş". Bu qərəzli addımların niyə məhz indi baş verməsi təəccüb doğurmaya bilməz. Dünyada geosiyasi vəziyyətin mürəkkəb və ağır olduğu bir mərhələdə dialoqa, sülhə, faydalı əməkdaşlığa və təhlükəsizliyin təmininə aparan hər bir addım qəbul edilməlidir. Azərbaycan rəhbərliyi belə bir çətin mərhələdə səmərəli siyasi gedişlər etməkdədir. Qərbin enerji təhlükəsizliyi üçün strateji önəm daşıyan layihələrin həyata keçməsində ciddi rol oynamaqdadır. Azərbaycan Cənubi Qafqaz regionunun inkişafı üçün əlindən gələni edir. Qərb-Şərq əməkdaşlıq dəhlizi ilə yanaşı, Şimal-Cənub istiqamətində də əlaqələrin genişlənməsinə öz töhfəsini verir. Rəsmi Bakı, eyni zamanda, ölkə daxilində keyfiyyətcə yeni səviyyədə islahatları davam etdirir, korrupsiyaya qarşı real mübarizə aparır. Avropa ilə Asiyanı birləşdirəcək İpək Yolunun ərsəyə gəlməsində fəal rol oynayır. Ən başlıcası, enerji mənbələrinin diversifikasiyasında fəal rol oynayır. Belə olan halda, niyə Azərbaycana qarşı ədalətsiz sanksiya tələbləri gündəmə gətirilir?
Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, Qərbin Azərbaycana yönəlik bu kimi xoşagəlməz manevrlər etməsini anlamaq olmur: "Azərbaycan geniş planda Avropa ilə Uzaq Şərqin ucqar əyalətləri arasında iqtisadi, ticari, energetik və mədəni əlaqələrin dərinləşməsinə konkret töhfələr verir. Çox təəssüf ki, Qərbdə müəyyən dairələr hələ də bütün bunları dərk etmək istəmir. Onlar zaman-zaman erməni diasporunun, Azərbaycana düşmən mövqedə olan başqa qüvvələrin əlində ucuz oyuncağa çevrilir, əməkdaşlıq prosesinə əngəllər yaratmağa çalışır. Onlar sanksiya məsələsində daha da irəli gedərək Azərbaycan xalqına qarşı sərt tədbirlərin görülməsini ifadə edən məntiqsiz müddəalar irəli sürür. Baxmayaraq ki, Azərbaycan rəhbərliyi qlobal miqyasda təsirli addımlar atıb. Qərbin enerji təhlükəsizliyinin təmini üçün vacib sayılan layihələri inamla reallaşdırmaqdadır. O, postsovet məkanında müstəqilliyini əldə etmiş ölkələrin enerji ilə təminatında da ciddi rol oynamaqdadır. Bütün bunlar Azərbaycanın Cənubi Qafqazda əhəmiyyətli geosiyasi və iqtisadi rola malik olan ölkə olduğunu göstərir. Qərbin indiki məqamda Azərbaycana yönəlik siyasəti anlaşılan deyil".
Vidadi ORDAHALLI