Rusiya təyyarələri NATO-nu bezdirib

NATO-nun Avropadakı qüvvələrinin komandanı, amerikalı general Filip Bridlav Rusiya strateji bombardmançılarının Avropa hava məkanında son günlər intensiv xarakter almış uçuşlarına dair bəyanat verib.

Virtualaz.org saytının Qərb KİV-lərinə istinadən verdiyi xəbərə görə, general bildirib ki, Rusiya hərbi təyyarələrinin uçuşları daha kütləvi xarakter alıb və xeyli aktivləşib.

F.Bridlavın sözlərinə görə, Rusiya aviasiyası "təxribatçı marşrutlar” seçir: "Olduqca mühümdür ki, əvvəllər belə uçuşlar kiçik qruplar halında, bəzən bir-iki təyyarənin iştirakı ilə həyata keçirilirdi. Ötən həftə bizim müşahidə etdiyimiz isə tamamilə fərqlidir. Bu dəfə ruslar bütöv təyyarə qruplaşmaları ilə uçuşlar həyata keçiriblər, Avropa hava məkanının çox dərinliklərinə giriblər və daha təxribatçı marşrutlar seçiblər”.

General qeyd edib ki, bu cür "güc nümayişi” Avropada sabitliyə və təhlükəsizliyə heç cür kömək etmir. Onun sözlərinə görə, NATO hərbçiləri uçuşlara lazım olan formada reaksiya veriblər və bu reaksiyalar xeyli çevik olub. Rusiya təyyarələri Avropanın hava məkanını tərk edənə qədər NATO qırıcıları onları müşayiət edib.

Xatırladaq ki, Rusiyanın strateji nüvə bombardmançısı "Tu-95” təyyarələri ötən həftə qırıcıların və yanacaqdolduranların müşayiəti ilə NATO ölkələrinin hava məkanları yaxınlığında müntəzəm uçuşlar həyata keçirib. Təyyarələr Portuqaliya, İspaniya, Norveç, Britaniya hava sərhədlərinə yaxınlaşıblar. Hər dəfə NATO qırıcıları həyəcan siqnalı ilə havaya qaldırılıb.

Sonuncu dəfə noyabrın 1-də Britaniyanın Kral Hava Qüvvələrinin "Tayfun” qırıcıları Rusiyanın bir neçə "Tu-95” bombardmançısının ölkənin hava sərhədlərinə yaxınlaşmasına görə həyacan siqnalı ilə havaya qalxıb.