Elşən Mustafayev: "Onun dediyinə nəinki sadə ermənilər, hətta özü də inanmır"
Ermənistan bir daha Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə maraq göstərmədiyini, işğalçılıq siyasətini davam etdirməkdə israrlı olduğunu təsdiqlədi. Özü də bu təsdiq işğalçı ölkənin prezidenti Serj Sərkisyanın dilindən səsləndi. Əslində, işğalçı ölkənin dövlət başçısı mütəmadi olaraq ölkəsinin işğalçılıq siyasətini ortaya qoyan fikirlər səsləndirir. Amma bu dəfə Serj Sərkisyan bir qədər də irəli gedib. Belə ki, Respublika Partiyasının 18 illik yubileyində çıxış edən Ermənistan prezidenti bildirib ki, qarşıdakı hədəf Azərbaycanın paytaxtı Bakını almaqdır. Sərkisyan Ermənistanın Azərbaycana sarsıdıcı zərbələr vurma imkanlarından da danışıb. İşğalçı ölkə prezidentinin son açıqlaması Yerevanın müharibə tərəfdarı olduğunu bir daha təsdiqləyib. Sərkisyanın fikirləri həmçinin Ermənistanın güclü surətdə müharibəyə hazırlaşdığını deməyə əsas verir. Bəs görəsən, bu barədə ekspertlər nə düşünürlər? Bu və ya digər suallarla bağlı Azərbaycan Milli İstiqlal Partiyasının beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayevlə söhbətləşdik.
-Elşən bəy, Ermənistan prezidenti Serj Sərkisyan Respublika Partiyasının yubiley tədbirində çıxışı zamanı Bakını tutmaq məqsədləri barədə danışıb. Sərkisyanın bu fikri nə dərəcədə ciddi və ya qeyri-ciddidir?
-Serj Sərkisyanın bu sərsəmləməsi Ermənistan hakimiyyətini uzun müddətdir zəbt etmiş Qarabağ klanının nüfuzunu qaldırmaq üçün hesablanıb. Bildiyimiz kimi gələn il Ermənistanda prezident seçkiləridir. Serj Sərkisyan artıq iki müddət seçildiyi üçün yenidən namizəd ola bilməyəcək. Eyni zamanda gözəl anlayır ki , əyər gələn seçkidə prezident Qarabağ klanınından olmazsa, o zaman onu və komandasını ən yaxşı halda həbsxana gözləyir. Vaxtilə Robert Köçəryan belə populist şuarlarla hakimiyyətə gəlmişdisə, bu gün özü üçün ağır zamanda Sərkisyan da həmin addımları təkrar etməyə cəhdlər edir. Tamamilə qeyri ciddi gülünc və siyasətçinin sıfır səviyyəsini göstərən çıxışdır. Onun dediyinə nəinki sadə ermənilər, hətta özü də inanmır.
-Ermənistan prezidentinin bu cür açıqlama verməsinin arxasında Ermənistana göstərilən hansısa dəstək dura bilərmi?
-Ermənistana hər zaman dəstək olub. Amma əsas dəstək son 23 ildə yaranmış status-kvonu qorumaq məqsədilə olub. Bununla belə aprel döyüşlərində status-kvo əhəmiyyətli şəkildə Azərbaycanın xeyrinə dəyişdi. Ona görə də bu çıxış ilk növbədə Ermənitan dəstəkçilərini pis vəziyyətə qoyur və gələcəkdə onlara hər hansı yardım etmələrini çətinləşdirir. Bir ölkənin prezidenti başqa bir ölkənin paytaxtını tutmaqla bağlı çıxış edirsə, bu artıq həmin dövlətin işğalçı olmasını sübüt edir. Necə ki, Azərbaycan uzun müddətdir dünya dövlətlərindən Ermənistanı işğalçı kimi tanımağı tələb edir .
-Bu cür açıqlamalar müharibə riskini nə dərəcədə artırır?
-Bu çıxışlar hələlik müharibə riskini yox, tərəflər arasında gərginliyi artırır. Bu gün hərbi əməliyyatlara başlamaq Ermənistan üçün faciəyə çevrilə bilər. Bunu bildikləri üçün belə addımı atmayacaqlar. Onları bu günku vəziyyət tam qane edir və qane etdiyi üçün də havadarları vasitəsilə konfliktin uzun müddətə dondurulmasına çalışırlar. Bu hadisə isə Azərbaycanı və dünyanı bir daha əmin edir ki, problemin danışıqlarla həlli Ermənistan üzündən mümkün deyil. Bu zaman ya Ermənistana ciddi təziqlər edilməlidir , ya da Azərbaycan öz ərazilıərini özü bildiyi kimi qaytarmaq haqqından istifadə edəcək və kimsənin ona dayan deməsinə heç bir haqqı olmayacaq.
-Mövcud situasiya onu deməyə əsas verirmi ki, artıq danışıqlar limiti bitib?
-Aprel döyüşlərindən sonra baş tutan danışıqların nəticəsi onu göstərmişdi ki, bu limit çoxdan bitib. Qarşı tərəfin özü üçün müəyyən etdiyi qırmızı cizgi var. Hansı ki , bu cizgidən kənara çıxmaq barədə düşünmür Bu mövqe problemin ədalətli həllini mümkünsüz edir Bu Azərbaycanın mövqelərinə tamam ziddir. Bu gün bizim əsas işlərimizdən biri bu və ya bu kimi çıxışları əsas tutaraq dünya dövlətlərini fakt qarşısında qoymaqdır. Onsuz da gec- tez məsələ hərbi müstəviyə keçəcək. O zaman Azərbaycanın addımlarının ədalətli olmasını sübüt edəcək amillər məhz Ermənistanın danışıqlardan daim yayınması, hər hansı kompromisə getməməsi və yeni işğal təhdidləri olacaq.
-Qərb, Avropa regionda müharibənin alovlanmasında maraqlıdırmı?
-Qərb, Avropa bu gün reqionda müharibənin alovlanmasında maraqlı deyil . Amma onu da gözəl bilir ki, konfliktdə işğala məruz qalan tərəf var .20 ildən artıqdır ki, ATƏT çərçivəsində aparılan danışıqlar, vasitəçilərin fəaliyyəti az da olsa problemin həllinə hər hansı kömək etməyib. Əvəzində aprel ayında 4 günlük müharibədə Azərbaycan öz iradəsi ilə işğal altında olan bəlli bir ərazini azad etdi. Onlar da yaxşı bilrlər ki, əgər həmin vaxt Azərbaycan atəşkəsə razılıq verməsəydi, əməliyyatların nəticəsi Ermənistan üçün dəhşətli ola bilərdi. Ona görə də onların marağı danışıqların davam etdirilməsi, ya da qeyri-müəyyən vaxta konfliktin dondurulmasındadır. Yaxın Şərq probleminin kəskinləşdiyi bir zamanda Cənubi Qafqazda yeni müharibə ocağının yaranması onların maraqlarına xidmət etmir.