Xəbər verdiyimiz kimi, 1990-cı illərdə Türkiyə Respublikasına köçmüş və orada qeyri-qanuni şəkildə məskunlaşmış yüzlərlə azərbaycanlı vardır. Soydaşlarımızın Türkiyə ərazisində qeydiyyata alınması, hüquqi statuslarının müəyyənləşdirilməsi və sosial müdafiəsinin təmin edilməsi istiqamətində müvafiq dövlət qurumları tərəfindən müəyyən işlər görülməkdədir. Bu işlərin davamı kimi, qeyd edilən insanların Azərbaycan Respublikasına mənsubluğunun aydınlaşdırılması və şəxsiyyəti təsdiq edən sənədlərlə (şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportu) təmin edilməsi məqsədilə müvafiq işçi qrupu yaradılmış və siyahıyaalma ilə bağlı hazırlıq işlərinə başlanılmışdır. Problemlərin yerində araşdırılması və həlli ilə bağlı 23-26 sentyabr 2018-ci il tarixlərində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Kənan Məmmədov və İsmayıl Ənsərli, ölkəmizin İstanbul şəhərindəki Baş Konsulluğu ilə birgə,qeyri-qanuni məskunlaşmış soydaşlarımız ilə bir sıra görüşlər keçirmişlər. İstanbul şəhərinin Qaziosmanpaşa rayonunun 500 evlər, Rami, Eyyubsultan, Bağlarbaşı,Yıldıztabya, Barbaros, Hayreddinpaşa, Hürriyyət, Fevzi Çakmak məhəllələri,Bayrampaşa rayonunun Yıldırım, Altıntepe, Orta məhəllə, Kartaltepe, Vatan məhəllələri, ətraf bölgələr, həmçinin, Küçükçekmece rayonunun Halkalı Mərkəz məhəllələrində söydaşlarımızla görüşlər keçirilmiş və maarifləndirici söhbətlər aparılmışdır.

Sonra konsulluq xidmətləri ilə bağlı, görüş iştirakçılarını maraqlandıran, sullar cavablandırılıb. Diasporla iş üzrə Dövlət Komitəsinin əməkdaşı Kənan Məmmədov görülən işlərlə bağlı məlumat verərək qeyri-qanuni məskunlaşmış soydaşlarımızın əhatə dairəsinin müəyyənləşdirilməsi, şəxsiyyəti təsdiq edən sənədlərlə təmin olunması və bunun üçün həmin şəxslərin anket məlumatlarının əldə edilməsi məqsədilə yaradılmış əlaqə vasitələrini təqdim edib. Daha sonra, işçi qrup tərəfindən hazırlanmış anketlər görüş iştirakçılarına paylanaraq,onların müvafiq anket məlumatları toplanmışdır.
Səfər çərçivəsində Zəhra Ana Yardımlaşma və Kültür Dərnəyinin nəzdindəki Azərbaycan məktəbində, Azərbaycan Təhsil, Mədəniyyət və Sosial Həmrəylik Dərnəyinin nəzdində fəaliyyət göstərən Hüseyn Cavid adına Azərbaycan məktəbində şagird-müəllim kollektivi ilə görüşlər keçirilib. Tədris ilinin başlanması münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsinin adından məktəblilərə məktəb ləvazimatları hədiyyə edilib.