Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurası Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin müraciəti ilə əlaqədar kollektiv sülhməramlı qüvvələrin həmin ölkəyə göndərilməsi barədə qərar qəbul edib. Sülhməramlı qüvvələrin hal-hazırda Qazaxıstan ərazisinə daxil olduğu bildirilir.
KTMT nədir?
15 may 1992-ci il tarixində əsası qoyulmuş hökumətlərarası hərbi ittifaqdır. 1992-ci ildə Müstəqil Dövlətlər Birliyinə üzv olan altı post-Sovet dövləti olan Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan Kollektiv Təhlükəsizlik Müqaviləsi imzaladılar. Üç digər post-Sovet ölkəsi olan Azərbaycan, Belarus və Gürcüstan isə 1994-cü ildə bu müqaviləni imzaladı. Beş ildən sonra bu müqaviləni imzalamış doqquz dövlətdən altısı (Azərbaycan, Gürcüstan və Özbəkistan istisna olmaqla) müqavilənin müddətini daha beş il artırmaq barədə razılığa gəldi. 2002-ci ildə isə həmin altı ölkənin razılığı ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı adı altında hərbi ittifaq təşkil olundu. Özbəkistan 2006-cı ildə yenidən KTMT-yə üzv olsa da, 2012-ci ildə təşkilatı tərk edib.
Bu təşkilatın başlıca məqsədi üzv ölkələrin xaricdən gələ biləcək təhdidlərə qarşı birlikdə hərbi əməkdaşlıq etməsidir. KTMT-nin nizamnaməsində bildirilir ki, üzv ölkələrdən hansısa birinə qarşı təhlükə yaranacağı təqdirdə bu təşkilata üzv olan digər ölkələrə qarşı da aqresiya kimi qəbul edilir.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qazaxıstana sülhməramlı qüvvələr göndərməsi qanuna uyğundurmu?
Nəzərinizə çatdıraq ki, hal-hazırda Qazaxıstanda baş verən hadisələr hakimiyyət və xalq arasında baş verən anlaşılmazlıqdan və iqtisadi problemlərdən qaynaqlanır. Mübahisədə iki tərəf var xalq və hakimiyyət. Üçüncü bir dövlət və ya terror təşkilatı yoxdur. Bu halda KTMT-nin Qazaxıstana sülhməramlı qüvvə göndərməsi həm təşkilatın nizamnaməsinə ziddir, həm də qanunsuzdur. KTMT Qazaxıstanı xarici qüvvələrdən qorumaq üçün cavabdehdir, xalqın qarşısında haimiyyəti qorumaq üçün yox. Ölkədə baş verən siyasi aksiyaların qarşısını almaq üçün hər hansı bir xarici qüvvənin cəlb olunması Qazaxıstanın göz görə-görə işğal olunması üçün zəmin yaratmaqdır. Eyni zamanda Kasım-Jomart Tokayevin xalqla danışıqlara getmədən, xalqın tələblərini dinləmədən birbaşa KTMT-ni dəvət etməsi də onu göstərir ki, hakimiyyət ölkəni dolayı yolla Rusiyaya təslim edir.
Proseslər bu nöqtəyə necə gəldi?
Türk dövlətləri arasında Türkiyədən sonra iqtisadi gücü ən yüksək olan ölkə Qazaxıstandır. Daxili məhsulu ilə özü-özünü təmin etməsinə görə də dünyada ilk 50-lik dədir. Görünən odur ki, sovetlərdən ayrılan bir ölkənin bu dərəcədə inkişafını Rusiyanın gözü götürməyib.
Qısa bir xatırlatma edək. Rusiya prezidenti Vladimir Putin 2020-ci ildəki çıxışlarından birində bildirib ki, “Sovet İttifaqının tərkibinə qatılmış respublikaların çoxuna Rusiyanın geniş əraziləri bəxş edilib. Bu torpaqlar sovetlər dağılarkən geri qaytarılmayıb.” Şübhəsiz ki, buradaki hədəflərdən biri də Qazaxıstan idi. Sovetlər dağıldıqdan sonra Rusiya zaman-zaman Qazaxıstana qarşı əssassız iləri sürməkdə davam edir.
Kremlin paxıllığı və Türk qorxusu
Son zamanlar Qazaxıstanın Türk dövlətləri ilə iqtisadi və siyasi məsələrdə bir araya gəlməsi, eləcə də Ankaraya olan yaxınlıq Rusiyanı narahat edib. Aparılan dil islahatları ilə yanaşı bir sıra milliləşdirmə islahatları Qazaxıstanın Rusiyadan uzaqlaşmaq istəməsinin göstəricisidir. Rusiya isə hegemonluğunu qoruyub saxlamaq üçün bütün sovetlərdən ayrılan ölkələr üzərində var gücü ilə hər zaman çalışıb. Gücünün çatmadığında isə fitnə ilə sözügedən ölkələrin daxilində qarşıqlıqlar salaraq sonradan özünü xilasedici kimi təqdim edib. Bu, Rusiyanın ənənəvi siyasətidir. Necə ki, həmin planını Ukrayna və Gürcüstan üzərində də zamanında tətbiq etdi. Görünən növbəti hədəfi Türk Birliyinin öncülərindən olan, günü-gündən öz kimliyinə surətlə yaxınlaşan Qazaxıstandır.
Ümid edirik ki, Qazaxıstan hakimiyyəti ən qısa zamanda xalqın tələblərini diqqətə alaraq islahatlara gedəcəkdir və KTMT də gəldiyi kimi geri qayıdacaqdır./legitim.az/
Millət